SON XƏBƏRLƏR

Azərbaycan Silahlı Qüvvələri - 90 yaşlı böyük güc.E. HƏSƏNLİ

2021.10.20, 07:36
Azərbaycan Silahlı Qüvvələri - 90 yaşlı böyük güc.E. HƏSƏNLİ

Gunaz.tv
Azərbaycan Silahlı Qüvvələri - 90 yaşlı böyük güc E. HƏSƏNLİ emin010508.jpg Qədim və mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin təbii sərvətlərə, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə vətənimiz daima güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb. Bununla belə xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib. Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi sərkərdə və dövlət xadimləri Azərbaycanın qəhrəmanlıq tarixinin bütöv bir salnaməsini yaradıblar. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirib, onu həyatımızın ən vacib, ən ümdə məqsədinə çevirib. Onların yaratdığı dəyərli ənənələr yüzilliklər boyu, o cümlədən ötən əsr ərzində uğurla davam etdirilib. 1918-ci ildə Çar Rusiyasının süqutundan sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti yarandı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalaşdırıldı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. Məhz həmin tarixi hadisə ilə əlaqədar olaraq, iyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr günü kimi, əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edilir. İndi ordumuzun 90 yaşını qeyd edə bildiyimiz üçün də biz məhz o unudulmaz hadisəni tarixə yazanlara minnətdarıq. Bu önəmli məqamı nəzərə alan ümummilli lider Heydər Əliyev 1998-ci ildə 26 İyunun Azərbaycan Silahlı Qüvvələri günü kimi qeyd olunması barədə qərar qəbul etdi. Beləliklə, bu dəyərli bayramımızın rəsmən qeyd edilməsinin indi düz 10 illiyi tamam olur. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. Təəssüf ki, Azərbaycanın bolşevik rus ordusu tərəfindən işğalından sonra müstəqilliyimizin ən mühüm atributu olan milli ordu hissələri ləğv edildi. Azərbaycan keçmiş İttifaqın tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə Moskva tərəfindən daim süni maneə yaradılırdı ki, bu da məqsədli xarakter daşıyırdı. Lakin bütün bu maneələr Azərbaycan xalqının hərbi ənənələrini, döyüş ruhunu sarsıtmadı. 1941-1945-ci il Böyük Vətən müharibəsinin gedişi, nəticələri bu həqiqəti bir daha təsdiqlədi. Azərbaycan xalqı öz zəngin hərbi-tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət, əzmkarlıq göstərdi. Həmin dövrdə Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. Təəssüf ki, müharibədən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına Moskva yenə də qısqanc münasibət bəsləyirdi. Yalnız ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələlərini daim önə çəkildi. Heydər Əliyev 1971-cü ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin yaradılmasına nail oldu. Həmin dövrdə Azərbaycan təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Lakin onların böyük əksəriyyəti inşaat batalyonlarına düşürdü. Hərbi hissələrdə azərbaycanlı zabitləri barmaqla saymaq olardı. Odur ki, Bakıda belə bir hərbi məktəbin açılması barədə qərar vermək üçün həqiqətən böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi. Azərbaycanda milli kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı mərkəz biganə yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Moskvadan Bakıya təşrif buyurmuş komissiya Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını "əsaslandırmağa" çalışırdı. Lakin Heydər Əliyev özünün rəhbər qətiyyəti ilə bu cəhdlərin qarşısını bacarıqla aldı. Beləliklə, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına və bu məktəbin ən yüksək səviyyədə təşkilinə nail oldu. Həqiqətən də bu hərbi məktəb müstəqilliyimizi əldə etdikdən sonra milli ordu quruculuğunun əsas dayağına çevrildi. Son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Ümummilli lider Heydər Əliyevin dəyərli ənənələrini hərbi sahədə də uğurla davam etdirən prezident İlham Əliyev orduya böyük diqqət və qayğı göstərir. Bu qayğının nəticəsində son 5 ildə ordumuzun maddi-texniki bazası xeyli möhkəmlənib, əsgər və zabitlərin peşəkarlığı artırılıb. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Təsadüfi deyil ki, müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də özünün yüksək inkişaf mərhələsini yaşayır. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. NATO ilə sıx əməkdaşlığın əsas missiya və məqsədi də məhz milli ordu quruculuğu prosesini təkmilləşdirmək, modernləşdirmək və Qərb standartlarına uyğunlaşdırmaqdır. Bu prosesi uğurla həyata keçirən siyasi və hərbi rəhbərlik Azərbaycanı qısa bir zamanda regionun ən nüfuzlu dövlətinə və sivil dünya üçün ən etibarlı tərəfdaşlardan birinə çevirə bilib. İndi Azərbaycan Sülhməramlılarının xoş sorağı beynəlxalq miqyasda yayılır və hər birimizdə qürur hissi doğurur. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Azərbaycan ordusunun qüdrətinin müntəzəm şəkildə artması işğalçı Ermənistanı və ölkəmizə ikili standartlarla yanaşan xarici dairələri ciddi narahat etməkdədir. Düşmən tərəf bununla əlaqədar aşkar təlaş hissi keçirir. Ancaq onların təşviş hissi tezliklə daha da artacaq. Azərbaycan ordusunun artıq yüksək səviyyədə hazırlıq işləri tamamlanan və iyunun 26-da - möhtəşəm bayram günündə uğurla gerçəkləşəcək hərbi paradı xalqımızı və onun dostlarını sevindirdiyi kimi, düşmənləri dərindən məyus edəcək, onları qorxuya salacaq. Məhz bu səbəbdən indi bütün Azərbaycan xalqı - dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımız qüdrətli ordu hissələrimizin, bütün qoşun növlərinin əzəmətli hərbi paradını səbirsizliklə gözləyir. Hər bir vətənpərvər azərbaycanlı kimi, mən də əminəm ki, ordumuzun 90 illiyilə bağlı tədbirlər, xüsusən də möhtəşəm hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin - 90 yaşlı böyük qüdrətin növbəti zəfərlərinin təkan mənbəyi, başlanğıc nöqtəsi olacaq. Emin HƏSƏNLİ Ordunun Dostları Mətbuat Klubunun sədri 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar