SON XƏBƏRLƏR

Azərbaycan milli dövlətçiliyi və xaricdəki təşkilatlarımız

2021.10.20, 07:36
Azərbaycan milli dövlətçiliyi və xaricdəki təşkilatlarımız

Gunaz.tv
Azərbaycan milli dövlətçiliyi və xaricdəki təşkilatlarımız DAK milli və dövləti maraqları müdafiə etməlidir Azərbaycan müstəqilliyini əldə edəndən onun beynəlxalq aləmdə yeri və statusu məsələsi çox aktuallıq kəsb edir. Azərbaycan haqqında düşmənin əsrlərdir Qərbdə yaratdığı yanlış obrazı tam dağıtmaq önəmli dövləti vəzifələrdən biri hesab olunur. Bu istiqamətdə diaspora və Dünya Azərbaycanlıları Konqresi (DAK) xətti ilə görülə bilən işlər çox vacibdir. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər iki istiqamətdə fəaliyyətin sistemləşdirilməsi və konkret məqsədə uyğunlaşdırılması işi aparılmaqdadır. Ancaq burada bir sıra obyektiv və rəqiblərin meydana çıxardığı subyektiv çətinliklər vardır. Həmin çətinliklərin mahiyyətinə nəzər salanda onların hansı məqsədlə yaradıldığını da anlayırıq. Yəni rəqibin əsas məqsədi xaricdə fəaliyyət göstərən azərbaycanlılara aid təşkilatları dövlətdən kənar salmaq. Yalançı sərbəstlik adı altında həmin təşkilatlarımızı oyuncaq işlərlə məşğul olan süni qurumlara çevirmək. Eyni zamanda, vaxtı gələndə onlardan Azərbaycan dövlətinin özünün əksinə istifadə etmək. Bunlara görə, zaman-zaman diaspora təşkilatları və DAK daxilində intriqalar salınır, parçalanmalar ortaya atılır, məqsəd məsələsində fikir ayrılığını formalaşdırmağa çalışırlar. Ancaq Azərbaycan dövlətinin gərgin fəaliyyəti nəticəsində bu sahədə dəyişikliklər hiss olunur. Burada Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rolunu ayrıca vurğulamaq lazımdır. Məsələ ondan ibarətdir ki, müasir dünya düzəninin vazkeçilməz bir özəlliyi vardır. İndiki dünyamız milli dövlətlərin sistemidir. Yəni 19-cu əsrdə dünya bu dərəcədə milli dövlətlərin qarşılıqlı əlaqələrindən yaranan sistem halında deyildi. 19-cu əsr və 20-ci əsrin ikinci yarısına qədərki dövrdə imperiyaların qarşılıqlı münasibətləri aparıcı idi. Ondan sonrakı mərhələdə isə millətlərin dövlətləri tarixin səhnəsində aparıcı yeri tutdu. Millətlərin dövlətləri suverenliyi, tarixi ənənəyi, mənəvi-əxlaqi və mədəni özgürlüyü önə çıxardı. Bu faktorlar avtomatik olaraq bir sıra sosial-psixoloji, mədəni və geosiyasi incəlikləri daha aktual etdi. O cümlədən, müstəqil dövlətlərini yeni qurmuş millətlərin kimliyini, hansı mədəni-tarixi özəlliyə sahib olmalarını və dövlət olaraq hansı maraqları müdafiə etdiklərini dünyanın aparıcı kəsiminə çatdırmaq sistemini qurmaq lazım gəldi. Bu da özlüyündə çoxparametrli mürəkkəb təbliğat, təşviqat, diplomatik, elmi, siyasi və s. fəaliyyətlər göstərməyi tələb edir. O vəzifələrin öhdəsindən gəlmək üçün isə millətlərin dünyanın müxtəlif guşələrində təmsilçi qurumlarının olması lazım gəlir. Yəni yerlərdə konkret milli dövlətin maraqlarını mədəni səviyyədə müdafiə edən, təbliğatını aparan strukturlar lazımdır. Bu istiqamətdə bəzi millətlər daha qabağa getdilər. Məsələn, ABŞ-ın dünyanın hər yerində yüzlərlə bu sayaq açıq və ya gizli qurumları var. Onlar iqtisadi, siyasi, kültür və s.təşkilatlar adı altında amerikanların maraqlarını təbliğ edirlər. Ermənilər də diaspora və başqa mədəni qurumlar adı altında fəaliyyətlərini xeyli genişləndirə bildilər. Onlar Avropa və ABŞ-da həmin qurumlar vasitəsi ilə erməni xalqının maraqlarını siyasi çevrələrə çatdıra bildilər, indi də onlardan siyasi dividentlər götürməyə başlayıblar. Bütün bunların fonunda Azərbaycanı təmsil edən qurumların xaricdəki fəaliyyətlərinin əsas istiqamətləri bizcə, tam aydın görünməkdədir. Azərbaycanlılar tərəddüd etmədən öz milli dövlətlərinin maraqlarını xaricdə təbliğ etməli, müdafiəsinə qalxmalıdırlar. Ona görə də diaspora təşkilatları və DAK birmənalı olaraq Azərbaycan dövlətçiliyinə xidmət etməlidir. Başqa variantlarda müasir dünyanın tələblərinə uyğun gəlməyən və strateji maraqarımıza zərbə vuran situasiya ilə üzləşərik. Buna isə Azərbaycan dövləti imkan verməməlidir. O baxımdan indi DAK-da cərəyan eən proseslər düşündürücüdür. Bir vaxtlar Azərbaycan dövlətinin bayrağını iclas zalına gətirmək istəməyən azərbaycanlıların bu təşkilatda olması son dərəcə üzücü haldır. Bunun heç bir məntiqi, tarixi və mənəvi izahı ola bilməz. DAK-ı bu məqsədlə qurmaq istəyənlərin əsas niyyəti azərbaycanlıları parçalamaq, onları Azərbaycan dövlətindən kənar salmaq və milləti bütövləşməyə qoymamaq olub. Şükürlər, indi DAK bu ziddiyyətdən çıxmaqdadır. Ona görə də hər bir azərbaycanlı orada dövlətinin və millətinin maraqlarını müdafiə edən insanların yanında durmalıdır. Bu mübarizədə əsl azərbaycanlının başqa yerdə yeri yoxdur! Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar