SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamenti “şəkər biznesi kralı” Məkarim Şirazinin monopolist əməlləri barədə yazı yayımlayıb

2021.10.20, 07:36
ABŞ Dövlət Departamenti “şəkər biznesi kralı” Məkarim Şirazinin monopolist əməlləri barədə yazı yayımlayıb

Gunaz.tv

GünAz: Amerika Dövlət Departamenti beynəlxalq korrupsiya ilə mübarizə günü münasibəti ilə öz rəsmi twitter hesabında silsilə yazılar paylaşmağa davam edir. Bu yazılarda İran rəsmilərinin və ölkənin müxtəlif dövlət qurumlarının korrupsioner fəaliyyəti ilə bağlı məlumatlara yer verilir.

 

Bu dəfəki yazı iranlı müctəhid ayətullah Nasir Məkarim Şirazinin monopolist fəaliyyətlərinə həsr edilib: “Təəssüf ki, korrupsiya ilə mübarizə günü iranlılara dövlətlərinin iki üzlü korrupsionerlərdən ibarət olduğunu bir daha xatırladır. Ayətullah Məkarim Şirazini tanıyın: Şəkər kralı. O, İran bazarlarında özünün idxal etdiyi baha qiymətli şəkər satmaqla iranlıların işsiz qalmasına səbəb olub, özü isə milyonlarla dollar mənfəət əldə edib.”- deyə twitterdə yayımlanan yazıda vurğulanır.

 

Qum müctəhidlərindən olan ayətullah Nasir Məkarim Şirazi həm də öz şəkər biznesinə görə ölkədə “şəkər kralı” kimi məşhurlaşıb.

 

“Amerikanın səsi” televiziyasının məlumatına görə, İranda islam inqilabının qələbəsindən sonra şəkər istehsalı ilə məşğul olan zavodların əksəriyyəti ya dövlət rəsmilərinin, ya da ayətullah Məkarim Şirazinin yaxınlarına həvalə edilib. Məkarim Şirazi Prezident Mahmud Əhmədinejadın dövründə dövlətə təzyiq göstərərək, ölkə daxilində şəkər istehsalının dayandırılmasına nail ola bilmişdi. Belə ki, 2006-cı ildə dövlətin verdiyi qərara əsasən, azad ticari rəqabət elan edildi və ölkə daxilində şəkər istehsalı ilə məşğul olan şəxslərə dövlət tərəfindən ödənilən subsidiyalar ləğv edildi.

 

Xatırladaq ki, İranda ölkə daxilində istehsal edilən şəkər xaricdən idxal edilən şəkərdən baha başa gəldiyi üçün dövlət hər il bu sektorda fəaliyyət göstərən sahibkarlara subsidiyalar ayırırdı. Bununla da ölkəyə şəkər idxalı ilə məşğul olan ayətullahın oğlu Məhəmməd Əli və Damadı Cavad Müdəlləlin rəqibləri aradan qalxmış, ölkə daxilində şəkər istehsal edən zavodlar bağlanmış və onlarla insan işsiz qalmışdı. Məkarim Şirazinin ölkə daxilindəki zavodların bağlanması üçün təlaşla çalışmasının səbəbi daxili istehsalın idxal edilən məhsuldan daha baha başa gəlməsinə görə idi. Ölkənin yalnız idxal edilən məhsula ehtiyac edilməsi ayətullaha ucuz qiymətə alıb, baha satdığı şəkər hesabına böyük mənfəət qazandırıb.

 

Digər tərəfdən İranda qanunlarına əsasən, şəkər strateji məhsullardan hesab edildiyinə görə, onun satışı ilə yalnız İran Dövlət Ticarət Şirkətinin Kənd Təsərrüfatı Nazirliyinin icazəsi əsasında verdiyi lisenziya ilə həyata keçirilə bilər. Bu isə bir daha təsdiq edir ki, Məkarim Şirazinin yaxınları kimi şəxslər dövlətin verdiyi lisenziya ilə bu ticarətlə məşğul olub. Onların monopolist fəaliyyətləri nəticəsində ölkə daxilində müəssisələr bağlanıb və onlarla iranlı işsiz qalıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar