SON XƏBƏRLƏR

Xamneyinin rəsmi saytında Donald Trampa qarşı hazırlanmış sui-qəsd animasiyası yayılıb – VİDEO

2022.01.14, 09:59
Xamneyinin rəsmi saytında Donald Trampa qarşı hazırlanmış sui-qəsd animasiyası yayılıb – VİDEO

Gunaz.tv

 Animasiyanın yayılması, SEPAH terror təşkilatının "Qüds” briqadasının keçmiş komandanı, məşhur terrorçu Qasım Süleymaninin Bağdad hava limanı yaxınlığında gerçəkləşdirilmiş hava hücumunda öldürüləməsinin ikinci ildönümündən bir həftə sonraya təsadüf edib.

“İniqam qətidir” adı ilə yayımlanan və uşaqlara məxsus kompüter oyunları kimi hazırlanan animasiyada ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı terror aktı törətmək üçün, uzaqdan idarə olunan bir robot onun Florida ştatındakı iqamətgahının Marlaqo qolf meydançasına göndərilir.

Qeyd edək ki, İran rəhbərləri vaxtaşırı ABŞ-ın keçmiş prezidenti Donald Trampı təhdid edərək, Qasım Süleymaninin intiqamını ondan alacaqlarını bildirirlər.

Yanvarın 3-də Tehranda qatıldığı bir tədbirdə çıxış edən İran prezidenti İbrahim Rəisi məşhur terrorçunun öldürülməsinin ikinci ildönümünə toxunaraq, ABŞ-ın keçmiş prezidenti Donald Trampın və keçmiş dövlət katibi Mayk Pompeonun mühakimə olunmasını tələb edib.

“Tramp və Pompeo ədalətli bir məhkəmədə mühakimə olunmalı, qisas olunmalıdırlar. Hesab edirik ki, bu iki şəxs barədə Allahın hökmü icra edilməlidir”, -deyə İran prezidenti İbrahim Rəisi bildirib. 

Ağ Evin sözçüsü Cen Psaki yanvarın 13-ü axşam saatlarında jurnalistlərlə görüşərək, Əli Xamneyinin rəsmi saytında Trampa qarşı sui-qəsd animasiyasının yayılmasına reaksiya verib.

Psaki, “Amerikanın təhlükəsizlik qurumları İranın ABŞ-ın keçmiş prezidentinə qarşı bu mümkün təhdidini necə dəyərləndirir” sualını cavablanıraraq deyib ki, hələlik bu məsələnin detalları barədə hər hansı bir açıqlama verə bilməyəcək.

“Bu bizim üçün yeni bir şey deyil. Biz artıq keçmişdə də İran İslam Respublikası liderinin ritorikasının və təhqiredici davranışının şahidi olmuşuq”, -deyə Ağ Evin sözçüsü Cen Psaki bəyan edib. 

Xatırladaq ki, 2020-ci il yanvarın 3-ü, gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında Qasım Süleymani, Həşdi-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq öldürülüb. Hücum nəticəsində, Qasım Süleymani ilə yanaşı, Həşdəş-Şəbi terror şiə qruplaşması başçısının müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və SEPAH-ın daha bir neçə komandiri məhv edilib.

Qasım Süleymaniyə və digər terrorçulara qarşı hücum, ABŞ-ın keçmiş prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə gerçəklşdirilib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar