SON XƏBƏRLƏR

Avropa ölkələri: “Səudiyyə Ərəbistanının neft təsisatlarına hücumların səbəbkarı İrandır”

2021.10.20, 07:36
Avropa ölkələri: “Səudiyyə Ərəbistanının neft təsisatlarına hücumların səbəbkarı İrandır”

Gunaz.tv

GünazTV: BMT Baş Assambleyasının 74-cü sessiyasına qatılmaq üçün Nyu-Yorka səfər edən Fransa, Almaniya və Böyük Britaniya rəhbərləri sentyabrın 23-də birgə bəyanat yayaraq, Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumların arxasında İranın durduğunu bildiriblər. 

 

BMT qərargahında bir araya gələn Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Britaniyanın baş naziri Boris Consonun yaydığı birgə bəyanatında deyilir ki, Aramco-ya hücumların birbaşa səbəbkarı İrandır və rəsmi Tehran buna görə məsuliyyət daşımalıdır: “Aydın məsələdir ki, Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumların arxasında İran durur. Bununla bağlı başqa mümkün hər hansı bir izahat yoxdur. Hesab edirik ki, İran qonşularına qarşı provokasiya aparmaq əvəzinə dialoq yolunu seçməlidir.

 

Bu hücumlar regionda gərginlik və çaxnaşmanın şiddətlənməsinin qarşısının alınması və bütün tərəflərin öz aralarındakı ixtilafları diplomatik, danışıqlar  yolu ilə aradan qaldırmasının zərurtini bir daha göstərdi.

 

Biz, hesab edirik ki, İran hökumətinin apardığı nüvə və raket proqramı barədə, eləcə də regionun təhlükəsizliyi ilə bağlı uzunmüddətli danışıqlara qatılmasının zamanı çatıb. Biz İrandan istəyirik ki, bu  müzakirələrin aparılmasını qəbul etsin, onunla bağlı üzərinə öhdəlik götürsün və regionda gərginliyin şiddətlənməsinə səbəb olan hər hansı bir provokativ əməl və addımdan çəkinsin” – deyə Fransa, Almaniya və Britaniya rəhbərlərinin yaydığı birgə bəyanatında bildirilir.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar