SON XƏBƏRLƏR

Tanınmış Güney Azərbaycanlı alim Əkrəm Rəhimli vəfat edib

2022.04.29, 09:32
Tanınmış Güney Azərbaycanlı alim Əkrəm Rəhimli vəfat edib

Gunaz.tv

Güney Azərbaycan tarixinin, xüsusilə 1945-1946-cı illər Cənubi Azərbaycanda milli-demokratik hərəkatının, bu hərəkata rəhbərlik etmiş Azərbaycan Demokrat Firqəsinin sədri Seyid Cəfər Pişəvəri elmi-bədii yaradıcılığının  və siyasi fəaliyyətinin  ən məhsuldar tədqiqatçılarından olan Əkrəm Rəhimli (Bije) 20 sentyabr 1932-ci ildə Azərbaycan Respublikasının Qazax rayonunda anadan olub. 

O, əslən Güney Azərbaycanın Mərənd şəhərindəndir.

Pişəvəri hökuməti devriləndən sonra Güney Azərbaycan milli qüvvələrinin bir dəstəsi yeganə çıxış yolunu Quzey Azərbaycana üz tutmaqda görür. 

1946-cı il dekabrın 12-14-də Azərbaycan SSRİ-ə gəlirlər. Sovet Azərbaycanına pənah gətirənlər arasında Əkrəm Rəhimlinin də ailəsi olur.

Əkrəm Rəhimli Gəncə Dövlət Pedaqoji İnstitutunda təhsil alır. 1953-cü ildə buranı fərqlənmə diplomu ilə bitirir, 1975-ci ildə isə ikinci təhsilini tamamlayır - o zamakı Azərbaycan Dövlət Pedaqoji Universitetin tarix fakültəsini bitirir. 

Bir müddət orta məktəbdə tarix fənnini tədris edir. Demokratik Firqənin orqanı olan  “Azərbaycan” qəzetində əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışır. 

İranın sosial-siyasi, iqtisadi və mədəni həyatı ilə müntəzəm tanış olan alimimizin çoxsaylı tərcümə və məqalələri, tezisləri, məruzələri dövrü mətbuatda çap olunub.

Əkrəm Rəhimli ötən əsrin sonundan tədqiqatını AMEA-nın Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan şöbəsində davam etdirir.

Bu şöbədə çalışdığı illər ərzində Güney Azərbaycana aid onlarla elmi və publisistik məqalə yazıb, müsahibə və toplantılarda, dövlət radiosunda, başqa informasiya vasitələrində çıxışlar edib. 

Elmi yaradıcılığının böyük hissəsini Güney Azərbaycan tarixinin araşdırılmasına həsr edən Əkrəm Rəhimli 100-dən çox publisistik, elmi məqalənin, bir sıra kitabların müəllifidir. 

Məhsuldar alim „Güney Azərbaycan“, „“Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)“, „Parçalanmış millətin harayı“, „Seyid Cəfər Pişəvəri“, „“Quzey və Güney Azərbaycan: enisiklopedik təqvim“, “Güney Azərbaycan” ensiklopedik məlumat kitabı (Ş.Tağıyeva və S.Bayramzadə ilə birlikdə) kimi sanballı əsərlərin müəllfidir. 

2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhim oğlu Rəhimli "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. 

Allah rəhmət eləsin!

Cavidan
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar