SON XƏBƏRLƏR

Amerikada Azərbaycan Mətbəxi Günləri

2021.10.20, 07:36
Amerikada Azərbaycan Mətbəxi Günləri

Gunaz.tv
Amerikada Azərbaycan Mətbəxi Günləri 22102007_kulinar.jpg Tahir Əmiraslanov: "Bu ölkədə Azərbaycan kulinariyası sevilir" Daima hərəkətdə olması ilə seçilən Azərbaycan Kulinariya Mərkəzi bu günlərdə Azərbaycanı növbəti dəfə uğurla təmsil edib. Mərkəz son zamanlar bəzi problemlər yaşasa da, ABŞ-da keçirilən festivalda iştirakdan imtina etməyib. Belə ki, 6 nəfərdən ibarət nümayəndə heyəti ABŞ-ın Yuta ştatının Salt Lake Siti şəhərində keçirilən Yaradıcı Gənclərin l Dünya Konqresində iştirak edib. Kulinariya Mərkəzi dünən tədbir keçirərək, layihədə uğurla təmsil olunmasından danışdı. Qeyd edək ki, UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatı (DXYT) tərəfindən 2007-ci ildə Yunanıstanda yaradılan Yaradıcı Gənclər Komitəsinin konqresində 42 ölkə iştirak edib. Konqresdə paralel olaraq DXYT Dünya üzrə folklor rəqs festivalı da keçirilib. Festivalın iki günü isə Azərbaycana həsr olunub. Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun sözlərinə görə, amerikalılar Azəbaycan kulinariyasını çox sevirlər: "Amerika kimi böyük bir ölkədə Azərbaycan kulinariyası sevilir. Konqresdə 42 ölkə, festivalda isə 32 ölkə iştirak edirdi. Biz hər ikisində təmsil olunduq. Onu deyə bilərəm ki, böyük tədbir keçirildi. Konqresin başladığı 5 avqust Azərbaycan günü elan edildi. Tədbir üçün Azərbaycan mətbəxinə aid döşəmə plov, şah plov, dovğa, balıq sırdağı, toyuq ləvəngisi, alma deserti, şərbətlər hazırlamışdıq. Tədbir günü səhnədə Azərbaycan mədəniyyətinə aid olan kitablar, açıqçalar, broşuralar, yanında Minara Quliyevanın hazırladığı milli geyimli gəlinciklər, bəzək əşyaları sərgilənməklə yanaşı yerə Quba xalçası döşənmişdi. Bizim xahişimizlə seçilmiş yerli xanımlara, nümayəndə heyətinin üzvlərinə milli Azərbaycan geyimləri geyindirilmişdi". T.Əmiraslanovun sözlərinə görə, tədbir zamanı rəqs qrupu ilk dəfə Azərbaycanda hazırlanmış mətbəx rəqsləri silsiləsindən "Yuxayayanlar" etnoqrafiq və "Qara qız" rəqsini təqdim edilib. Axşam isə T.Əmiraslanov Azərbaycan mətbəx mədəniyyətindən, Minarə Quliyeva isə Azərbaycanın regional geyimlərindən (Qarabağ, İrəvan, Bakı və s.) məruzalər ediblər. T.Əmiraslanovun sözlərinə görə, Azərbaycan haqqında məlumatlar, xörəklərimiz, geyimlərimiz, rəqslərimiz və rəqs əsərləri qonaqlar tərəfindən maraqla izlənilib. 15 mətbuat orqanı və telejurnalist nümayəndə heyətindən müsahibələr alıb. Nümayəndə heyətimiz isə öz növbəsində qonaqlara Azərbaycana aid suvenirlər paylayıb. Növbəti tədbir avqustun 8-də baş tutub. T.Əmiraslanov bildirdi ki, bu dəfə də tədbirin böyük hissəsi Azərbaycan mədəniyyətinə həsr olunub: "Azərbaycan rəqsləri beynəlxalq folklor rəqs festivalında da nümayiş etdirildi. Daha sonra Minara Quliyeva "Azərbaycan Milli geyimləri", Ramil Abdaşev isə "Azərbaycan monumental arxitekturası" mövzusunda çıxış etdilər. Həmin gün Azərbaycan rəqsləri, arxitekturası, milli rəqsləri, kulinariyasına aid tədbirlər keçirildiyini nəzərə alaraq, deyə bilərək ki, tədbirin əsas hissəsi Azərbaycana həsr olunmuşdu". T.Əmiraslanov özü isə "Qida, ayinlər və rəqs" mövzusunda məruzə edib. Mərkəz rəhbərinə bu mövzuda Amerikada kitab çap olunması da təklif olunub. Bununla yanaşı DXYT prezidenti Karmen Padillaya Azərbaycana milli mətbəx festivalı layihəsini hazırlamağı və Azərbaycan mətbəx təcrübəsini dünyaya yaymağı təklif edib. İmkan olsa, Amerika Birləşmiş Ştatlarında Azərbaycan Mətbəxi Günləri keçiriləcək. Maddi sıxıntı olmasa Azərbaycan Kulinariya Mərkəzi bu il Azərbaycanı bir çox festivallarda təmsil edəcək. Mərkəz rəhbəri bildirdi ki, Qazaxıstanda keçiriləcək kulinariya festivalına dəvət alıblar. Oktyabrın 4-14-nə qədər Kritdə keçiriləcək Avropa çempionatına, Kiyevdə də kulinariya incəsənəti festivalına da mərkəz dəvətlidi. Mərkəz Maliyyə Nazirliyi və başqa idarələr tərəfindən vəsait əldə edə bilsə, sadalanan layihələrdə Azərbaycanı təmsil edə biləcək. Gülər Nizamiqızı olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar