SON XƏBƏRLƏR

Şanlı dövlətçilik tariximiz: Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açıldığı gündür

2021.12.07, 06:51
Şanlı dövlətçilik tariximiz: Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açıldığı gündür

Gunaz.tv

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. 

Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar.

Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi.

1918-ci ilin mayın 26-da Zaqafqaziya seymi dağıldı. İki gün sonra Azərbaycan nümayəndələri Milli Şura yaratdı və Azərbaycan Xalq Cümhuriyyətini (AXC) elan etdi. 

AXC-nin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam edib. İlk iclas - 1918-ci il dekabrın 7-də, son iclas -1920-ci il aprelin 27-də keçirilib. Bu dövrdə Parlamentin cəmi 145 iclası olub. 

2lnkTga.png

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. 

Ölkənin һәr yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. 

Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və Hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. 

Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Ə.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. 

Azərbaycan Parlamentinin və Cümhuriyyət Hökumətinin daim böyük diqqət yetirdiyi problemlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdu.

Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. 

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası var idi.


Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.


Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar