SON XƏBƏRLƏR

Amerika İrana bağlı “Kətaibul-Hizbullah” liderinə sanksiya tətbiq edib

2021.10.20, 07:36
Amerika İrana bağlı “Kətaibul-Hizbullah” liderinə sanksiya tətbiq edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti İrana bağlı “Kətaibul-Hizbullah” qruplaşmasının lideri Əhməd əl-Həmidəviyənin xüsusi terrorçular siyahısına salınması ilə bağlı qərar qəbul edib.

 

Bu barədə məlumat yayan Departamentin Terrorizmlə Mübarizə üzrə koordinatoru Natan Sales qeyd edib ki, Əhməd əl-Həmidəviyənin adının sözügedən siyahıya salınması və ona qarşı sanksiyaların tətbiq edilməsiylə bağlı qərarı Mayk Pompeo verib.

 

“İrana bağlı olan Kətaibul-Hizbullah qruplaşması İraqda terror fəaliyyəti ilə məşğuldur. Bu qərar sözegedən qruplaşmanın terror hücumlarını həyata keçirmək üçün ehtiyac duyduğu maddi vəsaitləri əldə etməsinin qarşısını almaq üçün qəbul edilib”, - deyə Natan Sales Vaşinqtonda keçirdiyi mətbuat konfransı zamanı əlavə edib.

 

Koordinator həmçinin həmin qruplaşmanın bir müddət öncə ölkəsi tərəfindən terror təşkilatı kimi tanındığını xatırladıb və yeni qərarın qruplaşmaya qarşı təzyiqləri artırmaq hədəfini güddüyünü deyib.

 

Mətbuat konfransında iştirak edən Dövlət Departamentinin Yaxın Şərq şöbəsinin rəhbəri Devid Şanker isə “Kətaibul-Hizbullah”ın İraqda keçirilmiş dinc etirazlar zamanı sivil xalqı qətliam etməsinə diqqət çəkib, eləcə də qruplaşmanın İrandan İraqa terrorizm və rüşvətxorluğun gətirilməsində aktiv rol oynadığını bildirib.

 

O, həmçinin bildirib ki, Pomepo iraqlı rəsmilərlə telefon əlaqələri zamanı daim rəsmi Vaşinqtonun bu ölkənin suverenliyinə hörmət etməsi ilə yanaşı, İraqda sülh və əmin-amanlığın bərqərar olmasını istədiyini bəyan edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar