SON XƏBƏRLƏR

AZƏRBAYCAN MDB-dən ÇIXSA..._Siyasi ekspertlərin rəyi birmənalı deyil

2021.10.20, 07:36
AZƏRBAYCAN MDB-dən ÇIXSA..._Siyasi ekspertlərin rəyi birmənalı deyil

Gunaz.tv
AZƏRBAYCAN MDB-dən ÇIXSA... Siyasi ekspertlərin rəyi birmənalı deyil 502.jpg İki gün öncə Gürcüstan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxdığı haqda qərar qəbul etdi. MDB-nin daha bir üzvü Ukrayna da qurumda qalıb-qalmamaq məsələsinin sentyabr ayında Ali Radanın iclasında müzakirəyə çıxarılacağını açıqlayıb. Ukraynanın məsələni parlamentdə müzakirəyə çıxaracağı bu dövlətin də MDB üzvlüyündən imtina edəcəyi ehtimalını artırır. GUAM çərçivəsində bu ölkələrlə əməkdaşlıq edən Azərbaycan və Moldova isə bu məsələdə son dərəcə ehtiyatlı mövqe nümayiş etdirirlər. Bəs Azərbaycanın müxalifət təşkilatlarının liderləri bu barədə hansı mövqedədirlər? Ölkəmiz MDB-dən çıxmalıdırmı? Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, baş verən hadisələrdən sonra Gürcüstanın MDB-də qalmağa razı olacağını güman eləmək çox çətin idi. Digər dövlətlərə gəldikdə isə bunu proqnozlaşdırmaq asan deyil: “Hər halda, Ukraynanın bu məsələdə mövqeyi çox önəmlidir. Azərbaycan hakimiyyəti də Saakaşvilinin çağırışına ciddi yanaşmalıdır. Hərçənd hakimiyyətin davranışı bu yöndə nikbin olmağa əsas vermir. Ancaq hər halda, düşünməyə dəyər. Çünki MDB süni qurumdur və artıq öz funksiyasını bitirib. İndiki mərhələdə MDB çərçivəsində keçirilən görüşlər, sadəcə, klub xarakteri daşıyır. Azərbaycan MDB üzvü bütün dövlətlərlə ikitərəfli maraqlara əsaslanan münasibətlər qurmağı bacarmalıdır”. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov bildirdi ki, beynəlxalq münasibətlərdə önəminə görə MDB-yə nəinki birinci, hətta ikinci məsələ kimi də baxılmır: “Qurumun Moskvada keçirilən son iclasında Putin bəyan etdi ki, MDB SSRİ-nin dağılmasını tarazlamaq üçün yaranmışdı və bu mənada öz missiyasını yerinə yetirib. MDB ilə bağlı başqa gözləntilər yoxdur. Ona görə də artıq beynəlxalq aləmdə hamı tərəfindən qəbul olunan bir rəy var ki, MDB bir sıra dövlətlərin prezidentlərinin klubuna bənzəyir. MDB son illərdə heç bir ciddi qərarlar qəbul etməyib. Prezidentlər bu klubda vaxtaşırı görüşüb heç bir ciddi qərar qəbul etmədən dağılışırlar”. E.Namazovun fikrincə, Gürcüstanın qərarı MDB-nin taleyində hansısa bir əsaslı rol oynamayacaq. Gürcüstanın həmin gün qəbul etdiyi və mitinqdə elan olunan başqa bir qərar daha önəmlidir: “Bu da onunla bağlıdır ki, Gürcüstan bağladığı sazişlərin hamısını ləğv etdi. Bu qərarın siyasi əhəmiyyəti daha böyükdür. Rusiya da məhz bu qərara ciddi reaksiya verdi. MDB-nin isə taleyi nə siyasətçiləri, nə də sadə insanları bir o qədər də maraqlandırır. Nəzərə alsaq ki, Rusiyanın vahid dövlət qurduğu Belarus da MDB məsələsində hansısa fəallıq göstərmədi. Artıq demək olar ki, MDB adlı təşkilat yoxdur. Sadəcə olaraq, qeyri-formal klub kimi qalıb”. Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, MDB-dən çıxmaq bu gün Azərbaycan üçün aktual deyil: “Rusiya ilə münasibətləri gərginləşdirmək Azərbaycanın maraqlarına ziddir. MDB faktiki ölü bir qurumdur. MDB adında bir Rusiya var. MDB çərçivəsində münasibətlərin gərginləşdirilməsi Rusiya ilə konfrantasiyaya getməkdir. Mən isə Azərbaycanın Qarabağ kimi ciddi probleminin həll olunmadığı vaxtda, Qərblə bütün sferalarda əlaqələrin yoluna qoyulmadığı bir zamanda Rusiya ilə münasibətlərin gərginləşməsinin tərəfdarı deyiləm. Gürcüstanda bizdəkindən fərqli bir durumdur. Gürcüstanda referendum keçirilib, xalq NATO-ya qəbul olunmağa səs verib. NATO ilkin mərhələdə Gürcüstanla əməkdaşlıq məsələlərində ciddi qərarlar qəbul edib. Gözlənilir ki, Gürcüstanla Ukrayna dekabrda NATO-nun tam hüquqlu üzvü olacaq. Azərbaycan isə belə bir durumda deyil. Azərbaycan özünü Rusiya ilə münasibətlərdə çətin duruma salmamalıdır. Nəzərə alsaq ki, ölkəmizin iqtisadi dövriyyəsində də Rusiyanın payı çoxdur, Azərbaycandan mühacir edənlərin əksəriyyəti Rusiyadadır, belə bir reallıqda Azərbaycan emosional qərar qəbul etməməlidir”. İ.Ağazadənin sözlərinə görə, Azərbaycan Rusiya-Gürcüstan münasibətlərində mümkün ola bilən hər şeyi deyib: “Biz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik, separatizmi qəti şəkildə rədd edirik. O cümlədən Rusiyanın Gürcüstana müdaxiləsini yolverilməz hesab eləyirik. Yəni bu tipli münasibətdən o yana keçmək Azərbaycanın mənafelərinə ciddi ziyan vura bilər. Rusiya bu gün aqressiv siyasət yeridir. Bu siyasətin sonu olacaq. Amma bu aqressiv siyasətdə bilavasitə Azərbaycanın zərər çəkməyini Azərbaycandan yayındırmaq lazımdır”. Etibar SEYİDAĞA musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar