İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Koxavi yanvarın 26-da Tel-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırmalar Müəssisəsinin illik iclasında çıxış edərək, İrana qarşı mümkün hücuma hazırlıq üçün orduya göstəriş verdiyindən xəbər verib.
Gunaz.tv
Koxavinin bu bəyanatı, ABŞ-ın Mərkəz (CENTCOM) komandanı general Kenneth Frank Mackenzie-nin Tel-Əvivə səfəri ərəfəsində səsləndirilib.
ABŞ-ın İranla imzalanmış nüvə sazişinə mümküm qayıdışını “böyük səhv” və “amaqlıq” adlandıran Aviv Koxavi bu barədə dolayı yolla ABŞ prezidenti Co Baydenə və onun hökumətinə xəbərdarlıq edib: “Mən, cari ildə İrana qarşı mümkün hücumla bağlı nəzərdə tutulmuş mövcud əməliyyat planlarından başqa, İsrail Ordusuna daha bir neçə hərbi əməliyyat planının hazırlanması barədə göstəriş vermişəm.
Aydın məsələdir ki, bu hərbi əməliyyat planlarının icrası üçün İsrailin siyasi rəhbərliyi qərar verəcək. Lakin hesab edirəm ki, bu planlar masa üzərində olmalıdır.
Hesab edirik ki, nüvə razılaşmasına qayıdış həm əməli, həm də strateji baxımdan pis və səhv bir addımdır. Daha doğrusu, bu qəbuledilməz bir təhdiddir və regionda nüvə silahlarına yiyələnməklə bağlı rəqabətin şiddətlənməsinə gətirib çıxara bilər.
Əgər nüvə sazişi qalsaydı, İran indiyə qədər atom bombası istehsalı etmək istiqamətində irəliləməyi bacara biləcəkdi. Çünki bu razılaşmada İranın nüvə fəaliyyətinin kifayət qədər nəzarətdə saxlanılması və onun atom bombası əldə etməsinin qarşısını almaq üçün məhdudiyyət nəzərə alınmayıb”, -deyə İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Koxavi Tel-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırmalar Müəssisəsinin illik iclasındakı çıxışında bəyan edib.

A.M