SON XƏBƏRLƏR

Amerika Mahşəhrdə dinc etirazçıların kütləvi qətliamında birbaşa əli olan “Sepah” komandanına sanksiya qoyub

2021.10.20, 07:36
Amerika Mahşəhrdə dinc etirazçıların kütləvi qətliamında birbaşa əli olan “Sepah” komandanına sanksiya qoyub

Gunaz.tv

GünazTV: Amerika hökuməti iki ay əvvəl İranın Xuzistan əyalətinin Mahşəhr şəhərində dinc etirazçıların kütləvi qətliamında birbaşa əli olan yerli “Sepah” komandanı Həsən Şahvarpura sanksiya qoyub.

 

Bu barədə, ABŞ-ın Dövlət Departamentində yaradılmış İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk yanvarın 17-də jurnalistlərə açıqlama verib.

 

Huk deyib ki, “Sepah” terror təşkilatının Xuzistan əyalətinin “Vəliyyi-əsr” qüvvələrinin komandanı olan Həsən Şahvarpur, etirazlar zamanı hökumətin repressiv qüvvələrinin əlindən qaçıb ətraf qamışlıqlara pənah aparan 100-dən çox etirazçının ağır silahlarla qırğınının əsas məsulu olub: “Biz, İran xalqına qarşı repressiyalar həyata keçirənlərə, insan hüquqlarının kobud şəkildə pozulmasında əli olanlara reaksiya verəcəyik. Amerika hökuməti Həsən Şahvarpurun, Mahşəhrdə baş verən  qırğınların əsas məsulu olduğunu nəzərə alaraq, ona viza sanksiyası tətbiq edib” –deyə,  ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

Huk həmçinin İrandakı ağır siyasi və iqtisadi duruma toxunaraq deyib ki, Amerika hökuməti İran rejiminin müxalifləri ilə əlaqələrini davam etdirəcək: “Biz aktiv şəkildə İran rejiminin müxalif qrupları ilə əlaqə saxlayırıq. Lakin onların heç birini digərindən üstün tutmuruq. Hesab edirik ki, İranın gələcəyi İran xalqı tərəfindən təyin ediləcək. Biz isə, siyasətlərimizə qarşı çıxan şəxslər və cərəyanlara xarici siyasətdə nəyin dalınca olduğumuzu izah etməyə çalışırıq” –deyə, Brayan Huk bəyan edib.  

 

Xatırladaq ki, 2019-cu il, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1500-dən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 11 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı, İranın Xuzistan əyalətinin Mahşəhr şəhərində isə dinc etirazçılar yolu bağladıqdan sonra xəbərdarlıq edilmədən “Sepah” qüvvələrinin hücumuna məruz qalıblar. “Sepah” qüvvələri yük maşınlarının arxasında yerləşdirdikləri pulemyotlarla ətraf qamışılıqlara pənah aparan dinc etirazçılara atəş açıblar. Atəş nəticəsində həmin qamışlıqlarda 100-dən çox insan qətliam edilib. “Sepah”çılar isə qətlə yetirdikləri həmin etirazçıların meyitlərini yük maşınlarla naməlum istiqamətə aparıblar.

 

Molla rejiminin iki ay əvvəldən repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar