SON XƏBƏRLƏR

Amerika rəsmiləri: “Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumlar İran ərazisindən olub”

2021.10.20, 07:36
Amerika rəsmiləri: “Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumlar İran ərazisindən olub”

Gunaz.tv

GünazTV: Amerika hökumətindəki bəzi mənbələr Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumların birbaşa İran tərəfindən həyata keçirildiyi barədə məlumat yayıblar.

 

Adlarının çəkilməsini istəməyən bəzi Amerika rəsmiləri sentyabrın 17-də CBS telekanalına açıqlamalarında deyiblər ki, Səudiyyə Ərəbistanının iki mühüm neft təsisatına qarşı dron hücumları birbaşa İran ərazisindən, yəni İran sərhədlərinin daxilindən həyata keçirilib: “Hücumlarda 20-dən çox pilotsuz uçan aparatdan və raketdən istifadə edilib. Raketlərdən biri də Küveyt səmasından keçib. Prezident Tramp hökuməti isə hazırda İranın bu addımına cavab vermək üçün müxtəlif seçim və variantları araşdırır. Həmin seçimlər arasında İranın neft təsisatına qarşı kiber hücumları və ya hava zərbələri endirilməsi, eləcə də “Sepah”a və onun mövqelərinə zərbələr endirmək daxildir” –deyə Amerika rəsmiləri bildiriblər.

 

Həmçinin Amerikanın Milli Radiosu (NPR) sentyabrın 17-də Pentagonun iki rəsmisinə istinadən yaydığı xəbərdə bildirib ki, Amerikanın kəşfiyyat peykləri Səudiyyə Ərəbistanının neft təsisatlarına hücumdan əvvəl İranın daxilində bəzi raketlərlə  pilotsuz uçan aparatların yerbəyer edilməsini qeydə alıblar. Amerikanın kəşfiyyat qurumları isə hesab edirlər ki, peyk vasitəsilə səmadan çəkilmiş şəkillər, İranın Səudiyyə Ərəbistanına qarşı hücum üçün hazırlıq işləri apardığını göstərir. 

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya jurnalistlərə açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürsə də, rəsmi Ər-Riyad və Vaşinqton Husilərin bu iddiasını rədd edərək, hücumların İran ərazisindən həyata keçirildiyini bildiriblər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar