Türk adına görə kimlik bəlgəsi verilməyən təbrizli qızcığaz “Yağış”ın atası Babək Qabilnəjad Sərdəri problemlə bağlı özünün “Twitter” hesabında paylaşım edib.
Gunaz.tv
O yazıb: “Türk adlarının sənədləşdirilməsinə müxalif olan “Adların Qeydiyyatı Ali Şurası”na yazdım.
Yağış bu gün İranda bu adla sənəd almağı gözləyən yeganə qız uşağıdır. Ancaq arxayın ola bilərsiniz ki, gələn il yüzlərlə qız uşağı bu gözəl adda kimlik bəlgəsi almaq üçün sıraya düzüləcək.
Biz çoxalacayıq.”
#Yağış
#Anar
#Sevgi
#Ayıl
Qeyd edək ki, son vaxtlar güneyli “Ayıl”, “Anar”, “Sevgi” və “Atakan”nın valideynləri sosial şəbəkələrdə etdikləri paylaşımlarda və mətbuata verdikləri müsahibələrdə övladlarına türkcə ad seçdikləri üçün “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”ndən onlara kimlik bəlgəsi ala bilmədiklərini bildiriblər.
Onlar, məsulların “bu adların idarənin adlar siyahısında olmadığı və bu barədə verilən sərəncamlara uyğun gəlmədiyi üçün adları sənədləşdirməkdən imtina” etdiklərini deyiblər.
Bir sıra əlaqədar qurumlar və məsul şəxslər məsələ mətbuatda geniş yayıldıqından sonra reaksiya göstərməyə məcbur olublar. Onlar bu sahədə hər hansı problemin yolverilməz olduğunu, türk adlarına qarşı qadağaların olmadığını bildiriblər.
Ancaq problemin davam etdiyi barədə faktlar məsulların açıqlamalarında səmimi olmadıqlarını göstərir.
Kimlik sənədi olmayan uşaq bütün ictimai, tibbi, təhsil və b. xidmətlərdən, o cümlədən ən ilkin hüququ olan peyvən vurulmasından məhrum olur. Eyni halda, siğorta və müalicə kitabçası olmadığı üçün müayinə, müalicə, dərman və başqa xidmətlər azad qiymətlərlə hesablanır. Bu ölkədə infliyasiyanın hökm sürdüyü şərayitdə valideynlərin övladlarına vaxtında yetərli qayğı göstərə bilməsinə əngəl törədir.
Dünyaya gələn hər bir uşağın ada malik olması İranında imzaladığı “Uşaq Hüquqları Konvensiyası”nın ilkin prinsiplərindəndir. Ancaq İran hökuməti ardıcıl olaraq bu öhdəliyi yerinə yetirməkdən imtina edib və imzaladığı razılaşmaya əməl etmir.
C.E