SON XƏBƏRLƏR

Amerika: "Gələn ilin xarici köməklər büdcəsinin bir hissəsi İranın təsirilə mübarizəyə üçün sərf ediləcək"

2021.10.20, 07:36
Amerika: "Gələn ilin xarici köməklər büdcəsinin bir hissəsi İranın təsirilə mübarizəyə üçün sərf ediləcək"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbərinin köməkçisi Devid Şanker ölkəsinin gələn il ayıracağı xarici köməklərin bir hissəsinin İranın Yaxın Şərq bölgəsindəki təsirlərini azaltmaq istiqamətində sərf ediləcəyini deyib.

 

Diplomat bildirib ki, mali köməklərin bir hissəsi İranın Yaxın Şərq regionunda, eləcə də Livan, İraq və Yəmən kimi ölkələrdə bu təsirlərinin aradan qaldırılması istiqamətində rəsmi Vaşinqtonun müttəfiqlərinə ayrılacaq.

 

Nümayəndələr Palatasının Xarici Siyasət Komissiyasına bağlı Yaxın Şərq və Afrika Məsələləri üzrə Komitədə keçirilən toplantıda çıxış edən Şanker maliyyə vəsaitlərinin hansı formada və hansı ölkələr arasında bölünəcəyini açıqlamayıb.

 

Onun sözlərinə görə, 6 milyard 600 milyon dollar civarında olacaq xarici yardımlar büdcəsi Donald Trampın istəyi ilə İranın təsirlərilə mübarizə, DAİŞ-in tam aradan qaldırılması, regionda təqib və repressiyalara məruz qalan milli azlıqlara dəstək, eləcə də regionda ABŞ-ın əsas müttəfiqlərini qorumaq və həssas həmkarlıqları sürdürmək kimi prioritetlərə dəstək üçün sərf ediləcək.

 

"İran qarşısında yürüdüləcək strategiya bu ölkənin terrorist və yaraqlı qruplaşmalara göstərdiyi dəstəklər kimi provokativ siyasətlərinin qarşısını almaqla, regionda sülh və əmin-amanlığı pozan təsirinin neytrallaşdırılması olacaq",- deyə Şanker vurğulayıb.

 

Amerikalı diplomat rəsmi Vaşinqtonun bu istiqamətdə əsas hədəfinin İranın təmsilçi müharibə aparan yaraqlı qruplaşmalarıyla əlaqələrini kəsmək olacağını deyib.

 

Diplomatın dediklərinə əsasən, ABŞ-ın öz mühüm tərəfdaşlarına yardım etməsilə həyata keçirilən strateji investisiya qoyuluşu, eləcə də fəal diplomatik, iqtisadi və təhlükəsizlik tədbirləri İran və onun İraq, Livan və Yəməndə olan təmsilçi yaraqlı qruplaşmaları üzərində qələbə çalmaq istiqamətində mühüm addım olacaq. Bu sahədə Vaşinqton gələn il Hizbullah və onun hamisilə mübarizə istiqamətində Livan ordusuna 50 milyon dollarlıq yardım etməyi planlaşdırır.

 

Şanker sonda yardımların bir hissəsinin İran xalqına dəstəyin artırılması istiqamətində xərclənəcəyini deyib. Lakin o, bu dəstəyin hansı formalarda həyata keçiriləcəyilə bağlı detallara toxunmayıb.

 

Qeyd etmək lazımdır ki, Donald Tramp administrasiyası 2020-ci ildə Yaxın Şərq regionuna ediləcək xarici yardımların 6 milyard 600 milyon dollar həcmində qəbul edilməsi üçün Konqresə müraciət edib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar