Amerika Maliyyə Nazirliyi yanvarın 15-də bəyanat yayaraq Çin, Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən və İranın Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 7 şirkətə və 2 fiziki şəxsə qarşı sanksiya qoyduğunu bildirib.
Gunaz.tv
ABŞ-ın dövlət katibi Mayk Pompeo isə yaydığı bəyanatda deyib ki, sanksiyaya məruz qalan şirkətlər, Amerikanın İranın Gəmiçilik Şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları pozduqlarına görə, Amerika Maliyyə Nazirliyinin qara siyahısına salınıblar: “Sanksiyaya məruz qalan şirkətlər istər birbaşa, istərsə də dolayı yolla İrana silah-sursatın və bununla bağlı ehtiyat hissələrinin daşınmasına, satışında və ya hərbi avadanlıqların İrandan digər yerlərə nəqlində fəaliyyət göstəriblər.
Bununla da onlar İran rejimini silah-sursat, raket, hərbi dronlar və s. hərbi avadanlıqlarla təmin edərək, onun istər regionda, istərsə də dünyanın digər yerlərində terrorçuluqla bağlı fəaliyyətini davam etdirməsinə imkan yaradıblar”, -deyə, Mayk Pompeo bildirib.
Amerika Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, İran Gəmiçilik Şirkətinin icraçı direktoru Məhəmmədrza Müdərris Xiyabani və Mübarikə Polad Şirkətinin icraçı direktoru Həmidrza Əzimiyan sanksiyaya məruz qalan İran vətəndaşlarıdır. Bildirilir ki, bu şəxslər əvvəllər də Amerika hökumətinin sanksiyalarına məruz qalan şəxslərdir.
ABŞ-ın Maliyyə Nazirliyinin sanksiyasına məruz qalan bəzi şirkətlər isə bunlardır: Çin mənşəli “Jiangyin Mascot Special Steel Co”, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Accenture Tikinti Materialları” Şirkəti, Dəniz Sənayesi Təşkilatı (MIO), Aerokosmik Sənayesi Təşkilatı (AIO), İran Aviasiya Sənayesi Təşkilatı (IAIO).
Qeyd edək ki, ABŞ və İran arasında gərginlik 2018-ci ildən bəri, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonu Tehranla dünya gücləri arasında imzalanmış beynəlxalq nüvə sazişindən çıxardığı və “maksimum təzyiq” kampaniyası çərçivəsində sanksiyalar tətbiq etdiyi vaxtdan bəri artıb.
A.M