SON XƏBƏRLƏR

Axund Laricani, Əhmədinejadla bağlı bəzi dosye və sənədlərin təfərrüatının yayılacağını bildirib

2021.10.20, 07:36
Axund Laricani, Əhmədinejadla bağlı bəzi dosye və sənədlərin təfərrüatının yayılacağını bildirib

Gunaz.tv

GünAzTV: İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricani dekabrın 18-də jurnalistlərə açıqlamasında, əleyhinə irəli sürdüyü ittihamları sübut etmək üçün keçmiş prezident Mahmud Əhmədinejadın ona verdiyi 48 saat vaxtla bağlı xəbərdarlığına reaksiya verib.

 

Sadıq Laricaninin məsələyə reaksiyası, Əhmədinejadın ona verdiyi 48 saatlıq xəbərdarlığından bir gün sonraya təsadüf edib.

 

Öz açıqlamasında Əhmədinejadın adını çəkməyən axund Laricani bildirib ki, keçmiş prezident və onun yaxın adamları ilə bağlı bəzi dosye və sənədlərin ictimaiyyətə çıxarılması üçün başçılıq etdiyi qurumun rəsmilərinə göstəriş verib: “Təəssüflər olsun ki, xarici düşmənlərlə daxili cahillər, Məhkəmə Sisteminin informasiya və məlumatlandırma işində yaranmış boşluqdan sui-istifadə edərək qərəzli bəyanatlar səsləndirirlər. Mən, Məhkəmə Sistemi rəsmilərindən istəmişəm ki, hər hansı bir çaxnaşma və mübahisəyə yol vermədən, imkan daxilində ortaya çıxan bəzi şübhəli məqamlara cavab verib məsələyə aydınlıq gətirsinlər.

 

Bəzən, insan hüquqları adı və bəhanəsi ilə həqiqətə uyğun olmayan bəzi materiallar yayaraq məhkum edilmiş şəxsdən bir qəhrəman yaradırlar. Elə buna görə də, hesab edirəm ki, ictimai rəyin çaşqınlığına səbəb olan hər hansı bir şayiənin qarşısını almaq üçün Məhkəmə Sistemi, bəzi hökmlərin qətiləşməsindən sonra onlarla bağlı bəzi dosye və sənədlərin təfərrüatını açıqlamalı, cəmiyyəti bu barədə məlumatlandırmalıdır”.

 

Əhmədinejad, dekabrın 17-də yaydığı bir video-çarxda, ona və onun komandasına qarşı irəli sürdüyü ittihamları sübut etmək üçün Məhkəmə Sisteminin rəisi Sadıq Laricaniyə 48 saat vaxt verib.

 

               İranın keçmiş prezidenti Mahmud Əhmədinejad

 

Xatırladaq ki, axund Laricani dekabrın 13-də tələbələrlə görüşündə, Əhmədinejadı və onun prezidentliyi dövründə vəzifə tutmuş yaxın adamlarını “fitnəkar”, “azğın” və “Babək Zəncaninin himayədarı” adlandıraraq, onları, başçılıq etdiyi quruma qarşı ittihamlar yağdırmaqda və Məhkəmə Sistemini zəiflətməkdə günahlandırmışdı.

 

Əhmədinejad isə yaydığı video-çarxda axund Laricanini tutduğu vəzifədən sui-istifadə etməkdə, ölkənin ana yasasına və mövcud qanunlarına riəayət etməməkdə günahlandırıb: “Məhkəmə Sistemi islah olunsa, ölkə də islah olunacaq və bir çox problemlər öz həllini tapacaq. Laricani tələbələr qarşısında çıxış edərək bizi “fitnəkar”, “azğın” və “Babək Zəncaninin himayədarı” adlandırıb.

 

Mən isə üzümü Sadıq Laricaniyə tutub deyirəm:- Mən sizdən, mənə və dostlarıma ədalətli  bir məhkəmə keçirilməsini gözləmirəm. Lakin əgər hətta sizin başçılıq etdiyiniz hansısa  bir saxta məhkəmədə mənə və dostlarıma qarşı irəli sürdüyünüz bu ittihamlara görə məhkum edilmişiksə, həmin ittihamları sübut edən sənədləri ictimaiyyət qarşısına çıxarmağınız üçün sizə 48 saat vaxt verirəm. Əks təqdirdə, şəxsən sizin son 8 ildə tutduğunuz postda gördüyünüz işləriniz və əməlləriniz barədə nəzərimi ictimaiyyətə bildirəcək, hər şeyi xalqa açıqlayacağam”.

 

Qeyd edək ki, son aylar keçmiş prezident Mahmud Əhmədinejad və ona yaxın adamlar İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricanini və onun qardaşlarını tutduqları vəzifədən sui-istifadə etməkdə, dövlət əmlakını mənimsəməkdə və oğurluqda günahlandırırlar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar