SON XƏBƏRLƏR

AZƏRBAYCAN İNCƏSƏNƏTİ İLK DƏFƏ VATİKANDA TƏMSİL OLUNMUŞDUR

2021.10.20, 07:36
AZƏRBAYCAN İNCƏSƏNƏTİ İLK DƏFƏ VATİKANDA TƏMSİL OLUNMUŞDUR

Gunaz.tv
AZƏRBAYCAN İNCƏSƏNƏTİ İLK DƏFƏ VATİKANDA TƏMSİL OLUNMUŞDUR vatikanda.jpg AzərTAc xəbər verir ki, Vatikanda , Apostol Dəftərxanası Sarayında Azərbaycanın əməkdar rəssamı, YUNESKO Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətovun Bibliya mövzusunda çəkilmiş əsərlərindən ibarət sərgi açılmışdır. Sərginin açılışında çıxış edən Azərbaycanın Vatikandakı səfiri Elçin Əmirbəyov vurğulamışdır ki, tədbirdən məqsəd Azərbaycanın hazırda aktual səslənən sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun inkişafına artmaqda olan töhfəsinə kömək göstərmək, habelə Azərbaycanla Vatikan arasında mədəni əlaqələri genişləndirməkdir. Mədəniyyət üzrə Apostol Şurasının katibi Bernar Ardura çıxışında belə bir mühüm təşəbbüsün vaxtında həyata keçirilməsinə, habelə dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfəyə görə Azərbaycan səfirliyinə nminnətdarlığını bildirərək xüsusi vurğulamışdır ki, tədbirin Avropa İttifaqının 2008-ci ili müxtəlif dinlər arasında dialoq ili elan etməsi baxımından əhəmiyyəti böyükdür. Yüksək vəzifəli Vatikan nümayəndəsi Azərbaycan cəmiyyətində tolerantlığın və mehribanlığın yüksək səviyyədə olduğunu, ölkəmizdə katolik icmasına əla münasibət göstərildiyini vurğulayaraq, bununla bağlı ölkə rəhbərliyinə və Qafqaz Müsəlmanları İdarəsinin başçısı şeyxülislam Allahşükür Paşazadəyə xüsusi minnətdarlığını bildirmişdir. B.Ardura Bibliya mövzusunda çəkilmiş tabloların müəllifinin əhalisinin əksəriyyəti müsəlman olan bir ölkənin nümayəndəsi olması faktının əhəmiyyətini xüsusi qeyd edərək demişdir ki, bu, Azərbaycan xalqının müxtəliflik və dözümlülük dəyərlərinə sadiq qaldığını bir daha təsdiq edir. B.Ardura mart ayında Bakıda Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin Azərbaycana səfərinə həsr olunmuş yeni katolik kilsəsinin açılmasını yüksək qiymətləndirmişdir. Nümayiş etdirılən əsərlərdən danışan B.Arduro müəllifin parlaq və mənalı obrazlar yaratdığını, belə bir sənətin müxtəlif mədəniyyətləri təmsil edən insanları bir-birinə daha da yaxınlaşdırdığını xüsusi vurğulamışdır. Azərbaycan incəsənətinin Vatikanda ilk sərgisinin açılış mərasimi rəsmi qəbulla başa çatmışdır. Qəbulda Vatikanda akkreditə olunmuş səfirlər, Müqəddəs Taxt-tacın yüksək vəzifəli nümayəndələri, habelə Romada yaşayan həmvətənlərimiz iştirak etmişlər. www.dak.az ------------------------------------------------------------------------------------ MOSKVADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNÜ AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, “AMOR” gənclər təşkilatı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbə birliyi və xarici tələbələr şurasının təşkilati dəstəyi ilə mayın 20-də universitetin Mədəniyyət Evində Azərbaycan mədəniyyəti günü keçirilmişdir. Moskvanın müxtəlif ali məktəblərinin 700–dən çox tələbəsi, vaxtilə bu ali məktəbi bitirən azərbaycanlı məzunlar, ictimai və diaspor təşkilatlarının nümayəndələri, səfirliyin əməkdaşları, KİV təmsilçilərinin iştirak etdiyi tədbirdən əvvəl Mədəniyyət Evinin foyesində Azərbaycan mədəniyyətini əks etdirən eksponatlar, ümummilli lider Heydər Əliyev haqqında fotosərgi nümayiş etdirilmiş, iştirakçılara müxtəlif kitab və prospektlər, “Baku” jurnalı, “Avroviziya-2008” beynəlxalq mahnı müsabiqəsində Azərbaycana dəstək bukletləri paylanmışdır. Tədbirin əvvəlində M.V.Lomonosov adına MDU-nun xarici əlaqələr üzrə prorektoru professor N.Syomin çıxış edərək universitetin rektoru akademik V.Sadovniçinin təbrikini çatdırmış, universitetin Azərbaycan ali təhsil müəssisələri ilə yaranmış qarşılıqlı əlaqələrindən danışmış, Bakıda açılan filialın əhəmiyyətini xüsusi vurğulamışdır. MDU-da təhsil alan tələbələrin “Azərbaycan Klubu” yaratmasını, təşkilatlanmasını və fəal ictimai fəaliyyətini təqdirəlayiq hesab edən N.Syomin, Azərbaycan səfirliyi ilə sıx əməkdaşlığı yüksək qiymətləndirmişdir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin universitetin fəxri doktoru adına layiq görülməsini qarşılıqlı dostluq münasibətlərinin bariz nümunəsi adlandıran prorektor, gələcəkdə də həmin prosesin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirmişdir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək tədbirin təşkilinə şərait yaratdığına görə universitet rəhbərliyinə minnətdarlığını bildirmiş və Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanma prosesində MDBMİ(U)-nun müsbət təcrübəsinin, eləcə də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın bu işə göstərdiyi əməli köməyi xüsusi qeyd etmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması barədə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamının əhəmiyyətindən danışan səfir bu sənədin təhsilin inkişafında mühüm rol oynayacağını vurğulamışdır. Tədbirdə geniş konsert proqramı Azərbaycan haqqında videofilmin nümayişi ilə başlanmışdır. Vaxtilə M.V.Lomonosov adına MDU-nun məzunları, hazırda Azərbaycan rəhbərliyində çalışan şəxslərdən alınmış müsahibələr səsləndirilmişdir. Konsert proqramında Azərbaycandan gəlmiş müğənnilər xalq və müasir estrada mahnılarını ifa etmiş, milli rəqslər, tələbələrin şən və hazırcavablar klubu üzvlərinin əvvəlcədən hazırlanmış səhnələri göstərilmişdir. Sonda MDU tələbələrinin “Azərbaycan Klubu”nun sədri U.Əliyev bütün tələbələr adından universitet, səfirlik və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbərliyinə səmimi minnətdarlıq bildirərək gənclər qarşısında qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəkləri barədə əminliyini ifadə etmişdir. Tədbir səhnədə çoxsaylı tələbələrin Azərbaycan rəqsləri ilə başa çatmışdır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar