SON XƏBƏRLƏR

Qaradağ meşələrinin bərpası üçün ödənilən cərimə Tehran xəzinəsinə köçürülüb

2022.03.09, 07:35
Qaradağ meşələrinin bərpası üçün ödənilən cərimə Tehran xəzinəsinə köçürülüb

Gunaz.tv

Azərbaycanın Qaradağ meşələrinin məhv edilməsi üçün tətbiq olunan cərimənin Tehranın hesabına köçürülməsi, bölgə ekologiyasının bərpasına vəsait nəzərdə tutulmaması çevrə fəallarının etirazlarına səbəb olub.

Şərqi Azərbaycanın Təbii Sərvətlər və Su Hövzələrinin İdarəetmə İdarəsinin başçısı Rəhim Mehrdadi, mediaya verdiyi açıqlamada məsələyə dəqiq aydınlıq gətirmədən cərimə məbləğinin Tehranda dövlət xəzinəsinə köçürüldüyünü təsdiq edib.

Qeyd edək ki, mədən istismarı və axtarışları nəticəsində Qaradağ meşələrinin məhv edilməsi prosesi neçə illərdir ki davam edir. 

Bundan öncə Təbrizin İran parlamentindəki keçmiş nümayəndəsi Şəhabəddin Bimeqdar məsələ ilə bağlı bəyanat verərək bölgə ekologiyasına dəyən ziyana görə Süngün mis mədəni tərəfindən əyalətə ödənilməsi nəzərdə tutulan 74 milyard tümənin Şərqi Azərbaycana verilməyib və dövlət xəzinəsinə köçürüldüyünə etiraz etmişdi.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub.

Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.

Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

2019-cu ildə "Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Qaradağ meşələrində baş verən yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) hesabat təqdim edib.

Raportda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi imkanların olmaması və s. kimi məsələlərə işarə edilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar