SON XƏBƏRLƏR

Amerika Tehranın Evin zindanına, “Ənsar Hizbullah”a, İran Dövlət Radio-Televiziyasının rəhbərinə sanksiya qoyub - FOTOLAR

2021.10.20, 07:36
Amerika Tehranın Evin zindanına, “Ənsar Hizbullah”a, İran Dövlət Radio-Televiziyasının rəhbərinə sanksiya qoyub - FOTOLAR

Gunaz.tv

GünAzTV: ABŞ Maliyyə Nazirliyi mayın 30-da bəyanat yayaraq, Tehranın Evin zindanına, “Ənsar Hizbullah” qruplaşmasına, İran Dövlət Radio-Televiziyası Təşkilatının rəhbərinə və insan hüquqlarını pozmaqla məşğul olan daha bir neçə məsul şəxsə sanksiya qoyduğunu bildirib.

 

Bəyanatda bildirilir ki, minlərlə günahsız siyasi məhbusu özündə saxlayan Evin zindanı və insan hüquqlarını pozaraq dinc müxaliflərə qarşı repressiyalarda fəal iştirak edən “Ənsar Hizbullah” qruplaşmasının rəhbərləri Hüseyn Allah Kərəm, Əbdülhəmid Möhtəşəm və Həmid Ustad, ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil edilib.

 

Bəyanatda qeyd olunur ki,  İran Dövlət Radio-Televiziyasının rəhbəri Əbdüləli Əli Əsgəri, eləcə də, ölkədə internet senzurasını tətbiq edən Virtual Aləm Ali Şurasının rəisi Əbülhəsən Firuzabadi və həmin şuranın katibi Əbdülsəməd Xürrəmabadi, Amerikanın yeni sanksiyalar siyahısına daxil olan şəxslərdir.

 

Nazirliyin yaydığı bəyanatda həmçinin bildirilir ki, İran təhlükəsizlik qurumlarının internet istifədəçilərinin fəaliyyətini ardıcıl izləməsinə şərait yaradan və onların kimliyini öyrənməsinə yardım edən “Hanista” adlı proqramlaşdırma qrupuna və onunla bağlı daha bir quruma da sanksiya qoyulub.

 

ABŞ maliyyə naziri Stiven Mnuçin

 

ABŞ maliyyə naziri Stiven Mnuçin yeni sanksiyalarla bağlı mayın 30-da jurnalistlərə açıqlamasında deyib ki, Amerika hökuməti hər zaman İran millətinin yanında olacaq və onların hüquqlarının qorunmasına dəstək verəcək: “İran rejimi dünyaya təkcə terrorizm və sabitsizlik ixrac etməklə kifayətlənmir. Bu rejim, həm də ardıcıl olaraq öz vətəndaşlarının hüquqlarını pozur, iranlıların rifahına sərf olunması gərəkən ölkənin büdcə və milli sərvətlərini terrorizmə dəstəyə və öz vətəndaşlarına qarşı senzura və repressiyaların tətbiqinə sərf edir”.

 

Soldan sağa: İran Dövlət Redio-Televiziyasının rəhbəri Əbdüləli Əli Əsgəri və "Ənsar Hizbullah"ın rəisi Hüseyn Allah Kərəm

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Tramp bildirib ki, Amerikanın bu razılaşmadan çıxmasından sonra, Vaşinqton İrana qarşı sanksiyaları daha da gücləndirəcək.

 

 "Ənsar Hizbullah"ın rəhbərlərindən olan Əbdülhəmid Möhtəşəm

 

                                                              Tehranın Evin zindanı

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar