SON XƏBƏRLƏR

Avropa Parlamentinin 45 deputatı Federiko Moqeriniyə məktub yazaraq İranda baş örtüyünü açan qadınlara dəstək verməsini tələb edib

2021.10.20, 07:36
Avropa Parlamentinin 45 deputatı Federiko Moqeriniyə məktub yazaraq İranda baş örtüyünü açan qadınlara dəstək verməsini tələb edib

Gunaz.tv

GünAzTV: Martın 1-də Avropa Parlamentinin 45 deputatı, birliyin xarici işlər naziri Federiko Moqeriniyə birgə məktub yazaraq İranda məcburi hicaba qarşı etiraz əlaməti olaraq baş örtüyünü açan qadınlara dəstək verməsini tələb ediblər.

 

Məktubda, baş örtüyünü açdığına görə tutulan qadınlara, o cümlədən də Vida Müvəhhid, Şima Babayi və Nərgiz Hüseyninin həbsinə toxunularaq, İran rejiminin qadınların məcburi hicaba qarşı başlatdığı kampaniyanın guya xaricdən idarə olunduğu barədəki iddiaları rədd edilir: “Biz, sizdən istəyirik ki, İranda məcburi hicaba qarşı etiraz bildirdiyinə görə həbs edilən qadınlara açıq şəkildə dəstək verəsiniz və İran rəsmilərindən həmin qadınları dərhal və qeydsiz-şərtsiz azadlığa buraxmasını tələb edəsiniz”.

 

Həmçinin, Beynəlxalq Əfv Təşkilatı fevralın 26-da bəyanat yayaraq, İranda ən azı 35 qadının baş örtüyünü açdığına görə rejim qüvvələri tərəfindən həbs olunmasından nigaran qaldığını bildirib. Bəyanatda bildirilir ki, məcburi hicaba qarşı dinc etirazını bildirdiyinə görə həbs edilən onlarla qadın təzyiqə məruz qalaraq, hazırda ədalətsiz məhkəmələrlə üz-üzə qalıb.

 

 

Xatırladaq ki, İranda qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar