SON XƏBƏRLƏR

Ay yarım əvvəl etirazlarda tutulan dərviş Məhəmməd Səlas 3 dəfə qisasa məhkum edilib

2021.10.20, 07:36
Ay yarım əvvəl etirazlarda tutulan dərviş Məhəmməd Səlas 3 dəfə qisasa məhkum edilib

Gunaz.tv

GünAzTV: Ay yarım əvvəl Tehranda hökumət qüvvələrinin dinc etirazçı dərvişlərə qarşı hücumunda tutulan və 3 polis əməkdaşının qətlində günahlandırılan müttəhim Məhəmməd Səlas həbsə və 3 dəfə qisasa məhkum edilib.

 

Tehran məhkəməsi, dərviş Məhəmməd Səlası, etirazlar zamanı qəsdən adamöldürmədə və ictimai asayişi pozmaqda günahlandıraraq, 3 dəfə edama (qisasa) və həbs cəzasına məhkum edib. Dərviş isə məhkəmənin ona qarşı irəli sürdüyü bütün ittihamları rədd edərək hadisəni qəsdən törətmədiyini bildirib: “Polislər məni tutub vəhşicəsinə döydülər. Başımdan ağır dəyənək zərbələri almışdım, bir qolum da sınmışdı, görmə qabiliyyətim də zəifləmişdi. Mən qorxu və iztirab içindəydim. Polislərin əlindən qaçmağa cəhd edirdim. Nəyin baş verdiyinin fərqində deyildim. Avtobusa minib sürməyə başlarkən həmin iztiraba görə ona nəzarəti itirdim. Mənim avtobusu polislərin üstünə sürməyə hər hansı bir planım və ya niyyətim yox idi. Hər şey bir an içində istəmədən baş verdi”.

 

Bildirilir ki, son ay yarımda bir neçə dəfə məhkəməsi keçirilən dərviş Məhəmməd Səlas, məhkəmə iclaslarında vəkildən məhrum edilib və o, istədiyi kimi özünü müdafiə edə bilməyib. İranın polis rəsmiləri bundan əvvəl öz açıqlamalarında dərvişin Novruz bayramı ərəfəsində edam ediləcəyini bildirsələr də, sonradan hökmün icrası müvəqqəti olaraq təxirə salınıb.

 

Həbs edilərkən polis tərəfindən vəhşicəsinə döyülən Məhəmməd Səlas

 

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmada 3 polis və 1 “Bəsic” muzdlusu öldürülüb, onlarla dərviş yaralanıb. Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilərək naməlum istiqamətə aparılıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar