SON XƏBƏRLƏR

Amerikalı heyət, İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə səfər edir

2021.10.20, 07:36
Amerikalı heyət, İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə səfər edir

Gunaz.tv

GünAzTV: Amerikanın yüksək rütbəli bir nümayəndə heyəti İrana qarşı beynəlxalq sanksiyaların genişləndirilməsi barədə danışıqlar aparmaq üçün Türkiyəyə səfər edir.

 

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən bir rəsmisi iyulun 19-da “Röyters” agentliyinə açıqlama verib.

 

O bildirib ki, Amerikanın 2 nazirliyindən nümayəndələr Türkiyənin bir sıra rəsmiləri ilə müzakirələr aparmaq üçün iyulun 20-də (bu gün) Ankaraya səfər edəcək: “Nümayəndə heyətində ABŞ-ın Maliyyə və Dövlət Departamenti nazirliklərindən bəzi şəxslər, Türkiyənin Maliyyə və Xarici İşlər nazirliklərinin bizi rəsmiləri ilə, eləcə də Türkiyənin maliyyə müəssisələrindəki bəzi  şəxslərlə görüşüb İrana qarşı sanksiyalarla bağlı danışıqlar aparacaqlar”.

 

Bildirilir ki, Amerika nümayəndə heyətinin Ankaraya səfəri, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəsinin İrana qarşı sanksiyalara qoşulmayacağı barədə səsləndirdiyi bəyanatından üç həftə sonraya təsadüf edib.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

 

İyunun 30-da jurnalistlərə açıqlama verən Çavoşoğlu bildirmişdi ki, Ankara Vaşinqtonun bütün qərarlarına tabe olmaq məcburiyyətində deyil: “Əgər Amerikanın verdiyi qərarlar sülh və sabitliyin bərqərar olunmasına yardım edərsə, biz ona dəstək veririk. Lakin biz, Vaşinqtonun bütün qərarlarına tabe olmaq məcburiyyətində deyilik. Müttəfiq olmağın anlamı o demək deyil ki, biz onların bütün qərarlarını tam dəqiqliyi ilə icra edək. İran Türkiyənin iqtisadi müttəfiqi və yaxşı bir qonşusudur. Biz, başqalarının istəyi ilə İranla iqtisadi əlaqələrimizi kəsmək niyyətində deyilik”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

 

 Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr Amerikanın qadağalarından ehtiyatlanan dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar