SON XƏBƏRLƏR

“ABŞ-İRAN MÜHARİBƏSİ QAÇILMAZDIR”

2021.10.20, 07:36
“ABŞ-İRAN MÜHARİBƏSİ QAÇILMAZDIR”

Gunaz.tv
Vəfa Quluzadə: “Ağ Evdə düşünürlər ki, Tehran nüvə silahı yaratmamış ona hücum etmək lazımdır” İran ətrafında hərbi əməliyyatların başlayacağı ilə bağlı narahatlıq yenidən dünyanın gündəminə çıxıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Məhəmməd əl-Baradeyi İrana hücum olacağı təqdirdə istefa verəcəyi ilə bağlı bəyanat verib. Hərbi əməliyyatlara start veriləcəyi təqdirdə regionun qaynar qazana çevriləcəyini bildirən MAQATE rəhbərinin bu açıqlaması təhlükənin real olduğunu deməyə əsas verir. Qeyd edək ki, son günlər İrana qarşı hərbi əməliyyatların başlayacağı daha çox inandırıcı görünür. Amerika prezidenti Corc Buşun Avropa turnesinə çıxarkən görüşlərdə İran məsələsinə xüsusi diqqət ayırması da təhlükənin reallığından xəbər verən amil kimi dəyərləndirilir. Tehran rəsmilərinin Buşun bu səfərindən sonra İranın Avropadakı banklardan 75 milyard dollar vəsaitini çıxardığı barədəki açıqlaması, həmçinin Böyük Britaniyanın İran banklarına qarşı sanksiyalar tətbiq etməsi vəziyyətin gərginləşdiyinə işarədir. Onu da qeyd edək ki, ABŞ İranın nüvə silahının hazırlanması istiqamətində gizli proqram həyata keçirdiyini bəyan edib. Həmçinin Pentaqonda İrana qarşı hərbi əməliyyat planının hazırlanması haqda xəbərlər mütəmadi olaraq mətbuata çıxır. Bir müddət öncə İsrailin İrana aviazərbələr endirəcəyi barədə məlumatlar MAQATE rəhbərinin açıqlamasının təsadüfi olmadığını söyləməyə əsas yaradır. Politoloq Vəfa Quluzadə bildirir ki, İran ətrafında təhlükə kifayət qədər realdır: “İrana qarşı müharibə həmişə gündəmdədir. Çünki siyasətlər bir-birinə tam ziddir. Belə vəziyyət isə bu gün-sabah müharibə ilə bitə bilər”. Politoloq regionun qaynar qazana çevrilməsinin də Amerika üçün əhəmiyyət daşımadığını vurğuladı: “Söhbət ondan gedir ki, bizim bölgə qaynar qazana çevriləcək, Amerikanın bölgəsi yox. Bu, çox təhlükəli məsələdir, amma ona təsir etmək imkanımız yoxdur. Digər dövlətlərin də heç biri Amerika çəkisində deyil ki, ona təsir edə bilsin. Dünyada balans olan vaxtlarda SSRİ məsələni BMT-də qoyur, yaxud da ”nüvə həyəcanı" elan edirdi. Onda da Amerika geri çəkilirdi. İndi Rusiya artıq Amerikaya bərabər qüvvə deyil. Ona görə də Amerika bildiyini edir". V.Quluzadə bildirdi ki, Amerikanın öz planlarını nəyə hesabladığını hələ heç kim bilmir: “Bəzən belə tənqidlər səslənir ki, Amerika İraqda səhvlər buraxıb. Amma o səhvlərin nədən ibarət olduğu deyilmir. Bəlkə Amerika hesab edir ki, belə də olmalıdır?! İraqda istəyinə çatan Amerika indi də İranı siyasi xəritədən götürmək istəyir. Bilmək gərəkdir ki, Amerikanın hesablamaları başqadır”. Politoloqun fikrincə, İraq əməliyyatlarına baxanda ABŞ-ın İranla ziddiyyəti İraqdan daha çox başadüşüləndir: “Amerikanın İranla bağlı müharibədən başqa variantı yoxdur. Çünki İrandakı rejim çox güclüdür və Amerikaya təslim olan deyil. Tehran etiraf etməsə də nüvə silahı yaratmaq iqtidarına yaxınlaşır. Amerika da düşünür ki, İran nüvə silahı əldə edəndən sonra onunla müharibə etməkdənsə indi etmək daha yaxşıdır”. V.Quluzadə müharibə başlayacağı təqdirdə neftin 500 dollara qalxa biləcəyi barədə ekspertlərin fikirlərinin də bu əməliyyatları əngəlləyə bilməyəcəyini düşünür: “Ola bilsin neft qısa müddət üçün 500 dollara qalxsın. Ancaq sonra bu qiymət 15 dollara da düşə bilər. Amerika İran neftini məhv etmir ki... Əksinə, bu əməliyyatlar nəticəsində ABŞ İran neftinə də sahib olacaq. Bu mənada müharibə hər an gözləniləndir”. Cavid TURAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar