SON XƏBƏRLƏR

ABXAZİYANI TƏSİR ZONALARINA BÖLMƏK İDEYASI?

2021.10.20, 07:36
ABXAZİYANI TƏSİR ZONALARINA BÖLMƏK İDEYASI?

Gunaz.tv
ABXAZİYANI TƏSİR ZONALARINA BÖLMƏK İDEYASI? 33822_1 Fikir ortaya atılır, sonra hər iki tərəf onu təkzib edir İ.BALIOĞLU Güney Qafqazda üç iri separatçılıq bölgəsindən biri - Rusiya və Gürcüstan arasında yerləşən Abxaziyanın təsir zonalarına bölünməsi barədə fikir son günün ən diqqəti çəkən xəbərlərindən oldu. Bu ideyanın ortaya atılmasından dərhal sonra marağı olan tərəflərin onu təkzib etməyə qalxışması da gözdən qaçmadı. Nə baş verir? - özlüyündə maraqlı sualdır. Əgər geriyə qayıtsaq, XIX yüzildə İran və Çinin o çağın nəhəng imperiyaları sayılan Rusiya və Britaniya arasında təsir zonalarına bölündüyünün təfsilatını tarixdən bilirik, lakin balaca Abxaziyanın - Gürcüstanın dünya birliyi tərəfindən tanınmış ərazisinin bizim günlərdə başqa bir dövlətlə şərikli "təsir zonaları"na nə cür bölünə biləcəyi qəribə görünürdü. Belə ki, dünən elan edildi ki, Gürcüstan Rusiyaya gürcü-abxaz konfliktinin həlli yolunda təkliflər paketi verib və bu təkliflərin arasında Abxaziyanı bu iki dövlət arasında təsir zonalarına bölmək başlıca yer tutur. Guya ki, Rusiyaya "təsir zonası"nda böyük pay, Gürcüstana kiçik pay verilir, bir şərtlə ki, Gürcüstanın Abxaziya üzərində suverenliyi formal olaraq bərpa edilsin. Plana görə, iki təsir zonası arasında hüdud Kodori çayıdır (indi İnquri çayından keçir). Oçamçiri və Qali rayonları Gürcüstanın nəzarətinə keçir və qaçqınlar bu rayonlara qayıdırlar. Bu rayonda rusiyalı sülhyaradıcıları qarışıq gürcü-abxaz bölmələri əvəz edir. Kodori çayından şimaldakı ərazilərə isə qaçqınların qayıtmasında Tbilisi təkid etmir. Bundan başqa, Abxaziyanın şimal bölgəsində Rusiyanın hərbi mövcudiyyətinə Tbilisi etiraz etməyəcək, Rusiya kapitalının bu bölgədə aktivlər alması ilə də barışılır. Plana görə, Abxaziya formal olaraq Gürcüstanın tərkibində geniş muxtariyyət alır, faktik olaraq isə, onun şimalı müstəqil olur. Başqa sözlə, bu sövdələşmədə tərəflərin hamısı öz simasını qoruyub saxlayır. Belə bir fikir var ki, bu planı Sergey Baqaşp və Gürcüstanın BMT-dəki nümayəndəsi İrakli Alasaniya müzakirə ediblər. Rəsmi açıqlamalarda isə abxaz liderləri "Gürcüstanın tərkibində muxtar statusun onları təmin etmədiyi"ni deyirlər. Yayılan xəbərlərdə deyilirdi ki, Sergey Baqaşp təcili olaraq Moskvaya çağırılıb və bu plan onunla Kremldə ən yüksək səviyyədə müzakirə edilib. "Ən yüksək səviyyə" isə o demək idi ki, Moskvada bu plana çox ciddi yanaşıblar, əgər nəzərə alınsa ki, bu bölgə Soçiyə - gələcək Olimpiya paytaxtına bitişikdir, buna, bəlkə də, təəccüblənmək lazım deyil. Dünən aradan bir neçə saat keçmiş Gürcüstan rəsmən açıqlama verərək xəbəri "şayiə" adlandırdı. Abxaz tərəfi "sayıqlama" kəlməsi işlətdi. Rusiya tərəfi "şüurlu şəkildə sızdırılmış informasiya" söz birləşməsinə əl atdı. Amma ortada nəsə var. Hər halda, sirr olmaqdan çıxan budur ki, BMT-də "baş katibin dostları" qrupu Gürcüstan üzrə bu məsələdə bir tənzim planı işləyib hazırlayıb. Onun mahiyyəti barədə rəsmən açıqlama vermirlər. "İnterfaks" da öz növbəsində RF hökumətindəki qaynağa istinadən, müvafiq planın varlığını təsdiqləyən, lakin onun mahiyyətini şərh etməyən bir xəbər yaymışdı. Son olaraq RF XİN bəyanat yayaraq "plan"ın Rusiyaya təzyiq göstərməyə yönəlik olduğunu bildirdi. Bəyanatda deyilirdi: "Elə təəssürat yaranır ki, informasiyanın şüurlu şəkildə sızdırılması ictimai fikri "baş katibin dostları" qrupunun müəyyən qərarlarına hazırlamağa yönəldilmişdir və ona köklənib ki, qarşıdakı iclasın iştirakçılarına, ilk öncə Rusiyaya təzyiq göstərilsin. Çətin ki, bu hal işin mənafeyinə kömək etsin". Rusları narahat edən odur ki, bu plan nə cür olub mətbuata sızdırılıb. O da bildirilir ki, bu plan iyunun 30-da Berlində "baş katibin dostları" qrupunun toplantısında müzakirə ediləcəkdir. Çox şey, bəlkə, həmin gün bəlli oldu. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar