SON XƏBƏRLƏR

Bakıda “Urmiya gölünün harayı” adlı “dəyirmi masa” keçirilib

2022.11.30, 14:35
Bakıda “Urmiya gölünün harayı” adlı “dəyirmi masa” keçirilib

Gunaz.tv

Toplantıda Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları müdafiəçisi, "Ərk" İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli, Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi, yerli ekspert və akademik icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə Güney Azərbaycanda baş verən ekoloji, etnik və mədəni diskriminasiyaya qarşı fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb.

“Dəyirmi masa”da çıxış edən Jalə Təbrizli vurğulayıb ki, Urmiya gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir: “Urmiya gölünün qurumasının hamı üçün ziyanı var”.

O bildirib ki, BMT-də, UNESCO-da Urmiyə gölünün qurumasının qarşısının alınması üçün vəsait ayrılmasına dair məsələ qaldırıblar: “İran həmin vəsaiti özü üçün xərclədi. Ancaq gölün quruması üçün heç bir vəsait xərcləmədi. Urmiya gölünün quruması Azərbaycana qarşı ayrı-seçkilikdir. İranda bir nəfər yoxdur ki, desin ki, mən buna görə məsuliyyət daşıyıram. Hazırda gölün 95 faizi quruyub.

Urmiya gölünün ətrafında yaşayan 14 milyon insan oradan köçürülməlidir. Çünki orada xəstəliklər yayılır”.

Təbrizli hüquq müdafiəçisi İranda türk qadınların zülm gördüyünü, uşaqların ana dilində təhsil ala bilmədiyini xüsusi qeyd edib: “İranda bizim qadınlarımız uzun müddətdir ki, zülmə məruz qalırlar. Oradakı İslam rejimi qadın haqlarına hörmət etmir. Qadına kişinin yarısı kimi münasibət göstərilir. Baş örtüyü məcburidir. 

Xüsusən də türk olan qadınlar həm qadın, həm də türk olduqları üçün milli, dini, irqi ayrı-seçkiliyə məruz qalırlar. Bundan başqa, uşaqlarımız ana dilində təhsil ala bilmir. Hər uşaq məktəbə gedəndə sevinər, amma bizim uşaqlarımız ağlayırlar. Çünki müəllimin dilini bilmirlər. Bu səbəbdən də çoxları savadsız qalır”.

Maşallah Rəzmi isə çıxışı zamanı qeyd edib ki, İranda Azərbaycan türklərinin tarixini təhrif edirlər, ayrı cür yazırlar: “Mədəniyyətimizi də məhv edirlər. Oradakı siyasət türk millətini yox olmağa doğru aparır”.

Onun sözlərinə görə, bu gün Urmiya gölündə ekoloji fəlakət yaşanır: “Urmiya gölünün Azərbaycana həyati yaşam mənası var. Bu gölün ətrafında 14 milyon insan yaşayır. Hazırda gölün 95 faizi qoruyub. Keçmişdə həmin göl vasitəsilə yüklər daşınırdı”.

Güneyli hüquq müdafiəçisi Təbrizin iqtisadi durumunun pisləşdiyini də bildirib: “Qeyd edim ki, Pəhləvi dövründə, İslam inqilabına qədər Təbriz ölkədə 5-ci yerdə indi. Ancaq indi Təbriz ölkədə iqtisadi durumuna görə 11-ci şəhərdir.100 ildə Təbrizi 11-ci sıraya salıblar. Təbriz yaxınlığında "Əndəryan" qızıl mədəni yerləşir. Bu, Yaxın Şərqdə ən böyük qızıl mədənidir. İran Rusiya ilə müqavilə bağlayaraq bu yatağı istismar edir. 

Ordan nə qədər qızıl çıxarıldığı və gəlirinin hara getdiyi haqda xalqa hesabat verilmir. İkinci bir yataq "Süngün" mis mədənidir. Bu da ikinci ən böyük mis mədənidir. Burdan çıxarılan mis ya Kirmana aparılır, ya da Çinə ixrac edilir. Sərvətlərimiz talanır və xalqa heç bir açıqlama verilmir".

Tədbir daha sonra sual-cavab şəklində davam etdirilib. (report)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar