SON XƏBƏRLƏR

“Uşaqlarda ekoloji tərbiyə erkən yaşlarda başlamalıdır”-“Yaşıl Dünya” Binədəki 117 saylı məktəbdə tədbir keçirib-FOTOLAR

2022.10.21, 15:32
“Uşaqlarda ekoloji tərbiyə erkən yaşlarda başlamalıdır”-“Yaşıl Dünya” Binədəki 117 saylı məktəbdə tədbir keçirib-FOTOLAR

Gunaz.tv

Layihə çərçivəsində oktyabrın 21-də Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə  “Təbiətin mühafizəsinin gücləndirilməsi, ekoloji maarifləndirmə işinin təşkilində məktəbin rolu” mövzusunda məktəblilərin iştirakı ilə tədbir keçirilib. 
Təbdirdə çıxış edən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri Elman Cəfərli bildirib ki,  son illər planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, sel və daşqınlar, torpaq sürüşmələri ciddi narahatlıq yaradıb. 

“Təbii ehtiyatlardan israfçılıqla istifadə, ayrı-ayrı işbazların tez varlanma hərisliyi üzündən yaşıllıqlar, canlı aləm məhv edilir, ekoloji tarazlıq pozulur. 

Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində ictimai fəalların, KİV-in gənc nəslin tərbiyəsi ilə məşğul olan pedaqoqların üzərinə mühüm vəzifələr düşür. 

Ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir”-Elman Cəfərli bildirib.

Layihənin rəhbəri deyib ki, ekoloji tərbiyə ilə gəncləri doğma torpağı və təbiəti  sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik: “Təbiət güclüdür, ancaq bu güc tükənməz deyil.  İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər.

Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun  ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır”. 

Elman Cəfərli gəncləri fəal və məsuliyyətli olmağa, təbiətin düşməni olan ağackəsənlərə, ərtaf mühiti çirkləndirənlərə qarşı mübarizə aparmağa səsləyib: “Bizim bir deyim var:qonşun pisdir, köç qurtar. Biz əslində bunun əksini etməliyik. Qonşu ağacı kəsirsə, zibili məişət tullantıları üçün ayrılan yerə, qablara atmırsa ona irad bildirməliyik. Küçəni, həyəti zibilləyənlərə, ora boş su butulkası, polietilen torba atanlara yaxınlaşın və onlara irad bildirin. Heç nədən çəkinməyin. Siz haqlısız. Siz gələcəyi quranlarsız.  

Bəzən Avropa və Amerikanın inkişaf etmiş  ölkələrinə həsəd aparırıq ki, küçələr təmizdir, insanlar məsuliyyətlidir, növbə mədəniyyəti var. Əgər istəyirsiniz ki bizim də həyətlərimiz abad, küçələrimiz təmiz olsun, insanları duyarlı, ictimai məsuliyyətli olan, ictimai birgəyaşayışa əməl edən gözəl bir cəmiyyətdə yaşayasınız o zaman doğruları deməyi, yanlışları göstərməkdən çəkinməməlisiz.

Ən gözəl tərbiyə nümunədir. Biz şəxsi nümunəmizlə davranış modeli yarada bilərik”.

QHT sədri gəncləri yaşıllaşdırma aksiyalarında aktiv olmağa səsləyib: “Hər bir kəs ömrü boyu 20 ağac əkməlidir. Valideynlərinizə deyin, sizi ağacəkmə aksiyalarına aparsın. Özünüz həyətinizdə gül kolları, ağac tingləri əkin, onlara qulluq edin. Hər bir kəs küçə heyvanlarına qarşı duyarlı olmalıdır. Yer üzü tək biz insanların deyil. 

Heyvanlar da bizimlə bərabər yaşamalı, təbiətin nemətlərindən istifadə etməlidir. Onların da yaşamaq, çoxalmaq haqqı var. Amerikada meşə sahəsi yaşayış evlərinə qədər uzanır. Mənim dostum Vaşinqtonda yaşayır. Hərdən mənə video çəkib göndərir. Sincab, dələ kimi heyvanlar evyana qədər gəlir. Bizdə bunu təsəvvür etmək olarmı? Meşə hevyanları bizdəki kimi maşından, adamdan qorxub qaçmır. Çünki amanda olduğunu bilir. Bilir ki, insanlar ona toxunmayacaq”.

117 saylı məktəbin müəllimi Kamal Hacıyev çıxışında bildirib ki, məktəblilərin təbiətlə, canlı aləmlə tanışlığı erkən yaşlarından başlamalıdır: “Biz məktəbli olanda müəllimlərimiz bizi təbiət qoynuna ekskursiyaya aparardı. Bizə müxtəlif növ ağaclar, bitkilər, çöl heyvanları, sürünənlər və həşaratlar barədə məlumat veririlirdi. Biz onları canlı görürdük.

Hesab edirəm ki, uşaqlarda canlı təbiətə sevgi aşılamaq, onlara ekosistem haqqında bilgi vermək üçün canlı ekskursiyalar vacibdir”.

Kamal Hacıyev məktəbliləri ətraf mühitə qarşı duyarlı olmağa çağırıb: “Hər il hektarla meşə sahələri məhv edilir. Su mənbələri quruyur. Abad bölgələr gözəl simasını itirir. Qlobal istiləşmə bir faktdır.

Amma ekoloji tarazlığın pozulması daha çox subyektiv amillərdən asılıdır. Yəni təbiəti bu kökə salan biz insanlarıq. Siz bilməlisiz ki, meşələr planetin ağciyərləridir. Ağaclar bizim nəfəsimizdir. 

Ağac kəsənlərə irad bildirin. Qoy utansınlar, ictimai qınaqdan çəkinsinlər. Sizə “bir ağacdan təbiətə ziyan gəlməz” deyəcəklər. Amma bilin ki, bir ağacın kəsilməsi də təbiətə vurulan zərbədir. Çünki normal oksigen verən ağacın yetişməsi üçün 20 il-30 il lazımdır. Onlara deyin ki, nəfəsimizi kəsməyin. Hər il Türkiyədə “Gələcəyə nəfəs” adlı ağacəkmə kampaniyaları keçirilir. 2019-cu ildə 11 milyon ağac ekilib. 

Türkiyədə 40 mindən çox insan meşəçilik sahəsində çalışır. Minlərlə şagird, tələbə könüllü ağacəkmə kampaniyalarına qoşulur. Siz də bu işdə aktiv olmalısız. Su içdiyiniz plasmas su butulkaları, dönər bükdüyünüz polietilen torbalar xüsusi zibil qablarına atılmalıdır. Amma küçəyə çıxan kimi görürük, hər yer polietilen torba, plasmas su butulkasıdır.

Bilin ki, onlar torpağın altında belə on illərlə çürümürlər. Onlar xırda həşəratların məhvinə səbəb olurlar”.

117 saylı orta məktəbin direktoru Vələddin Nurəddinov layihənin əhəmiyyətindən danışıb: “Olduqca aktual bir layihədir. Tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Uşaqlara ətraf mühitə həssas yanaşmağı, təbiətə, canlı aləmə sevgi hissini erkən yaşlarından aşılamaq lazımdır. Burada məktəbin böyük rolu var.

Amma eyni zamanda gənc nəslin ekoloji tərbiyəsində mühitin, ailənin də rolu var. 

Təmizlik evimizin kandarından başlanır. Biz necə ki evimizi təmiz saxlayırıq, eləcə də yaşadığımız həyəti, hər gün gəzdiyimiz küçəni təmiz saxlamalıyıq. Ekoloji cəhətdən savadlı insan dərk etməlidir ki, təbiət də onun özü kimi canlıdır.

Uşağa kiçik yaşlarından canlı aləmə sevgi ilə yanaşmanı aşılamaqla biz onun şəxsiyyətinin formalaşmasına təkan vermiş oluruq. 

Yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının prioritet istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır”. 

Qeyd edək ki, tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Xəyalə Rüstəmova da iştirak edib.

EnR8EQ0.jpg

K3mSxzW.jpgy7Deib0.jpg

hQ5Q0dm.jpg

eAdw1Wk.jpg

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar