SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti: İranda ən böyük korrupsionerlərdən biri ayətullah Xameneidir

2021.10.20, 07:36
Amerika Dövlət Departamenti: İranda ən böyük korrupsionerlərdən biri ayətullah Xameneidir

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti dünən beynəlxalq korrupsiya ilə mübarizə günündə öz rəsmi twitter hesabında İran rəsmilərinin sərvəti və dövlət orqanlarının korrupsioner əməlləri barədə yazı yayımlayıb.

 

Yazıda qeyd edilir ki, “bu gün beynəlxalq korrupsiya ilə mübarizə günüdür. İran xalqına görə təəssüf hissi duyaraq, bildiririk ki, onların dövləti riyakar rüşvətxorlarla doludur. Onlardan biri dəyəri milyardlarla dollar olan vergidən azad olunmuş fonda sahib ayətullah Xameneidir.”

 

ABŞ Dövlət Departamentinin vurğuladığı fond “İmamın əmrinin icraiyyə mərkəzi” adlı qurumdur. “Reuters” agentliyinin məlumatına görə, bu qurum birbaşa olaraq İranın ali dini lideri ayətullah Seyid Əli Xameneinin nəzarəti altında fəaliyyət göstərir.

 

Yazının digər qismində ali dini liderin korrupsioner əməllərinə bir daha toxunulur: “Müqəddəs insan hesab edilən o, dini azlıqların mülkiyyətini sovurub, nağd pulu Sepaha verir.”

 

 

Qeyd edək ki, hər ilin 9 dekabrı Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq korrupsiya ilə mübarizə günü kimi elan edilib və bu tarixdə bütün ölkələrdən bu istiqamətdə zəruri addımların atılması istənilir.

 

İran rəsmilərinin korrupsioner əməlləri hər zaman beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Rüşvətxorluq, çirkli pulların yuyulması və digər qeyri-qanuni yollarla xalqdan milyardlarla dollar pulu mənimsəyən iranlı rəsmilər bu vəsaiti müxtəlif terror təşkilatlarının maliyyələşdirilməsinə, eləcə də Bəşər Əsəd hakimiyyətinin qorunub-saxlanılmasına xərcləyir. Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo “Voa Persian” ilə  müsahibəsi zamanı İranın terror qruplaşmalarına göstərdiyi dəstək barədə məlumat verərək, iranlı rəsmilərə bildirmişdi: “Xalqınızın pulunu qarət etməyin! Xalqınızın pulunu Suriya, Yəmən, Livan və digər yerlərdəki macəralarınız üçün hədər etməyin!”

 

Pompey ötən ay öz twitter hesabında da İran siyasi elitasının korrupsioner əməllərinə toxunaraq, bildirmişdi ki, “İran xalqı təqribən 40 illik müddətdə səriştəsiz idarəetmə və korrupsiya səbəbindən çox böyük ziyan görüb” və “Amerika Birləşmiş Ştatları İran xalqının yanındadır.”

 

 

Ötən il isə ABŞ-ın Nümayəndələr Palatası “İranın rəhbər şəxslərinin mülkiyyətinin şəffaflığı” başlıqlı qanun layihəsi qəbul etmişdi. Qanun layihəsinin rəhbəri demişdi ki, “İranın rəhbər şəxsləri və hərbi fiqurlarından 70-80 nəfərinin bütün iqtisadiyyatın 1/3-nü öz əllərində cəmləşdirdiyi barədə bizdə məlumatlar var. Onlar bu yolla böyük miqdarda sərvət yığıblar.” İranlıları rəsmilərin bu var-dövləti hansı üsulla toplamasına gəldikdə isə o, bildirmişdi ki, bu yolda onlar “ali lideri tərəfindən kasıblara yardım məqsədi ilə təsis olunmuş, amma hazırda İranda mülk qəsbkarlığı ilə məşğul olan imperatorluğa çevrilmiş təşkilat”dan faydalanırlar.

 

Ə.A

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar