SON XƏBƏRLƏR

Amerika: "İran hələ də dünyada ən pis terror dəstəkçisi olaraq qalır"

2021.10.20, 07:36
Amerika: "İran hələ də dünyada ən pis terror dəstəkçisi olaraq qalır"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti 2018-ci ildə terror fəaliyyətləri ilə bağlı hazırladığı yeni hesabatda İranın hələ də ən pis və ən böyük terror hamisi olduğunu bildirib.


Hesabatda sanksiyaların İranın terror fəaliyyətlərinin zərər görməsində ciddi effekt yaratdığı qeyd edilir. Bununla belə, İran rejimi regionda fəaliyyət göstərən, özünün təxribatçı və terror addımlarını həyata keçirən yaraqlı qruplaşmalara hər il təqribən 1 milyard dollar vəsait xərcləyir.


Dövlət Departamenti İranın əsas dəstəklədiyi qruplaşmalar kimi Amerika tərəfindən terror qruplaşmaları siyahısına daxil edilmiş Livanın Hizbullah, Fələstinin İslami Cihad və Həmas təşkilatlarının adlarını çəkib.


Departamentin terrorizmlə mübarizə üzrə kordinatoru Natan Sales qeyd edib ki, rəsmi Tehranın terror fəaliyyətləri təkcə Yaxın Şərq regionu ilə kifayətlənmir, bu, bütün dünyaya qarşı təhdiddir. Diplomat həmçinin qeyd edib ki, ölkəsinin maksimum təzyiq siyasəti nəticəsində İranın dəstəklədiyi qruplaşmalar ağır mali böhranla üzləşiblər. O, buna misal kimi bir neçə ay öncə Həsən Nəsrullahın insanlardan rəhbərlik etdiyi terror təşkilatına maddi yardım istəməsini göstərib.


ABŞ-ın Xarici Siyasət İdarəsi Avropa ölkələrinin də İran terroru ilə üz-üzə olduğunu vurğulayıb.


Hesabatda həmçinin İranın Almaniya, Fransa , Danimarka, Hollandiya və Belçikada həyata keçirdiyi və ya planlaşdırdığı terror hücumlar və bu planlarla əlaqəli həbs edilmiş casusları ilə bağlı faktlar da əks olunub. Əsas diqqət çəkilən məqamlardan biri isə İranın Əl-Qaidə terror təşkilatına göstərdiyi dəstəklər və bu qruplaşma ilə əlaqə şəxslərə Əfqanıstan və Suriyaya yönəlmiş terror hücumları planlaşdırmaq üçün fəaliyyət göstərmək üçün münbit şərait yaradılması və lazım olan maddi yardımların edilməsidir.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar