SON XƏBƏRLƏR

Avstraliyadan ikili vətəndaşlığı olanlara xəbərdarlıq: İrana getməyin!

2021.10.20, 07:36
Avstraliyadan ikili vətəndaşlığı olanlara xəbərdarlıq: İrana getməyin!

Gunaz.tv

GünAz TV: Avstraliya Xarici İşlər Nazirliyi İran əsilli vətəndaşlarını bu ölkəyə səfər etməkdən çəkinməyə çağırıb. İrana səfərlə bağlı tövsiyələr Meymənət Hüseyni Çavuşinin İranda həbs edilməsindən bir gün sonra Avstraliya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

 

Avstraliya XİN ikili vətəndaşlığı olan İran əsilli vətəndaşlarından bu ölkəyə planlaşdırdıqları səfərləri ləğv etməsini istəyib. XİN-in məlumatında qeyd edilən vətəndaşların İrana səfəri zamanı onları ya rəsmi, ya da öznaşına həbs təhlükəsi gözlədiyi vurğulanır: “Tədqiqat və akademik fəaliyyətlər ilə məşğul olan vətəndaşlar İran rəsmilərinin diqqətini çəkdiyinə görə, onlar bu ölkəyə səfər etdikləri təqdirdə həbs oluna bilərlər. Buna görə də akademik fəaliyyətlə məşğul olanlar və tələbələr bu tövsiyələri diqqətdə saxlamalıdılar”- deyə müraciətdə qeyd olunur.

 

Müraciətdə həmçinin bildirilir ki, İran ikili vətəndaşlığı rəsmi olaraq qəbul etmədiyinə görə, İran əsilli Avstraliya vətəndaşları bu ölkədə həbs edildiyi təqdirdə, Avstraliyanın Tehrandakı səfirliyi öz vətəndaşlarına dəstək ola bilməyəcək.

 

Qeyd edək ki, İran mətbuat orqanları Avstraliya Milli Universitetinin tədqiqatçısı və demoqrafiya müəllimi olan Meymənət Hüseyni Çavuşinin ölkədən çıxarkən həbs edildiyi barədə məlumat yaymışdılar. Agentliklər öz xəbərlərində İran təhlükəsizlik qüvvələrinin onu “xarici xüsusi xidmət orqanları ilə əlaqə”yə görə həbs etdiklərini bildirmişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar