SON XƏBƏRLƏR

Amerika körfəz ölkələri ilə birlikdə İranın qeyri-qanuni maliyyə tədbirləri haqqında seminar keçirib

2021.10.20, 07:36
Amerika körfəz ölkələri ilə birlikdə İranın qeyri-qanuni maliyyə tədbirləri haqqında seminar keçirib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi martın 27-də Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərində amerikalı rəsmilərin iştirakı ilə Körfəz Ölkələri Əməkdaşlıq Şurasının üzvləri ilə İranın qeyri qanuni maliyyə tədbirləri və bu ölkənin qlobal maliyyə sisteminə qarşı yaratdığı təhlükələr mövzusunda seminar keçirildiyini bəyan edib.

 

Nazirliyin yaydığı bəyanatda seminarın Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Mərkəzin üzvləri tərəfindən keçirildiyi qeyd edilir.

 

Sözügedən mərkəz 2017-ci ilin mayın 21-də, Amerika prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına etdiyi rəsmi səfər çərçivəsində yaradılıb və 7 üzvü var. Amerika, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Qətər və Oman mərkəzə daxil olan ölkələrdirlər.

 

ABŞ Maliyyə Nazirliyinin bəyanatına əsasən, bu seminarda İranın qeyri qanuni maliyyə tədbirləri haqqında araşdırmalar üzvlərə təqdim edilib. Üzv ölkələr də öz növbəsində İranın təxribatçı fəaliyyətlərini neytrallaşdırmaq üçün nəzərdə tutduqları addımlardan bəhs ediblər.

 

Bəyanata əsasən, seminarda Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Mərkəzin üzvləri BMT-nin Təhlükəsizlik Şurası və Maliyyə Tədbirləri üzrə İşçi Qrupu- FATF-ın qətnamələrində nəzərdə tutulan standartlara riayət edilməsi və onların icrası istiqamətində ekspert rəylərini dinləyiblər.  

 

Bundan əlavə, seminarda həmçinin kütləvi qırğın silahlarının yayılması ilə mübarizə, ticari şirkətlərin problemləri və özəl sektorda maliyyə şəffaflığı barədə də müzakirələr aparılıb.

 

Qeyd etmək lazımdır ki, 2018-ci ilin may ayında ABŞ-ın İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxmasından sonra bu ölkə rəsmiləri digər ölkələri İranla hər cür ticari əlaqələrdən çəkinməyə çağırırlar.

 

ABŞ Dövlət Departamentinin İran üzrə İşçi Qrupunun rəhbəri Brayan Huk ötən il bildirmişdi ki, İranla ticari əlaqələr terrorizmin maliyyələşdirilməsi kimi şərh edilə bilər.

 

“Şirkətlər İran rejimi ilə ticari əlaqələr saxladıqda, onlar bilməyərəkdən bəlkə də elə öz ölkələrində baş verəcək mümkün terror aktlarını maliyyələşdirirlər”- deyə Hukun açıqlamasında qeyd edilirdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar