SON XƏBƏRLƏR

AZƏRBAYCAN ABŞ-la İRAN ARASINDA QALIB

2021.10.20, 07:36
AZƏRBAYCAN ABŞ-la İRAN ARASINDA QALIB

Gunaz.tv
Xəzər İbrahim: “Biz regionda yeni bir münaqişənin yaranmasını istəmirik” Vəfa Quluzadə: “Azərbaycan öz ərazisini ABŞ-a verməyəcək” ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı məlumatlar yenidən dünyanın aparıcı mətbuat orqanlarının gündəminə çıxıb. İrana qarşı hərbi əməliyyatlar ehtimalının yüksək olduğunu bu dəfə Amerika Konqresinin nüfuzlu üzvlərindən biri konqresmen Mark Kirk söyləyib. ABŞ-ın İraqa qarşı hərbi əməliyyatlara başlamasında fəal rol oynayanlardan biri olan Mark Kirk deyib ki, hazırda o, İranın nüvə təhdidlərini aradan qaldırmaq üçün özəl plan üzərində işləyir. Kirkin bizimçün ən diqqətçəkən fikri Azərbaycanla bağlıdır. O deyib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlasa, Türkiyədən yox, Azərbaycan, Bəhreyn və Küveytdən yardım gözləyəcək. “Türkiyədən gözlədiyimiz isə o olacaq ki, heç nəyə qarışmasın” - deyən konqresmenin Azərbaycanın roluna önəm verməsi ölkəmizin başının üstündə təhlükələrin dolaşdığını söyləməyə imkan verir. Son vaxtlardan Azərbaycanın bu münaqişədə neytral olacağını söyləyən ölkə hakimiyyətinin bu məsələyə münasibəti maraq doğurur. XİN-in mətbuat katibi Xəzər İbrahim bildirdi ki, fərziyyələrə şərh vermək istəmir: “Digər tərəfdən, Azərbaycan öz mövqeyini dəfələrlə bildirib ki, regionun bütün münaqişələrinin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Biz istəməzdik ki, regionda hansısa bir yeni münaqişə yaransın. Çünki bölgə artıq münaqişələrdən doyub. Nəzərə alınsa ki, regionda Abxaziya, Osetiya, digər tərəfdən Ermənistan-Azərbaycan münaqişəsi var, bu problemlər regionda böyük təhlükələr yaradır. Yeni bir problem olsa, bu, bölgənin vəziyyətini daha da acınacaqlı edəcək”. İraq əməliyyatları zamanı Türkiyənin oynadığı rolu İran məsələsində Azərbaycan təkrarlayarsa, bu, ölkəmizlə ABŞ arasındakı münasibətlərə təsir göstərməz ki? X.İbrahim suala konkret cavab vermədi: “Biz fərziyyələri diplomatik səviyyədə şərh edə bilmərik. Bu, bütün dünyada qəbul olunmuş qaydadır”. Politoloq Vəfa Quluzadənin fikrincə isə bəyanat İrana təzyiq etmək məqsədi daşıyır: “Çünki dəqiq heç kəs deyə bilməz ki, ABŞ İrana zərbə endirəcək. Amma müxtəlif yollarla İrana təzyiq etmək üçün gah Amerika, gah da İsraildən belə bəyanatlar verilir. Ona görə də gəlin nəticə çıxarmaq üçün tələsməyək”. Ekspert indiki halda Azərbaycanın İranla bağlı mövqeyinin birmənalı olduğunu qeyd etdi: “Azərbaycan öz ərazisini ABŞ-a verməyəcək. Özü də bu, rəsmi Bakı ilə Vaşinqton arasında heç bir problem yaratmayacaq. Elə bugünlərdə İraq hakimiyyəti özü də öz ərazisindən İrana qarşı əməliyyatlar keçirilməsinə icazə verməyəcəyini bildirdi. Üstəlik, ABŞ-ın İran ətrafında o qədər bazaları var ki, Azərbaycandan imtina da edə bilər, elə İraqın özündən də”. Cavid TURAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar