SON XƏBƏRLƏR

Amerika İranın Yəmən münaqişəsinə müdaxiləsinin qınanmasını istəyir

2021.10.20, 07:36
Amerika İranın Yəmən münaqişəsinə müdaxiləsinin qınanmasını istəyir

Gunaz.tv

GünAz TV: “Reuters” xəbər agentliyi diplomatik mənbələrə istinadən Amerika Birləşmiş Ştatlarının Yəmənin Hudeydə şəhərində atəşkəs sazişinin imzalanması ilə bağlı hazırda hazırlanan qətnamə layihəsində İranın qınanmasına çalışdığı, lakin Rusiyanın buna qarşı çıxdığı barədə məlumat yayıb.

 

BMT-nin Təhlükəsizlik Şurası hazırda Britaniya tərəfindən Yəmənin Hudeydə şəhərində atəşkəs əldə edilməsinə dəstək göstərmək üçün irəli sürülmüş qətnamə layihəsi üzərində işləyir. Atəşkəs razılaşması ötən həftə İsveçdə Yəmən münaqişəsində iştirak edən tərəflər arasında əldə edilmişdi.

 

Bu qətnamə layihəsində BMT-nin baş katibi Antoniu Quterreşdən atəşkəsə nəzarət mexanizmləri və təhlükəsizlik qüvvələrinin şəhərdə necə möhkəmlənməsi barədə təkliflər irəli sürməsi istənilir.

 

“Reuters”in məlumatına görə, qətnamə layihəsində tərəflərdən birinin münaqişə tərəflərinə hərbi yardım göstərdiyi təqdirdə qınanılması və “Yəmənə silah ixracı ilə bağlı qətnaməni pozan hal” kimi dəyərləndirilməsi istənsə də, konkret olaraq hansısa ölkənin adı çəkilməyib.

 

Diplomatik mənbələr isə bildirir ki, Amerika bu bənddə İranın husilərə silah tədarük etdiyinə görə qınanması ilə bağlı bəndin olmasını istəsə də, Rusiya buna qarşı çıxıb.

 

Xatırladaq ki, İran Yəməndə husilər hərəkatı ilə hökumət qonuşları arasında başlayan vətəndaş müharibəsindən sonra üsyançılara hərbi dəstək göstərir. Antoniu Quterreşdən bir müddət öncə BMT Təhlükəsizlik Şurasının toplantısında husilərin Səudiyyə Ərəbistanına atdıqları ballistik raket qalıqları üzərində aparılmış tədqiqatlar nəticəsində bu raketlərin İrana məxsus olduğunu demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar