SON XƏBƏRLƏR

"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub-VİDEO

2022.09.09, 03:23
"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub-VİDEO

Gunaz.tv

Qurban Qurbanovun baş məşqçi olduğu komanda "Frayburq"un qonağı olub. 

"Europa-Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

Daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. 

Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə "Frayburq"u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla "köhlən atlar"ı növbəti dəfə mərkəzə dəvət edib.

Start həyəcanını boğa bilməyən "köhlən atlar" buraxılan 2-ci qoldan sonra tədricən özünə gəlməyə başlayıb.

Hissənin ortalarına doğru təşəbbüsü ələ alan Azərbaycan çempionu bunun məntiqi nəticəsi kimi 22-ci dəqiqədə Qara Qarayev, 33-cü dəqiqədə isə Abdullah Zubirlə rəqibə təhlükəli anlar yaşadıb. Lakin hər iki oyunçunun zərbəsi hədəfdən yayınıb. 

"Qarabağ" 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. 

Ağdam təmsilçisi ikinci hissəni isə demək olar ki, hücumda keçirib. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 

70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. 

Ardınca Zubir cərimə meydançasında yerdə qaldıqdan sonra VAR-a müraciət olunsa da, matçın belçikalı baş hakimi Erik Lambrexts "Qarabağ"ın aşkar penltisini təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib. 

G qrupunun digər matçında Yunanıstan "Olimpiakos"u Fransada "Nant"a 1:2 hesabı ilə uduzub. "Qarabağ" sentyabrın 15-də II turda "Nant"ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq.  (report)
 

 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar