SON XƏBƏRLƏR

Azərbaycan və Türkiyə eyni cəbhədə vuruşur.MÜSAHİBƏ

2021.10.20, 07:36
Azərbaycan və Türkiyə eyni cəbhədə vuruşur.MÜSAHİBƏ

Gunaz.tv
Azərbaycan və Türkiyə eyni cəbhədə vuruşur Ölkələrimiz arasındakı münasibətlər yüksələn xəttlə inkişaf edir Azərbaycan və Türkiyə arasındakı münasibətlərin inkişafı yalnız bir sahəni əhatə etmir. Müxtəlif istiqamətlərdə inkişaf gedir və artıq müzakirə obyektinə çevrilən mövzular əməli fəaliyyətdə də özünü göstərməyə başlayıb. Mövzunu müsahibim millət vəkili Nizami Cəfərovla davam etdirdik. ("OLAYLAR"İA) -Nizami müəllim, bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətləri necə analiz etmək olarğ Əməkdaşlıq hansı səviyyədə inkişaf edib? -Azərbaycanla Türkiyə arasındakı münasibətlər həmişə yüksələn xəttlə inkişaf edib. Bu yüksəlişin də əsas hərəkətverici qüvvəsi bu xalqların təxminən eyni dildə danışması, eyni mədəniyyətin daşıyıcısı, eyni etnoqrafik mədəni mühitin hadisəsi olması və tarixi talelərinin sıx bağlı olması ilə bağlıdır. Xüsusilə, təhsil və mədəniyyət sahəsindəki əlaqələr daha aydın inkişaf yolu keçir. Bu ona görə belədir ki, Azərbaycan və Türkiyə on illər boyu bir-birinin həsrətində olub. Hamıda belə bir fikir var ki, bu xalqların tarixən bir-birindən ayrı salınması beynəlxalq cinayətdir. 80-ci illərin sonu, 90-cı illərin əvvəlindən başlayaraq qarşılıqlı canlanmalar inqilabi hadisə kimi ortaya çıxdı. Bu prosesdə ticarət əlaqələrindən başlamış təhsil əlaqələrinə qədər bir genişlənmə və yüksəlmə yaşanmağa başladı. İlk illərdə bu bir az xaotik şəkildə getsə də, bunun da bir əhəmiyyəti oldu. Amma sonra artıq Azərbaycanla Türkiyə arasındakı əlaqələrdə Heydər Əliyev və Süleyman Dəmirəl dövrü başlandı. Bu əlaqələr isə mənafe güdməyən qarşılıqlı əlaqələr idi. Təbii ki, bu proses də uzun çəkə bilməzdi. Qardaşlıq köməyi ola-ola həm də qarşılıqlı mənafelər ortaya çıxdı. Türkiyədən Azərbaycana çoxlu sayda iş adamları gəldi. Həmçinin də Azərbaycandan Türkiyəyə həm təhsil almağa, həm də işləməyə çoxlu gənclər getdi. Beləcə əlaqələr də həddən artıq sıxlaşdı. Ünsiyyət imkanlarını genişləndirdi və imkan verdi ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələr müxtəlif sahələrdə inkişaf etsin. Qarşılıqlı bir çox tədbirlərin keçirilməsinə nail olduq. Hər iki ölkədə Azərbaycanla Türkiyə arasındakı əlaqələrə mane ola biləcək heç bir qüvvə yoxdur. Türkiyə Türküstan respublikaları ilə əlaqələrini Azərbaycan vasitəsilə qurur. Bu mənada Azərbaycan Türk dünyasında-Türküstanla kiçik Asiya yarımadası arasında böyük bir körpüdür. Bundan sonra biz beynəlxalq səviyyədə əməkdaşlıq etməyə başladıq. Bu artıq iki dövlət arasındakı münasibətlərin ən ali səviyyəsidir. Həm Türkiyənin, həm də Azərbaycanın dünya dövlətlərinə münasibətində hər iki mənafeyi gözlənilir. Bu baxımdan ilk illər daha çox Türkiyə Azərbaycana kömək edirdi ki, Azərbaycanın beynəlxaq nüfuzu yüksəlsin. Ölkədə harmoniya nizam-intizam yüksəlişinə qədər bütün proseslərdə yardım göstərilib. Amma 2000-ci illərdən başlayaraq beynəlxalq aləmdə Azərbaycanın da Türkiyəyə kifayət qədər köməyi oldu. Təsadüfi deyil ki, Türk dövlət və toplumlarının Xl qurultayı Azərbaycanda keçirildi. Bundan sonra Azərbaycan və Türkiyə diasporlarının birinci qurultayı Azərbaycanda keçirildi. -Yaxın günlərdə bu istiqamətdə daha hansı əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırırılır və hazırda qurulan münasibətlərin səviyyəsi ilə kifayətlənmək olarmı? -Qarşımızdakı günlərdə türk dünyasının bir sıra tədbirlərinin Azərbaycanda keçirilməsi gözlənilir. Azərbaycanda Türk dövlətləri parlament rəhbərlərinin toplantısı olacaq. Türk dövlət başçılarının zirvə toplantısı-sammit olacaq. Bu mənada biz Azərbaycan Türkiyə münasibətlərinin inkişaf səviyyəsindən heç zaman razı olmuruq. Bu inkişaf səviyyəsini gündən-günə yüksəltməyə meyl edirik. Həm ticarət, həm gediş-gəliş məsələsi, mədəni siyasi və ideoloji inteqrasiya proses daha sürətlə getməlidir və əslində də gedir. Son illərdə Türkiyə-Azərbaycan münasibətlərində ən çox diqqəti cəlb edən məsələlər hər iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlıq üsullarının genişlənməsidir. Bu proses daimidir. Yüksəliş gündəlik getdiyindən bəzən burada mərhələ də ayırmaq olmur. - Qarşılıqlı əməkdaşlıq prosesində Azərbaycanın Türkiyəyə yardım göstərməsi prosesi özünü hansı səviyyədə göstərir? -Bu proseslərin içərisində Azərbaycanın Türkiyənin müxtəlif problemlərində ona yardım etməsi görünür. Bunların içərisində xüsusilə, Türkiyəyə qarşı erməni soyqırımı iddialarına Azərbaycandan kəskin cavab verilməsini qeyd etmək olar. Bu çox mühüm məsələdir. Çünki belə iddialar Türkiyəni beynəlxalq aləmdə nüfuzdan salmaq, daxili problemlər yaratmaq, bütövlüyünə zərbə vurmaq kimi fəsadlara gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, erməni iddialarının təzyiqi altında olan daha çox Azərbaycandır. Ermənilər beynəlxalq aləmdə Azərbaycana qarşı soyuq müharibə aparır. Bu mənada biz ümumi bir cəbhədə vuruşuruq. İkinci mühüm məsələ də Türkiyədə terrorizm məsələsidir ki, Azərbaycan terrorizmə qarşı mübarizədə hər zaman Türkiyəni dəstəkləyib. PKK ayaqlanmasına qarşı Azərbaycanın dövlət siyasəti belədir ki, onlar Türkiyənin vətəndaşlarıdır və hər şeyi ancaq seçki ilə istəməlidirlər. Silahla irəli sürülən iddiarlara qarşı da silahla cavab vermək lazımdır. Digər bir məsələ isə Şimali Kiprlə bağlıdır ki, bu məsələdə heç bir türk dövlətləri ilə müqayisə olunmayacaq qədər kəskin şəkildə Azərbaycan Şimali Kipri dəstəklədi. Bütün maneələrə baxmayaraq ilk dəfə oraya təyyarə göndərdi. Bu kifayət qədər ciddi bir məsələdir. Kofi Annan planına uyğun olaraq, Azərbaycan Kiprin birliyi ilə əlaqədar səsvermədə kəskin şəkildə Kiprin türk icmasını dəstəklədi. Beynəlxalq prinsiplərə uyğun hərəkət etdiklərini dedi. Eləcə də, Azərbaycan Türkiyənin Avropa Birliyinə üzv olmaq yolundakı cəhdlərini dəstəkləyir. Bu gün Türkiyədə Ədalət və İnkişaf Partiyası iqtidarı ilə əlaqədar olaraq gedən mübahisələrə də təbii ki, Türkiyənin daxili işi kimi baxır və ölkənin demokratikləşməsi və inkişafı, müasir türk dünyasının öncül dövlət kimi öz mövqeyini saxlaması uğrunda mübarizə aparır. Azərbaycan üçün Türkiyənin tərəqqisi, müasir dünyanın tərkib hissəsi kimi mövcud olması Azərbaycan üçün çox vacibdir. Müəyyən məsələlərdə Türkiyə Azərbaycana o mənada dəstək verir ki, Azərbaycan türk dünyasının önünə çıxır. Bayaq qeyd etdiyim önəmli tədbirlərin həyata keçirilməsi Türkiyənin dəstəyi ilə həyata keçirilən və Türkiyənin Azərbaycana böyük önəm verməsindən irəli gələn bir məsələdir. Türkiyə Azərbaycanda prezident və parlament seçkilərini hər zaman dəstəkləyib. Bu proseslərlə əlaqədar beynəlxalq aləmdən gələn və mənafelərə xidmət edən iddiaların qarşısını alıb. -İki ölkə arasındakı münasibətlərin yeni mərhələləri barədə nə demək olar? -Azərbaycanda artıq Türkiyə iş adamlarının yeni nəsli fəaliyyət göstərməyə başlayır. Bir vaxtlar Azərbaycanda daha çox məişət sahəsində iş adamları var idisə və onlar çox az kapitalla Azərbaycanda çalışırdılarsa, indi artıq böyük kapitalın qoyulması prosesi başlanıb. Eyni zamanda Azərbaycan iş adamları Türkiyəyə də sərmayə qoyur. Azərbaycanın imkanları elədir ki, böyük sərmayə üçün münbit mühitdir. Həm də Azərbaycanın sərmayə qoyacağı ən münasib yer Türkiyədir. Bu yaxınlarda Türkiyə Baş nazirinin hökumət nümayəndələri ilə Naxçıvana gəlməsi, Naxçıvandakı vəziyyətlə bağlı xoş sözlər deməsi, eyni zamanda son lahiyələrlə bağlı söylənən fikirlər, inamlı bir şəkildə lahiyələrin üzərində dayanmaları, Naxçıvanın blokadadan çıxarılması üçün yeni lahiyələrin əhəmiyyətinin vurğulanması çox önəmlidir. Bugünkü dünya elədir ki, iqtisadiyyat məsələləri siyasətlə, siyasət mədəniyyətlə bağlıdır və bunların hamısı bir-birinə münasibətdə mövcuddur. Eyni zamanda, Baş nazirin belə böyük bir rəsmi heyətlə Naxçıvana gəlməsi bütün dünyaya, xüsusilə regiona bir mesajdır. Bu görülən işlərin həm də siyasi-ideoloji əhəmiyyətini də ön plana çıxarmaq deməkdir. Bundan sonra da bir sıra məsələlər üzərində danışmaq olar. Müxtəlif nazirliklərin, icra orqanlarının səviyyəsində görülən işlərdən var. Ortaq dərsliklərin yaradılması, ortaq dünyagörüşünün meydana çıxması, türk dövlətlərinin parlament assambleyasının, ortaq türk televiziyasının yaradılması uğrunda gedən ciddi işlər hamısı hər iki ölkə münasibətləri üçün çox böyük işlərdir. Eyni zamanda, görülən işlər türk dünyasının birliyi üçün möhkəm təməllərdir. Türk dünyasının birliyi istər-istəməz Azərbaycan Türkiyə münasibətlərinin səviyyəsindən asılıdır. Yəni bu əlaqələr o qədər perspektivli olmalıdır ki, digər münasibətlər də bundan qidalansın. -Digər türk dövlətləri ilə Türkiyə arasında olan əlaqələr barədə bu söylənənləri təsdiq etmək olarmı? -Bu əlaqələr də inkişaf edir. Təbii ki, müxtəlif problemlər var. Ortaq ünsiyyət problemindən başlamış, bir sıra siyasi problemlərə qədər məsələlər mövcuddur. Təbii ki, Türkiyə ilə digər türk dövlətləri arasında olan əlaqəlar Azərbaycanla olan əlaqələr qədər sıx deyil. Düşünürəm ki, burada 90-cı illərdə buraxılan səhvlər də böyük rol oynayır. Eyni zamanda Orta Asiya türk cümhuriyyətləri qazandıqları müstəqilliyin romantikası altındadırılar. Onlar bəzən belə düşünürlər ki, Türkiyə ilə əlaqələri sıxlaşdırmaq yenə də böyük qardaş təsiri altına düşmək ola bilər. Təbii ki, böyük qardaş o biriləri üçün hər zaman nümunədir. Amma təzyiq, təsir vasitəsi deyil. Müstəqlliyi vulqarcasına qəbul etməklə yanaşı, eyni zamanda Türküstan cümhuriyyətlərinin ölkələrinin daxilində də problemlər var. Deyək ki, Türkmənistanda türkmənbaşının yeritdiyi siyasətin qarşılıqlı əlaqələrin inkişafına təsiri oldu. Əsgər Akayevin yürütdüyü siyasət türk dünyasının birliyi baxımından qüsurlu idi, Özbəkistan müxalifətinin lideri Türkiyədə qaldığına görə Özbəkistan Türkiyəyə incikliyini bildirdi. Hətta müəyyən müddətdə Türkiyədə təhsil alan tələbələri geri çağırdılar. Qazaxıstan əhalisinin böyük bir qismi rus olduğu üçün bu əlaqələri sıxlaşdıra bilmir. Bu problemlər müəyyən qədər də Türkistan respublikalarının liderlərinin problemidir. Azərbaycanda belə problemlər yoxdur, amma Azərbaycan bu ölkələr arasında əlaqələrin inkşafı üçün hər zaman çalışır və çalışacaq. Aygün

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar