SON XƏBƏRLƏR

Azərbaycan polisinin tarixinə nəzər.E. Şahmar

2021.10.20, 07:36
Azərbaycan polisinin tarixinə nəzər.E. Şahmar

Gunaz.tv
Azərbaycan polisinin tarixinə nəzər elburus250608.jpg "Ədəbiyyat yerli-dibli olmasaydı dünya zərrəcə dəyişməzdi, amma polis olmasaydı, dünya tamam başqa cür olardı". Qabriel Markes E. Şahmar Mən, keçən əsrin 30-cu illərində Laçın, Kəlbəcər və Zəngilanda milis rəisi işləmiş atam Şahmarın halal duz-çörəyi ilə böyüyüb, ərsəyə çatıb, ali hüquqi təhsil almışam və onun yolunu davam etdirmək üçün 1968-ci ildə Daxili İşlər orqanlarında əmək fəaliyyətinə başlamışam. Sıravi milis nəfərliyindən polis polkovnikliyinə qədər xidməti yol keçmişəm. 32 ildən artıq ictimai asayişin keşiyində durub, saç-saqqal ağartmış və 2000-ci ilin martında təqaüdə çıxmışam. İstər işlədiyim müddətdə, istərsə də sonra, Azərbaycan polisinin keçdiyi ağrı-acılı, çətin, həm də şərəfli, tarixi yol haqqında kitablar yazıb, onun tarixinə işıq salmağa çalışmışam. Azərbaycan polisinin 90 illik yubileyi ərəfəsində də bu barədə söz deməyi özümə borc və şərəf bilirəm. Söhbətimizin mövzusu ilə bağlı, keçmişə qısa bir ekskurs edib, tarixə nəzər salaq: 1828-ci ildə, Azərbaycanın Rus imperiyası tərəfindən tamamilə işğalından 12 il sonra, 1840-cı il, aprelin 10-da "Zaqafqaziyada inzibati və məhkəmə islahatlarının keçirilməsi haqqında" çarın fərmanı verilmişdir. Bununla da hərbi komendant üsul-idarəsi ləğv olunmuş, quberniya, qəza və sahə ərazi-inzibati bölgüləri yaradılmışdır. Elə həmin tarixdə də "Zaqafqaziya diyarının idarə olunması üçün ali təsdiqnamə" və "Şəhər polisləri haqqında əsasnamə" qəbul olunmuşdur. Bu əsasnamələrə müvafiq olaraq Azərbaycanın böyük şəhərlərində yaradılan polis idarələri ildən-ilə öz fəaliyyət dairələrini genişləndirmiş və 1917-ci ilə qədər rus imperiyasının qanunlarını rəhbər tutaraq fəaliyyət göstərmişdir. 1918-ci il aprelin 25-də, Bakıda, maskalanmış qatı düşmən, daşnak Stepan Şaumyanın rəhbərliyi ilə Xalq Komissarları Soveti yaradılır, Bakı Xalq Daxıli işlər komissarlığı təsis edilir. Onun ilk komissarı isə Alyoşa Caparidze təyin edilir. Bildiyimiz kimi XKS-nin ömrü az olur. 1918-ci il, mayın 27-də Tiflis şəhərində M.Ə. Rəsulzadənin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası yaradılır. 28 mayda isə "İstiqlal Bəyannaməsi" elan olunur və AXC yaradılmaqla Fətəli xan Xoyskinin başçılığı ilə hökumət təşkil edilir. Və o eyni zamanda Cümhuriyyətin ilk daxili işlər nazirliyi kimi fəaliyyət göstərir. AXC-nin hakimiyyət illərində Fətəli xan Xoyskidən sonra Behbud xan Cavanşir, İsmayıl xan Ziyadxanov, Nəsib bəy Yusifbəyli, Məmədhəsən Hacınski və Mustafa bəy Vəkilov ayrı-ayrı vaxtlarda daxili işlər naziri kimi fəaliyyət göstəriblər. 1918-ci il, iyunun 24-də AXC Milli hökuməti "Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçular haqqında" özünün 178 saylı qərarını verir. Həmin qərara uyğun olaraq iyulun 2-də Gəncədə ilk polis orqanları təsis edilir, onların kadr və məvacib məsələlərinə baxılır. 1920-ci il aprelin son günlərində Azərbaycan XI Ordu tərəfindən işğal olunur, AXC süqut edir və bolşeviklər hakimiyyətə gəlir. Bakıda sovet hakimiyyəti yaradılır və Həmid Sultanov Azərbaycan SSR-nin ilk Xalq Daxili işlər komissarı təyin edilir. Daxili işlər orqanlarına sonralar müxtəlif vaxtlarda aşağıda adları çəkilən şəxslər rəhbərlik edir: Barşov, Mir Teymur Yaqubov, Səlim Atakişiyev, Yemelyanov (milliyyətcə tatardır), Buliqo, Əli Kərimov, Xəlil Məmmədov, Məhəmməd Əlizadə, Arif Heydərov, Cəfər Vəliyev, Aydın Məmmədov, Məmməd Əsədov, Tahir Əliyev, İskəndər Həmidov və Vaqif Novruzov. 1994-cü il aprelin 29-dan bu günə qədər daxili işlər naziri kimi general- polkovnik Ramil Usubov fəaliyyət göstərir. Onu da qeyd edim ki, 1920-40-cı illərdə milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olmuş, 1937-39-cu illərdə isə, onun şəxsi heyətindən 320 nəfərə qədəri repressiyaya uğramışdır. 1941-45-ci illər müharibəsində 800 nəfərə yaxın milis əməkdaşı iştirak etmiş, onlardan bir çoxu cəbhədə həlak olmuşdur. 1946-cı ilin martında Xalq Daxili işlər komissarlığı Azərbaycanın Daxili İşlər Nazirliyi, 16 il sonra - 22 fevral 1962-ci ildə isə Asayişi Mühafizə Nazirliyi adlandırılır. 1960-cı illərin sonlarında isə əvvəlki - Daxili İşlər Nazirliyi adı yenidən bərpa olunur. Son illər vətənimizin torpaqlarına göz dikmiş erməni faşistlərinə qarşı savaşda Azərbaycan polisi bir əsgər kimi əldə silah təcavüzkarlara qarşı vuruşub. Bu vuruşlarda 500-dən çox polis əməkdaşı şəhid olub, 5 minə yaxın əməkdaş yaralanıb, onlardan neçəsi əlil olub. Daxili işlər orqanlarının fəaliyyəti, quruluşundan asılı olmayaraq həmişə partiya, dövlət və hökumət rəhbərlərinin diqqətində olub. İstər 1969-cu ilin avqustunda Heydər Əliyevin rəhbərliyi ilə keçirilən plenumda, istərsə də 1982-ci ilin oktyabr plenumunda daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, işdə olan nöqsanlar göstərilməklə, yeni tələblər qoyulmuş, tövsiyələr verilmişdir. Adı çəkilən sonuncu plenumda Heydər Əliyev çıxışının bir yerində deyir: "Cinayətkarlığa qarşı səmərəli mübarizədə hüquq-mühafizə orqanları kadrlarının seçilməsinin və yerləşdirilməsinin son dərəcə böyük əhəmiyyəti vardır. Bu orqanlar sınanmış və etibarlı işçilərlə, yüksək mənəvi-siyasi və professional keyfiyyətlərə malik işçilərlə möhkəmləndirilməlidir". 1991-ci il oktyabrın 18-də Azərbaycan SSR-nin Ali Soveti "Azərbaycan Respublikasının müstəqilliyi haqqında" konstitusiya aktını qəbul edir. 1992-ci ilin mayında dövlət çevrilişi olur. Ölkə prezidentinin səlahiyyətlərini həyata keçirən İsa Qəmbərovun imzası ilə 1992-ci il, iyunun 5-də Azərbaycan Respublikası Daxili işlər orqanlarının strukturunun təkmilləşdirilməsi və Daxili işlər orqanlarının tərkibində olan milisin polis adlandırılması haqqında fərman verilir. Həmin tarixdə, başqa bir fərmanla 6 iyun Azərbaycan polisi günü kimi rəsmiləşdirilir. 1993-cü ildə Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının prezidenti seçiləndən sonra daxili işlər orqanlarının həyatında da ciddi dəyişikliklər edilmiş, polisdə təmizlənmə işləri aparılmış, onun işində dönüş yaradılmışdır. 1998-ci il, mayın 24-də AR Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan polisinin təsis edilməsi haqqında verilən fərmanla 1918-ci ildə AXC Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan polisi günü elan olunmuşdur. Bununla da, bu yöndə 6 il əvvəl verilmiş fərman öz qanuni qüvvəsini itirmiş olur. Elə həmin gün, Azərbaycan polis orqanlarının yaranmasının 80 illik yubileyi Bakıda təntənəli şəkildə qeyd edilir və respublika prezidenti Heydər Əliyev yığıncaqda əsas ana xətti "Vətənimizə, xalqımıza, müstəqil dövlətimizə daima sədaqətlə xidmət etməli" olan tövsiyələrlə çıxış edib. Prezidentin həmin tövsiyələri bu günə kimi Daxili İşlər orqanlarında rəhbər tutulmaqdadır. Ümumiyyətlə götürəndə, Azərbaycan polisinin şərəfli işini düzgün təhlil edib, düzgün qiymət verib onun işini düzgün təhlil edən, ona mayak kimi yol göstərən və qiymətli məsləhətlər verən, məhz mərhum prezidentimiz Heydər Əliyev olmuşdur. Bu yöndə Heydər Əliyevin dedikləri çağdaş zəmanəmizdə belə Azərbaycan polisinin gündəlik fəaliyyətində rəhbər tutulur. Heydər Əliyevi dəfələrlə Daxili İşlər Nazirliyində olmuş, öz tövsiyələri ilə polisi daha yaxşı işləməyə ruhlandırmışdır. Hər görüşü polis əməkdaşları üçün həyat məktəbi olan Ulu öndərin - "Dövlət iki şeydə sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə" müdrik kəlamı tarixlərin sınağında təsdiqlənmiş bir atalar sözü, zərb-məsəl kimi yaddaşlara yazılmışdır. Müdrik prezidentimizin "Hər bir müstəqil dövlət üçün, o cümlədən, Azərbaycan dövləti üçün bu sütunlardan biri Daxil İşlər Nazirliyi, polis orqanlarıdı... Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir". "Polis orqanları işçilərinin hər biri yüksək mənəviyyat nümunəsi olmalıdır", "Polis orqanı gərək xalq tərəfindən hörmət edilən bir orqan olsun, polis işçisi gərək xalq tərəfindən, ictimaiyyət tərəfindən sevilsin və ona hörmət edilsin" kəlamları da bu qəbildəndir. Böyük əminliklə deyə bilərəm ki, 1993-cü ildən sonra polisdə baş vermiş mənəvi dəyişiklik, nikbinlik və təmizlik, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan polisinin fədakar əməyini nəzərə alıb, onun əməkdaşlarından neçəsini "Azərbaycanın milli qəhrəmanı" adına layiq görüb, yüksək rütbə təqdim edib. "Azərbaycan bayrağı" ordeni və "İgidliyə görə" medalı ilə təltif edilib. Polis işçilərinin əmək haqqları müntəzəm olaraq artırılır. Heydər Əliyevlə başlanan həmin yol, bu gün də möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Ulu öndərimizin daxili işlər naziri Ramil Usubov barədə dediyi bu sözlər, eyni zamanda onun Azərbaycan polisinə olan inamının ifadəsidi: "Ramil Usubova tam inanıram, prezident kimi ona etimad göstərirəm və bir daha hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz". Polisin fəaliyyəti bir daha dəyərləndirilmiş və ona yeni tövsiyələr verilmişdi: Heydər Əliyevin 1996-cı il iyunun 28-də prezident aparatında keçirilən müşavirədə etdiyi çıxışında "Prezident kimi Daxili işlər nazirliyinin şəxsi heyyətinə tam inanıram, etibar edirəm, güvənirəm. Hesab edirəm ki, Daxili işlər nazirliyində çalışan əməkdaşların tam əksəriyyəti xalqına, torpağına, vətəninə, müstəqil Azərbaycan dövlətinə sadiq adamlar, peşəkar, təcrübəli işçilərdir. Onların hamısı nazirliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə çalışmalıdır. Mən Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına müraciət edərək onları qrupbazlıqdan, siyasi oyunlardan əl çəkməyə, öz işlərini ancaq və ancaq dövlətin mövqeyinə, onun prinsiplərinə əsasən qurmağa çağırıram. Daxili işlər nazirliyi orqanlarında həyata keçirilməsi üçün öz tərəfimdən tədbirlər görəcəyəm ". İstefada olsam da, bir gün də özümü sıralarından kənarda hiss etmədiyim polis işinin, bütün qəlbimlə sevdiyim, şüurlu həyatımın ən dəyərli illərini həsr etdiyim sevimli peşəmin - İctimai asayişi qorumaq işinin bugünkü davamçılarına, bütün həmkarlarıma qarşıda qoyulan tapşırıqların, irəli sürülən vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıram. Və bir də demək istərdim ki, bütünlüklə bizi qoruyan böyük bir siyasət var. O, Heydər Əliyev siyasətidir. O siyasət dünən də bizi qoruyub, bu gün də qoruyur, sabah da qoruyacaq! Elbrus Şahmar, yazıçı-publisist, tənqaüddə olan polis polkovniki 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar