SON XƏBƏRLƏR

ABŞ RUSIYANI TƏNQID EDIB

2021.10.20, 07:36
ABŞ RUSIYANI TƏNQID EDIB

Gunaz.tv
ABŞ RUSIYANI TƏNQID EDIB 20080508130756_1.jpg ABŞ konqresinin nümayəndələr palatası Rusiyanın Gürcüstan ərazisindəki tanınmamış respublikalarla əlaqələr qurmaq niyyətini kəskin pisləyən qətnamə qəbul edib. Palata rəsmi Moskvanın addımlarını Gürcüstanın ərazi bütövlüyünü pozan təhlükəli hərəkət adlandırıb. Xatırladaq ki, aprelin 16-sı prezident V. Putin göstəriş verərək tanınmamış Abxaziya və Cənubi Osetiya ilə iqtisadi və humanitar əlaqələri artırmağı tapşırıb. Gürcü rəsmiləri isə bunu Gürcüstanın ərazi bütövlüyünə müdaxilə kimi qələmə veriblər. Sənədin həmmüəllifləri kimi 25 konqresmen çıxış edib. Onlar arasında həm respublikaçılar, həm də demokratlar var. Qətnamənin əleyhinə 23, lehinə isə 390 palata üzvü səs verib. Sənəddə Mixail Saakaşvilinin tanınmamış respublikalara Gürcüstan daxilində geniş muxtariyyət verilməsi təklifi dəstəklənir və bildirilir ki, rəsmi Moskvanın hazırki addımları Gürcüstanın regiondakı sülhməramlı tədbirlərini səmərəsiz edir. Nümayəndələr platası Rusiyadan tələb edib ki, Gürcüstanın ərazi bütövlüyünün pozulması istiqamətində addımlardan əl çəksin və münaqişələrin sülh yolu ilə həll olunması prosesi üzərində işləsin. BMT baş katibinə isə müraciət olunur ki, tanınmamış Abxaziya üzərində Gürcüstana məxsus pilotsuz təyyarənin vurulması geniş araşdırılsın. Nümayəndələr palatasının qəbul etdiyi qətnaməyə artıq dövlət departamenti də münasibət bilidirib. Departamentin sözçüsü Dana Perino bildirib ki, belə bir kəskin qərarın qəbul ediləcəyini gözləmək olardı. Çünki hazırda gürcü-abxaz regionunda baş verən hadisələr heç də ürəkaçan deyil. O əlavə edib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ABŞ prezidenti Corc Buşun Rusiyanın yeni seçilmiş prezidenti ilə telefonla müzakirə etməsi gözlənilir. Dana Perino həmçinin bildirib ki, Rusiyanın qərarını dəyişməsi münaqişə bölgəsində gərginliyi azalda bilər. O, rəsmi Tiflisə təmkin nümayiş etdirməyi də məsləhət görüb. Gürcüstan ərazisində münaqişə ocaqlarında vəziyyətin gərginləşməsi Avropa parlamentinin qapalı keçirilən iclasında da müzakirə ediləcək. Məsələ ilə bağlı qətnamə layihəsi bir neçə bəndən ibarətdir. Rəsmi Tiflisin tanınmamış Abxaziya və Cənubi Osetiya, eləcə də Rusiya ilə münasibətlərini özündə əks etdirən sənədi aprelin sonu Gürcüstanda olan qurumun monitorinq qrupu hazırlayıb. Sənəddə xüsusi vurğulanır ki, Avropa Birliyi münaqişə regionunda vəziyyətin sabitləşməsi üçün səylərini aktivləşdirməli və bu regionda insan hüquqlarının pozulmasının qarşısını almalıdır. Gərginləşən Rusiya-Gürcüstan münasibətləri bu gün Tiflisə səfər edəcək Avropa İttifaqı "üçlüyü"nün gürcü rəsmiləri ilə əsas müzakirə mövzusu olacaq. Avropa Komissiyasının Gürcüstan nümayəndəliyindən verilən məlumata görə, “üçlüyün” tərkibinə Avropa İttifaqına hazırda sədrlik edən Sloveniyanın və gələcəkdə sədrlik edəcək Fransa siyasi direktorları, Avropa Komissiyasının nümayəndələri, həmçinin, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi daxildir . “Üçlük” Gürcüstan rəhbərliyinin nümayəndələri ilə görüşlər keçirəcək. Səfər günü xüsusi mətbuat konfransının keçirilməsi planlaşdırılır. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar