Xiyavda iki milli-mədəni fəal məhkəməyə dəvət olunub.
Gunaz.tv
Xiyav (Meşkin) şəhərində yaşayan güneyli milli-mədəni fəallar Aydın Zakiri və Siyamək Seyfi, ayrı-ayrılıqda aldıqları bildirişlər vəsatisilə Xiyav İnqilab Məhkəməsinə çağrılıblar. Onlardan bildirişin məhkəmənin elektron sistemində dərcindən sonra 5 gün içində müdafiə üçün Xiyav Ümumi və İnqilab Məhkəməsinin ikinci şöbəsində hazır olmaları istənilib.
Göndərilən çağırış vərəqələrində Zakiri və Seyfiyə qarşı irəli sürülən ittihamlar sıra ilə “toplumun ümumi asayişini pozmaqda iştirak etmək” və “toplumun ümumi asayişini pozmaq üçün əlbir olmaq” göstərilib.
Hər iki fəal 18 oktyabr 2020-ci ildə Güney Azərbaycan şəhərlərində Qarabağın azad edilmə əməliyyatlarına dəstək və İran hökumətinin Ermənistana hərbi, texniki və locistik yardımlarına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanılmışdılar.
Qeyd edək ki, Qarabağın azad edilməsi uğrunda aparılan əməliyyatlar zamanı İran hökumətinin Ermənistana dəstək verməsi Güney Azərbaycanda etirazlarla qarşılandı. Etiraz aksiyalarında iştirak edən yüzlərlə güneyli tutuldu, döyüldü və həbs edildi. Həbs olunanların bir çoxunun məhkəmə prosesi bu gündə davam etməkdədir.
C.E

