SON XƏBƏRLƏR

AMERİKAN FÖVQƏLDÖVLƏTÇİLİYİNİN GƏLƏCƏYİ

2021.10.20, 07:36
AMERİKAN FÖVQƏLDÖVLƏTÇİLİYİNİN GƏLƏCƏYİ

Gunaz.tv
AMERİKAN FÖVQƏLDÖVLƏTÇİLİYİNİN GƏLƏCƏYİ ABŞ başqa dövlətlərin "sıçrayışına" necə duruş gətirəcək? ("Postamerikan dünyası" kitabından fraqmentlər) (Əvvəli ötən şənbə sayında) Üçüncü dünya bu gün artıq mövcud deyildir. İndi ABŞ şirkətləri Braziliyaya və ya Hindistana nə verə bilərlər? Çox az amerikalı biznesmen bu suallara cavab verə bilər. Onun cavabı isə iqtisadçı Martin Vulfun qeyd etdiyi kimi, bir tendensiya ilə bağlıdır. Əvvəllər iqtisad elmi iki əsas amil üzərində cəmləşmişdi: əmək və kapital. İndi isə onların ikisi də hamının əldə edə biləcəyi məhsula çevrilmişdir. Bu gün iqtisadiyyatın əhəmiyyətini hər şeydən əvvəl ideyalar və enerji daşıyıcıları xarakterizə edir. Əgər ölkə ideyalar və başqaları üçün enerji mənbəyinə çevrilirsə, özünün çiçəklənməsini təmin edəcəkdir. *** Birləşmiş Ştatlar dünyada yeni ideyaların - böyük və kiçik, texniki və kreativ, iqtisadi və siyasi ideyaların ən mühüm mənbəyi olub və bundan sonra da mənbəyi olaraq qala billər. Ancaq bunun üçün ölkədə köklü dəyişikliklər baş verməlidir. Amerikanı öz ənənəvi liderlik mövqelərini itirməsi çox narahat edir. İndiki təşviş dalğası İkinci Dünya Müharibəsindən sonrakı dövrdə artıq dördüncüdür. Birinci dalğa 1950-ci illərin sonunda, SSRİ dünyada ilk dəfə olaraq kosmosa süni peyk buraxanda baş verdi. İkinci dalğa - 1970-ci ilin əvvəllərində neftin qiymətinin qalxması və iqtisadi artımın zəifləməsi amerikalıları bu qənaətə gətirdi ki, gələcək Qərbi Avropaya və Səudiyyə Ərəbistanına məxsusdur. Üçüncü dalğa isə ABŞ-ı 1980-ci illərin ortalarında bürüdü: o zaman ekspertlərin böyük əksəriyyəti inanırdılar ki, Yaponiya tez bir zamanda texnoloji və iqtisadi fövqəldövlətə çevriləcəkdir. Bütün bu halların hər birində təşviş üçün köklü əsaslar vardı, proqnozlar isə məntiqi cəhətdən tamamilə düzgün idi. Bununla belə həmin tutğun ssenarilərin heç birisi həyata keçmədi. Səbəb isə o idi ki, ABŞ ictimai sistemi özünü çevik, işgüzar, dözümlü, səhvlərini düzəltməyi və yeni istiqamətlərə uyğunlaşmağı bacaran cəmiyyət kimi göstərə bildi. Bu gün problem ondan ibarətdir ki, ABŞ-ın siyasi sistemi, belə görünür ki, öz nöqsanlarını təshih edə bilmək bacarığını itirir. Amerikanın bu gün rastlaşdığı iqtisadi problemlər tamamilə realdır. Bu problemlər dövlətin konkret siyasətinin nəticəsidir. Siyasi kursun dəyişdirilməsi ABŞ-ı tez bir zamanda və nisbətən asanlıqla daha sabit məcraya yönəldə bilər. Bugünkü ABŞ iqtisadiyyatını zəif, cəmiyyətini isə xəstə adlandırmaq olmaz. Ancaq amerikan siyasi prosesi əhəmiyyətli dərəcədə öz iş bacarığını itirmişdir. Öz yaranışından (bu isə 225 il əvvəl olmuşdur) köhnəlmiş və qeyri-çevik olan siyasi sistem bütünlüklə iri kapital, qruplaşmaların maraqları, sensasiya dalınca qaçan KİV-lər və ideoloji dəstələr tərəfindən "ələ keçirilmişdir". "Heç bir şey etməmək" siyasi prosesi ölkənin əl-qolunu bağlamışdır və problemləri həll etmək üçün deyil, yalnız partiyalararası mübarizələr üçün yarayır. Kəskin partiyadaxili mübarizəni dəstəkləmək və hər iki partiyanın əməkdaşlığına çağıran ağıllı təkliflləri rədd etmək olduqca hiyləgər bir mövqedir. Bir çox politoloqlar artıq çoxdandır ki, belə bir arzu və niyyətdədirlər ki, ABŞ-dakı partiyalar daha çox Avropadakı partiyalara oxşasınlar, yəni ideoloji cəhətdən dəyanətli, sərt nizam-intizama malik olsunlar. Avropadakı parlament sistemləri məhz belə partiyalarla işləmək üçün çox gözəl uyğunlaşmışlar. Orada icra strukturları qanunverici orqanlara həmişə nəzarət edirlər və ona görə də hökumət təşkil edən partiya öz proqramını asanlıqla reallaşdırıb həyata keçirə bilir. Amerika sistemi isə əksinə, hakimiyyəti bölüşdürmək, funksiyaları təkrarlamaq prinsipi üzərində qurulmuşdur. İrəliyə getmək üçün isə, iki əsas partiya arasında geniş şəkildə əməkdaşlıq və koalisiya olmalıdır. Siyasətçilər də bir-birinə qarşılıqlı güzəştə getməyə hazır olmalıdırlar. Səhiyyə, sosial təminat, vergi islahatı sahəsindəki böyük problemlərin həllində tərəqqi əldə edilməsi üçün hər iki tərəfin kompromisə getməsi tələb olunur.Bunun üçün isə gələcək perspektivi düşünmək lazımdır. Ancaq məsələnin bu şəkildə qoyuluşu bizdə istənilən siyasi karyeranı məhv edə bilər. O şəxslər ki, ağıllı qərarlar və kompromis qanunlar tərəfdarıdır, onları öz partiyalarının rəhbərliyi arxa plana keçirir, həmin şəxslər hər cür maliyyə dəstəyindən məhrum edilir, teleradio məkanında "özününkülər" tərəfindən hər cür basqılara məruz qalırlar. Bizim sistem siyasətçiləri başqa cür hərəkət etməyə - sərt mövqe tutmağa vadar edir ki, sonradan desinlər: "Görürsünüz, mən düşmən qarşısında əyilmədim". Belə mövqe sponsorlar tərəfindən güclü maliyyə dəstəyi almağa kömək edir, ancaq ölkəni bu üsulla idarə etmək olmaz. *** Birləşmiş Ştatları Böyük Britaniyanın hələ 1900-cu ildə üzləşdiyi sınaq gözləyir. O zaman ölkənin iqtisadi qüdrəti zəifləmişdi, ancaq London dünya arenasında öz nəhəng siyasi nüfuzunu qoruyub saxlaya bilmişdi. ABŞ iqtisadiyyatı və cəmiyyəti müasir dövrün rəqabətinə və iqtisadi dəyişikliklərinə adekvat reaksiya vermək gücündədir. Ölkə yeni şəraitə uyğunlaşmaq və öz mövqelərini qoruyub saxlamaq iqtidarındadır. Ancaq başqa ölkələrin yaşadığı "sıçrayışlar" dövrünə uyğunlaşa biləcəkmi? Vaşinqton dövrün iqtisadi tələblərinə və beynəlxalq siyasi arenada qüvvələr nisbətindəki dəyişikliklərə düzgün reaksiya verib uyğunlaşa biləcəkmi? İki onillik ərzində Birləşmiş Ştatların faktiki olaraq rəqibləri olmamışdır. Ancaq bu gün beynəlxalq aləm tarixdə ən böyük dəyişikliklər dövrünü yaşamaqdadır. Son 500 ildə dünya arenasında siyasi, iqtisadi və mədəni sahələrdə planetin simasını dəyişən qüvvələr nisbətində üç tektonik tərpəniş olmuşdur. Bunların birincisi Qərbin "sıçrayışı"dır. Bu proses 15-ci əsrdə başlamış və 18-ci yüzillikdə kəskin şəkildə sürətlənmişdir, bizim indiki anlamda müasir dövrün atributlarını: elm və texnikanı, kommersiya və kapitalizmi, aqrar və sənaye inqilabını yaratmışdır. Bundan əlavə, həmin proses qərb ölkələrinin uzunmüddətli siyasi hegemonluğuna təkan vermişdir. İkinci tərpəniş 19-cu əsrin sonlarında oldu. Bu, Birləşmiş Ştatların "sıçrayış"ıdır. ABŞ-da sənayeləşmənin başa çatmasından az sonra bu ölkə Roma imperiyasından sonrakı dövrlərdə ən qüdrətli dövlətə çevrildi. Keçən əsrdə Birləşmiş Ştatlar dünya iqtisadiyyatında, siyasətində, elmdə, mədəniyyətdə və ideya sahəsində hökmranlıq edirdi. Son 20 ildə bu hegemonluq şəksiz-şübhəsiz idi ki, bu da dünya tarixində görünməmiş haldır. Bu gün isə biz qüvvələr nisbətinin üçüncü böyük tərpənişinin yeni və ən yeni tarixinin - "başqalarının sıçrayışı"nın şahidiyik. Son bir neçə onillikdə bir çox ölkələr ağlagəlməz iqtisadi artım nümayiş etdirirlər. (bu fenomen özünü daha çox Asiyada büruzə verir, ancaq təkcə həmin regionla məhdudlaşmadığına görə, indiki tərpənişi "Asiyanın sıçrayışı" adlandırmaq dəqiq olmazdı). Formalaşmaqda olan bu günkü beynəlxalq münasibətlər çox güman ki, özündən əvvəlkilərdən kəskin şəkildə fərqlənəcəkdir. 100 il öncə dünyada hökm sürən qaydalarda inhisarçılıq əsas yeri tuturdu, o zaman bir sıra Avropa dövlətləri lider mövqeyində idilər. Həmin dövr rəqabətlə, müxtəlif alyansların yaranması ilə, müharibələrlə müşayiət olunurdu. Sonralar, "soyuq müharibə" epoxasında münasibətlərdə stabillik daha çox müşahidə olunurdu, hərçənd ki, fəvqəldövlətlər bir-birinin az qala hər addımına (çox zaman da əndazəsiz şəkildə) reaksiya verirdilər. 1991-ci ildən etibarən biz ABŞ imperiyası epoxasında yaşayırıq, bu epoxa çərçivəsində qloballaşma və açıq dünya iqtisadiyyatı inkişafının sürətlənməsi baş verir. Məhz bu inkişaf da beynəlxalq münasibətlərin xarakterindəki yeni dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrildi. Hərbi-siyasi sahədə əvvəlki kimi bir fövqəldövlət mövcuddur. Hərbi gücdən savayı bütün başqa sahələrdə qüvvələr nisbəti Amerika ağalığından çıxaraq dəyişir. Bu, antiamerikan dünyası yaradılması demək deyil. Biz postamerikan dünyasına keçirik. Bu dünya isə müxtəlif mərkəzlərdən, çoxlu sayda oyunçular tərəfindən idarə olunur. ABŞ iqtisadiyyatının və cəmiyyətinin rəqabət qabiliyyətini gücləndirməyə imkan verən bir çox konkret addımlar və proqramlar tövsiyə etmək mümkündür. Ancaq eyni zamanda ümumi strategiya və yanaşmanı da dəyişmək zəruridir. Birləşmiş Ştatlar etiraf etməlidir ki, seçim qarşısındadır. O, böyük dövlətlərlə əməkdaşlıq edərək formalaşmaqda olan yeni dünya qaydalarını möhkəmlətməli, öz qüdrətinin və imtiyazlarının bir hissəsindən imtina etməli, sabahkı dünyanın müxtəlif rəylər və baxışlarla fərqlənəcəyi perspektivi ilə barışmalıdır. Başqa halda, Birləşmiş Ştatlar "başqalarının sıçrayışı"nın millətçilik və parçalanma toxumu səpəcəyinin passiv müşahidəçisinə çevriləcəklər, bu isə ABŞ-ın 60 il ərzində qurduğu dünya qaydalarını tədricən əridib yox edərək, heçə endirəcəkdir. Birinci variantın üstünlükləri göz önündədir. Dünya dəyişir, ancaq o, ABŞ kimi, eyni yolla hərəkət edir. Yeni iri dövlətlər bazar iqtisadiyyatını, demokratik quruluşu (bu və ya digər formada), aşkarlığı üstün tuturlar. Ola bilsin ki, bu dünyada ABŞ-ın "yeri daralsın", ancaq orada üstünlük hər halda yenə də amerikan ideyalarına və ideallarına məxsusdur. ABŞ dəyişən qlobal landşaftı formalaşdırmaq və orada görkəmli yer tutmaq imkanına malikdir, ancaq bunun üçün dərk edilməlidir ki, postamerikan dünyası reallığa çevrilib. Bu faktı isə nəinki qəbul etmək, hətta alqışlamaq lazımdır. Çapa hazırladı: Nazim Ağamirov Fərid ZƏKƏRİYYƏ ABŞ-da çıxan "Newsweek İnternational" nəşrinin redaktoru www.adalet-az.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar