SON XƏBƏRLƏR

Axund Məkarim Şirazi: “Bəziləri deyir ki, islamda hicab məcburi deyil, biz isə deyirik ki, islam baxımından hicabsızlıq günahdır”

2021.10.20, 07:36
Axund Məkarim Şirazi: “Bəziləri deyir ki, islamda hicab məcburi deyil, biz isə deyirik ki, islam baxımından hicabsızlıq günahdır”

Gunaz.tv

GünAzTV: Qum dini hövzəsinin (mollaxanasının) axundu, Nasir Məkarim Şirazi, fevralın 28-də tələbələrinə keçdiyi “xaric fiqh” dərsində hicabdan və ölkənin bir sıra qadınlarının məcburi hicaba qarşı çıxaraq küçədə baş örtüyünü açmasından danışıb.

 

Axund bildirib ki, qadınların küçədə baş örtüyünü açması, araq içmək, narkotik maddə çəkmək, rüşvət almaq və oğurluq etmək əməlləri kimi cinayət sayılır və onun qarşısı alınmalıdır: “Ölkədə bəziləri deyir ki, islamda hicab məcburi deyil və biz insanların şəxsi həyatına qarışmamalıyıq. Biz isə onların cavabında deyirik ki, islam baxımından hicabsızlıq günah əməli sayılır və cəmiyyətdə buna yol verilməməlidir. Deyirlər ki, insan öz şəxsi həyatında azad olmalı, istədiyi kimi yaşamalıdır. Lakin biz isə deyirik ki, bu fikir düzgün deyil. Hesab edirik ki, cəmiyyətdə pis işlər kimi tanınan araq içmənin, oğurluğun və rüşvətin qarşısı alındığı kimi, hicabsızlığın da qarşısı alınmalıdır.

 

Düşünürəm ki, “əmr be məruf və nəhy əz münkir” (insanları yaxşı işlərə təşviq etmək və pis işlərdən çəkindirmək” işi və vəzifəsi cəmiyyətimizdə ümumiləşdirilməli, insanlar bir-birlərini pis işlərdən çəkindirməlidirlər. Bu, heç də zorakılıq və başqasının şəxsi həyatına qarışmaq kimi sayılmır”.

 

Qeyd edək ki, son aylar ölkə qadınlarının vaxtaşırı küçələrdə baş örtüyünü açması, İranın dini dairələrində hicabın islamda məcburi olub-olmaması məsələsini gündəmə gətirib. Bəzi keçmiş və indiki rəsmilər isə əvvəlki mövqelərində dəyişiklik edərək bəzən açıq şəkildə, bəzən də dolayı yolla hicaba qarşı çıxan qadınlara dəstək verir, son 40 ildə ölkədə məcburi hicabla bağlı yürüdülən siyasətin məğlubiyyətə uğramasını etiraf edirlər.

 

 

Xatırladaq ki, İranda qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar