SON XƏBƏRLƏR

Amerika hökuməti Məhəmməd Səlasın edamını kəskin pisləyib

2021.10.20, 07:36
Amerika hökuməti Məhəmməd Səlasın edamını kəskin pisləyib

Gunaz.tv

GünAzTV: Amerikanın dövlət katibi Mayk Pompeo iyunun 18-də bəyanat yayaraq, İranda qapalı məhkəmədə ölüm cəzası alan dərviş Məhəmməd Səlasın tələsik şəkildə edam olunmasını kəskin pisləyib.

 

Bəyanatda bildirilir ki, Məhəmməd Səlasın rəhmsizcəsinə edamı tam ədalətsizlikdir və Amerika hökuməti İran rejiminin bu qərarını pisləyir: “Biz, uzunmüddət təzyiq altında saxlanılan və Qonabad sufi dərviş icmasının üzvlərindən olan Məhəmməd Səlasın İran rejimi tərəfindən edam olunmasını qınayır, bütün müttəfiqlərimizdən istəyirik ki, İran rejiminin bu ədalətsiz addımını pisləmək üçün bizə qoşulsunlar”.

 

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, Məhəmməd Səlas məhkəmədə yalançı etiraflar etməyə məcbur edilib: “Hadisənin əsas şahidləri, Məhəmməd Səlasın 3 polis əməkdaşının öldürülməsindən əvvəl polis tərəfindən həbs edildiyini sübut edə bilərdilər. Lakin onlar, şahid qismində məhkəməyə çağırılmadılar. Məhəmməd Səlasın ədalətsiz bir məhkəmədə edama məhkum olunması, onun apellyasiya şikayətinin təmin edilməməsi və dərvişin tələm-tələsik edam olunması, İran rejiminin insan hüquqlarına riayətlə bağlı üzərinə götürüyü beynəlxalq öhdəlikləri pozmasını göstərir”.

 

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert

 

Tehranda dörd ay əvvəl Qonabad dərvişlərinin dinc etirazında polis tərəfindən vəhşicəsinə döyülərək həbs edilən və 3 polisin qətlində günahlandırılan dərviş Məhəmməd Səlas iyunun 18-də Kərəcin Rəcayişəhr zindanında edam edilib. Edamdan sonra dərvişin cənazəsi ailəsinə təhvil verilmədən, həmin gün bir başa Brucerd şəhərinə aparılıb və təhlükəsizlik qüvvələrinin nəzarətində bir qəbiristanlıqda dəfn edilib.

 

Dörd ay əvvəl Tehranda hökumət qüvvələrinin dərvişlərin dinc etirazına qarşı kobud müdaxiləsində həbs edilmiş dərviş Məhəmməd Səlas, bir avtobusu hüquq-mühafizə qüvvələrinin üstünə sürməkdə və 3 polis əməkdaşının qətlində günahlandırılmışdı.

 

Dərvişin vəkili Zeynəb Tahiri, iyunun 17-də “Twitter” və “Teleqram” sosial şəbəkələrində yaydığı bir neçə postda müvəkkilinin günahsız olduğunu bildirərək, ona qarşı irəli sürülən ittihamların əsasız olduğunu, müvəkkilindən işgəncələr altında yalançı etiraflar alındığını bildirmişdi: “Mən uzun illər vəkillik etdiyim üçün qəti şəkildə və tam əminliklə bildirərəm ki, müvəkkilim günahsızdır. Bunu sübut etmək üçün əlimdə kifayət qədər dəlil-sübutlar var. Lakin müvəkkilimə qarşı edilən bu qədər zülmün, onun tələm-tələsik edam olunması üçün göstərilən cəhdlərin səbəbi mənə aydın deyil”.

 

Vəkil Zeynəb Tahiri və dərviş Məhəmməd Səlas

 

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı dinc dərvişlərin hökumət qüvvələri tərəfindən vəhşicəsinə döyüldüyünü görən naməlum bir şəxs, küçədə dayanmış bir avtobusu əli dəyənəkli hüquq-mühafizə əməkdaşlarının üstünə sürüb. Nəticədə, 3 polis və 1 “Bəsic” muzdlusu ölüb.  

 

Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilərək naməlum istiqamətə aparılıb. Hökumət qüvvələrinin iddiasına görə, dərviş Məhəmməd Səlas, polislərin üstünə sürülən avtobusun sürücüsü olub. O isə bunu təkzib edərək, işgəncələr altında ondan yalançı etiraflar alındığını bildirmişdi.

 

Məhəmməd Səlasın dəfn olunduğu yer

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar