SON XƏBƏRLƏR

Antonio Quterreş: “İranda jurnalistlərə, hüquq müdafiəçilərinə, dini və etnik azlıqlara qarşı repressiyalar davam edir”

2021.10.20, 07:36
Antonio Quterreş: “İranda jurnalistlərə, hüquq müdafiəçilərinə, dini və etnik azlıqlara qarşı repressiyalar davam edir”

Gunaz.tv

GünAzTV: BMT-nin baş katibi Antonio Quterreş, fevralın 28-də İranda insan haqlarının durumu ilə bağlı hazırladığı yeni hesabatını yayıb.

 

Onun, BMT-nin Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının 37-ci iclasına təqdim etdiyi hesabatında bildirilir ki, İranda əvvəlki illərlə müqayisədə insan hüquqları ilə bağlı vəziyyət nəinki yaxşılaşmayıb, əksinə daha da pisləşib: “Təəssüflər olsun ki, İranda jurnalistlərə, hüquq müdafiəçilərinə, dini və etnik azlıqlara qarşı repressiyalar davam edir. Qadınlara qarşı zorakılıqla yanaşı tətbiq edilən ayrı-seçkilik, eləcə də dini və etnik azlıqların hüquqlarının məhdudlaşdırılması bizim ciddi nigaranlığımıza səbəb olub.

 

Bundan başqa, BBC televiziyasının fars redaksiyasında çalışan iranlıların İranda yaşayan ailə üzvlərinin təhdid və hədə-qorxu ilə üzləşməsi və onların hüquqlarının məhdudlaşdırılması kimi hallar, bizi narahat edir. İranda, 2015-ci illə müqayisədə edamların sayı nisbətən azalsa da, əsasən inqilab məhkəmələri tərəfindən çıxarılan ölüm hökmlərin sayının çoxluğu, bizim iztirabımıza səbəb olan digər məsələlərdən biridir. Həmçinin İran zindanlarında məhbuslara fiziki və psixi təzyiqlərin göstərilməsi, onlardan işgəncələr altında yalançı etirafların alınması, bizi və dünya ictimaiyyətini nigaran edən əsas faktorlardan biri sayılır.

 

Hesab edirik ki, İran hökuməti ölkə vətəndaşlarının, o cümlədən də qadınlar, jurnalistlər, dini və etnik azlıqların hüquqlarına riayət etməli, ölkədə onlara qarşı tətbiq edilən təzyiqləri aradan qaldırmalıdır”.

 

Qeyd edək ki, BMT-nin İranda insan haqları üzrə keçmiş xüsusu nümayəndəsi Asimə Cahangir, fevralın 11-də Pakistanın Lahur şəhərində 66 yaşında ürək çatışmamazlığından vəfat edib. O, ölümündən əvvəl İranda insan hüquqları ilə bağlı vəziyyətlə yaxından tanış olmaq üçün bir neçə dəfə İran hökumətinə müraciət etsə də, rəsmi Tehran, onun ölkəyə səfərinə icazə verməyib.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar