SON XƏBƏRLƏR

Amerika “Sepah”, “Hizbullah”, “Həmas” və “Əl-Qaidə”yə qarşı yeni sanksiyalar tətbiq edib

2021.10.20, 07:36
Amerika “Sepah”, “Hizbullah”, “Həmas” və “Əl-Qaidə”yə qarşı yeni sanksiyalar tətbiq edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo və maliyyə naziri Stiven Mnuçin ötən gün keçirdikləri birgə mətbuat konfransında terror qruplaşmalarına qarşı yeni sanksiyalar qəbul olunduğunu elan ediblər.

 

Stiven Mnuçin bildirib ki, sanksiyalar “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın, “Həmas, Livan “Hizbullah”ı və “Əl-Qaidə”nin 15 rəhbərini əhatə edir. O, yeni embarqoların detallarından danışmasa da, Maliyyə Nazirliyi bir neçə saat sonra öz rəsmi veb saytında bəyanat yayaraq, qara siyahıya salınmış 21 nəfər və bir neçə təşkilatın adını açıqlayıb.

 

“Qüds Briqadası”nın Londondakı nümayəndəsi Məhəmməd Səid İzədi bu siyahıya salınan şəxslərdən biridir. Eləcə də, İranla “Həmas” arasında maliyyə koordinatorluğu vəzifəsini icra edən Zahir Cabbariyanın adı da yeni sanksiyalar qəbul edilmiş şəxslər arasındadır.

 

Pompeo sanksiyalara münasibətində bildirib ki, bu qərar nəticəsində terror qruplaşmalarının maliyyə əməliyyatlarının qarşısı alınacaq.

 

O, həmçinin Dövlət Departamentinin terror təşkilatları rəhbərlərindən 12 nəfərə qarşı sanksiya tətbiq etdiyini və onlardan 4 nəfərinin “Hizbullah”, “Həmas”, “DAİŞ” və “Əl-Qaidə”nin yüksək rütbəli üzvləri olduğunu əlavə edib.

 

Pompeo və Mnuçin mətbuat konfransının sonunda Con Boltonun öz tutduğu vəzifədən çıxarılmasının rəsmi Vaşinqtonun Tehrana qarşı yürütdüyü maksimum təzyiq siyasətinə heç bir təsir göstərməyəcəyini deyiblər.

 

Xatırladaq ki, ABŞ ötən həftə İran sanksiyalarını pozmaq üçün yaradılan böyük maliyyə şəbəkəsini də qara siyahıya daxil etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar