SON XƏBƏRLƏR

Axund Cənnəti: “Gələn il ölkədə baş verəcək olaylardan çox nigaranam”

2021.10.20, 07:36
Axund Cənnəti: “Gələn il ölkədə baş verəcək olaylardan çox nigaranam”

Gunaz.tv

GünAzTV: İranda Konstitusiyaya Nəzarət Şurasının rəhbəri axund Əhməd Cənnəti, fevralın 5-də Tehranda keçirilmiş bir topantıda çıxış edərək, ay yarım əvvəl ölkədə ruhanilərin hakimiyyətinə qarşı keçirilmiş kütləvi xalq etirazlarından danışıb.

 

İslam inqilabının 40-cı ildönümünün bu il necə qeyd olunması mövzusu ilə bağlı keçirilmiş topnantıda son etirazlara toxunan Cənnəti deyib ki, yoxsulluqdan cana gəlib, küçələrə axışıb mövcud duruma etiraz bildirən insanların səsini hakimiyyət eşitməlidir: “Ölkədə baş verən son etirazlar birbaşa yoxsulluqla bağlıdır. Cəmiyyətdəki təbəqələr arasında fərq çox olanda, yoxsullar buna dözə bilmədiklərinə görə küçələrə axışıb etiraz edirlər. Biz onlardan gözləyə bilmərik ki, səsləri çıxmasın və etiraz etməsinlər. Hesab edirəm ki, durumdan narazı olanların da səsi uca çıxmalıdır. Lakin onlar öz etirazlarını qanun çərçivəsində bildirməlidirlər.

 

Mən, gələn ildən çox nigaranam. Düşünürəm ki, görəsən nələr baş verəcək. Elə buna görə də, hesab edirəm ki, bununla bağlı bütün ehtimalları indidən araşdırıb nəzərə almaq lazımdır. Bu gün, ölkədə hakim sistemi və islamı devirmək məsələsi gündəmə gətirilib. Məhz buna görə də, bütün bu təhlükə və fitnələri aradan qaldırmaq lazımdır.

 

Hesab edirəm ki, biz, xalqın səsini eşitməli, onların səsinə səs verməli, özümüzü onlardan ayırmamalıyıq. Mən dərinə getmək istəmirəm. Onsuz da əlimdən bir iş də gəlmir. Ancaq oturub qüssələnirəm. Yemək yeyəndə də özümü narahat hiss edirəm. Fikirləşirəm ki, biz oturub rahat yediyimiz zaman, niyə bəziləri yeməyə bir şey tapmır və buna imkanları olmur.

 

Ölkə rəsmilərinin yaşam tərzi və səviyyəsinə gəldikdə, hesab edirəm ki, onların həyatı sadə olmalıdır. Onlar elə yaşamalıdır ki, yoxsul əhali onlara baxıb qüssədən dığlamasın. Bu gün ölkə əhalisinin maddi durumu və gün-güzəranı çox ağırdır. Küçələrdə etiraz edənlər də həmin yoxsullar və kasıblardır. Çünki onlar bu ağır həyata dözə bilmirlər.

 

Hazırda bizim iqtisadi problemlərimiz az deyil. Banklarımız da fəsad və korrupsiya mərkəzinə çevriliblər. Ölkədə siyasi və təhlükəsizlik baxımdan çox iş görülüb, lakin əhalinin güzəranının yaxşılaşdırılması üçün kifayət qədər müsbət iş görülməyib. Hesab edirəm ki, hökumət gördüyü işlər barədə xalqa hesabat verməlidir”.

 

 

Xatırladaq ki, ay yarım əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib.

 

Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin çoxunun “intihar” etdiyini iddia edirlər.

 

 “Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət rejimi hökm sürdüyünə görə, etirazlar pərakəndə şikildə davam etdirilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar