SON XƏBƏRLƏR

Ayrı-seçkilik siyasətinə məruz qalan güneylilər “Perspolis”in Yaponiya komandasına uduzmasını sevinclə qarşılayıblar - GÖRÜNTÜ

2021.10.20, 07:36
Ayrı-seçkilik siyasətinə məruz qalan güneylilər “Perspolis”in Yaponiya komandasına uduzmasını sevinclə qarşılayıblar - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İran rejimi hər zaman dəstək verdiyi Tehranın “Perspolis” komandasını İranda yaşayan bütün millətlərin təmsilçisi kimi qələmə verə bilməyib.

 

Şənbə günü Tehranda bu şəhərin “Perspolis” və Yaponiyanın “Kaşima Antlers” komandaları arasında keçirilən görüşün Yaponiya təmsilçisinin qələbəsi ilə yekunlaşması İranda bir çoxlarının, o cümlədən azərbaycanlıların sevincinə səbəb olub.

 

Asiya Çempionlar Liqası çərçivəsində keçirilən görüş Azadi stadionunda baş tutub. Ötən həftə səfərdə 2:0 hesabı ilə uduzan “Perspolis” evdə 0:0 bərabər hesabla oyunu başa vurub. Bununla da Yaponiyanın “Kaşima Antlers” komandası yarışların çempionu elan olunub.

 

Güney Azərbaycan şəhərlərində əhali “Perspolis”in uduzmasını böyük sevinclə qarşılayıb. Bu münasibətlə xiyabanlarda şirniyyat paylanılıb və Yaponiyanın bayrağı nümayiş etdirilib. İranın daha bir neçə şəhərində də oxşar hadisələr baş verib. İsfahanda “Perspolis”in bayrağının yandırıldığı, İlam əyalətində isə bir "İstiqlal"çının "Perspolis" tərəfdarları tərəfindən öldürüldüyü bildirilir. Məlumata görə, Eyvan şəhərinə bağlı olan Zərnə qəsəbəsində "Perspolis"in məğlubiyyəti ilə bağlı şənlik edən "İstiqlal" komandasının tərəfdarları ilə "Perspolis"çilər arasında qarşıdurma yaşanıb, hadisə nəticəsində bir "Perspolis"çi "İstiqlal"çılar tərəfindən silahla qətlə yetirilib.

 

Soydaşlarımızın fikrinə görə, Azərbaycanı “Perspolis” deyil, “Traxtur” təmsil edir.

 

Təbrizdə “Traxtur” tərəfdarları “El gölü” parkına toplaşaraq milli şüarlar səsləndiriblər. Urmiyə Universitetinin öyrənciləri “Təbriz, Yaponiya, Ərdəbil – Bu səs Urmudan gəlir” şüarını dilə gətiriblər. Bu şüar sürətlə sosial şəbəkələrdə yayılıb.

 

Güney Azərbaycanın Zəncan şəhərində də milli şüarların səsləndirildiyi bildirilir.

 

Bir çox azərbaycanlı internet istifadəçisi Yaponiyanın bayrağını “Traxtur” və Azərbaycan bayrağı ilə birlikdə nümayiş etdirib.

 

Bu arada “Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi “Traxtur”-“Zob Ahən” görüşündə “Kaşima Antlers” komandasının “Traxtur” tərəfdarları tərəfindən təşviq edilməsinə münasibət bildirib.

 

Movzu ilə bağlı “Vərzeş 3” idman xəbər agentliyinə danışan M.Zenuzi bunu “Perspolis”in bir milli komandası kimi təqdim edilməsi və hökumətin “Traxtur”a qarşı yol verdiyi ayrı-seçkilik siyasəti ilə əlaqələndirib.

 

 

“Traxtur” klubunun sahibi Gənclər və İdman nazirinə xitabən bildirib ki, keşkə bütün komandalar, hətta İranın milli komandasına “Perspolis” qədər yardım edilsəydi! Müəyyən bir qrupa dəstək verməklə bütün əhalinin narazılığına səbəb olursunuz. Siz bütün ölkənin idmanına cavabdehsiniz. Bu hərəkətlər sizə yaraşmır.

 

Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars irqçilərinin dəstək verdiyi əsas komandalardır. İranda qeyri-fars millətlərə mənsub gənclər bu komandalara qarşı xüsusi həssaslıq göstərir. Dövlət bütün etirazlara baxmayaraq “Perspolis” və “İstiqlal”ı dəstəkləyir, onlara maliyyə yardımı göstərir.

 

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar