SON XƏBƏRLƏR

Altayşünasların Buxarest Forumu_K. V. NƏRİMANOĞLU

2021.10.20, 07:36
Altayşünasların Buxarest Forumu_K. V. NƏRİMANOĞLU

Gunaz.tv
Altayşünasların Buxarest Forumu kamil_15097.jpg K. V. NƏRİMANOĞLU 150 ildən artıq yaşı olan altayşünaslıq türk, tunqus-mancur, monqol, eləcə də Ural-altay müstəvisində macar, fin, Koreya, yapon və s. dillərin qohumluq (və yaxud qeyri-qohumluq, yaxud tipoloji uyğunluq) problemlərini, eləcə də bu xalqların folklor, etnoqrafiya, tarix, fəlsəfə, inanc... məsələlərini öyrənir. Altay xalqlarının qohumluğunu qəbul edən (Bladimirtsov, Ramsted, Rəsənen, Barkarov, Sunik...) və qəbul etməyən (Klouson, Dörfer, Şerbak, F.Zeynalov...) kimi alimlər çox dəyərli araşdırmalar aparmış, bu dillərin fonetik, leksik və qrammatik özəlliklərini dərindən təhlil etmişlər. Bu araşdırmalar nəticədən, yəni Altay dillərinin qohumluğunu qəbul edib-etməməkdən asılı olmayaraq, turkologiya (sözün geniş mənasında altayşünaslıq və ya altaistika) üçün dəyərlidir. Yayılan yüzlərlə monoqrafiya və məqalə altayşünaslığın qızıl fondunu təşkil edir. Azərbaycan alimlərindən Ə.Abdullayev, F.Zeynalov, V.Aslanov, A.Məmmədov, R.Vəli və s. bu istiqamətdə məqalələr yazıb və həmin problem üzrə keçirilən PİAK (Permanent İnternational Altaistic Conference - Beynəlxalq fasiləsiz Altayşünaslıq konfransı) tədbirlərində iştirak etmişlər. PİAK-ın 51-ci konfransı iyulun 27-si və avqustun 1-də Rumıniya paytaxtı Buxarestdə 51-ci tədbirini keçirdi. Konqresin mövzusu Altay xalqlarında yol və səyahət idi. Bu böyük elmi məclisdə ABŞ-dan, Türkiyədən, Almaniyadan, Rusiyadan, Fransadan, İtaliyadan, Yaponiyadan, Monqolustandan, Polşadan, Rumıniyadan, Çindən və s. ölkələrdən 70-ə qədər elm adamı təmsil olunurdu. Azərbaycanı və çalışdığım İstanbul Yedditəpə Universitetini biz təmsil edirdik. PİAK-ın rəsmi dilləri ingiliscə, rusca, fransızca və almancadır. Plenar iclasında biz türklərin 250 milyonluq Türk Dünyasının dili olduğu üçün çıxışların türkcə də olmasının zəruriliyini irəli sürdük. Baş katib Barbara Kleiner - Heinkele bunu məqbul saydı, ancaq alman, fransız, rus dillərinin, yanında da ingiliscəyə üstünlük verilməsini xahiş etdi. Konfransın monolitliyi üçün zəruri olsa da, nümayəndələrin bir çoxu türkcə məruzə etdi. Artıq Avropa Birliyi ölkəsi olan və keçmiş sosialist düşərgənin geridə qalmış ölkələrindən sayılan Rumıniya tanınmaz dərəcədə dəyişmişdi. Şəhərin səliqə-səhmanı, sosial əhval-ruhiyyə, demokratik ab-hava açıq-aydın duyulurdu ki, bu da bizi ürəkdən sevindirdi. Yol qaydalarından hüquq sisteminə qədər standartların Avropalaşdırma prosesi sürətlə gedir və biz inanırıq ki, Rumıniya yaxın gələcəkdə Avropa məkanının tərkib hissəsi kimi böyük uğurlar qazanacaq. Yeri gəlmişkən, Rumıniyada Azərbaycan səfirliyinin fəaliyyətinin yüksək səviyyəsi ilə seçildiyini Azərbaycan vətəndaşı kimi fəxrlə qeyd etmək istərdik. Konfransın işində səfirliyimizin konsulu Anar Əcəmov və mədəniyyət işləri üzrə katib Samir Məlikli kifayət qədər fəal iştirak etdilər və Azərbaycanı təbliğ edən 20-yə qədər qiymətli kitabı (Rumın dilində, M.Füzuli, "Kitabi - Dədə Qorqud", B.Vahabzadənin əsərləri, eləcə də rumınca "Qurani-Kərim", Azərbaycan tanıtma kitablarını) qonaqlara təqdim etdilər. Konfrans nümayəndələri Buxarestin mərkəzində 8,5 hektar sahəni əhatə edən H.Əliyev parkını ziyarət etdilər. Azərbaycanın bir hissəsi kimi Tel gölünün bu sahilində gözəlliyi və möhtəşəmliyi ilə cənnəti xatırladan bu park bir azərbaycanlı kimi məndə qürur hissi oyatdı. Yaxın illərə qədər erməni lobbisinin at oynatdığı və Qriqoryan xristian təriqətinin mərkəzi olan Buxarestdə uydurma erməni soyqırımı, eləcə də Azərbaycan torpaqlarının erməni işğalına qarşı təbliğat kampaniyasının səviyyəsi və miqyası məni ürəkdən sevindirdi. Kaş xaricdə Azərbaycan həqiqətinin təbliği, mədəniyyətimizin təsdiqi Rumıniya, Macarıstan, Özbəkistan, Ukrayna səfirliklərmiz səviyyəsində olaydı... Konfransda görkəmli alimlər - B.Kleiner - Heinkelenin (Almaniya), R.Popun (Rumıniya), E.Troyarskinin (Polşa), L.Karahanın (Türkiyə), T.Hacıyevanın (Moskva), H.Suvingin (Çin), R.Hamayonun (Fransa), S.İ.Kedanın (Yaponiya), F.Qəniyevin (Kazan) A.Girfanonanın (Sankt-Peterburq), D.Dumravanın (İtaliya) və başqalarının məruzələri yüksək elmi səviyyəsi ilə diqqəti cəlb etdi. Biz "Marko Polo türk xalqları və Azərbaycan" adlı məruzə ilə çıxış etdik. Məruzə diskussiyaya səbəb oldu və maraqla qarşılandı. PİAK-ın 51-ci toplantısında təşkilatın ənənəvi qızıl medalı almaniyalı altayşünas-alim Klaus-Zakas Karaya verildi. İştirakçılara xatirə nişanı təqdim edildi. Konfransın fəxri sədri, qocaman altayşünas Denis Sinora təbrik məktubu göndərdi və PİAK-ın 52-ci toplantısının Çində keçirilməsi qərarlaşdırıldı. Uğurla keçən böyük elmi konfrans dostluğun, elmi əməkdaşlığın, insanlıq naminə dialoqun və qloballaşan dünyada birgə elmi fəaliyyətin uğurunu bir daha təsdiq etdi. Kamil Vəli NƏRİMANOĞLU 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar