SON XƏBƏRLƏR

AZƏRBAYCANDA SABİTLİYİ POZMAQ İSTƏYƏN ABŞ YOX, RUSİYADIR

2021.10.20, 07:36
AZƏRBAYCANDA SABİTLİYİ POZMAQ İSTƏYƏN ABŞ YOX, RUSİYADIR

Gunaz.tv
“AZƏRBAYCANDA SABİTLİYİ POZMAQ İSTƏYƏN ABŞ YOX, RUSİYADIR” Vəfa Quluzadə: “Narıncı inqilab” haqda deyilənlər təxribatdır” İlham İsmayıl: “Amerikanın Qafqazda möhkəmlənməsi Rusiyanı narahat edir” Amerika və Rusiyanın Cənubi Qafqaz uğrunda gizli və açıq müstəvilərdə apardığı mübarizə davam edir. Rusiya artıq itirmək üzrə olduğu Gürcüstan və Azərbaycanla yanaşı, öz forpostuna çevirdiyi Ermənistanda da Qərbəmeylli qüvvələrin təşəkkül tapdığını gördükcə narahatçılıq keçirir. Bir çox ekspertlər Moskvadan eşidilən bəzi sensassion açıqlamaların arxasında Rusiyanın bu narahatçılıqlarının dayandığını güman edirlər. Dünənki sayımızda Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə analitik informasiya mərkəzinin direktoru Aleksey Vlasovun “RBC Daily” agentliyinə açıqlaması barədə məlumat verilib. O, İlham Əliyevin artıq Qərbi, daha çox ABŞ-ı qane etmədiyini bildirərkən Vaşinqtonun Azərbaycanda qarışıqlıq salmaq niyyətində olduğunu iddia edib. Onun “İranla böyük müharibə ərəfəsində ABŞ-a Azərbaycanda sabitlik yox, qarışıqlıq lazımdır” deməsi bir çoxlarında təəccüb doğurur. İstanbulda yerləşən “Foreign Policy İnstitute” adlı mərkəzdən Oqtay Aksoy isə agentliyə şərhində “artıq Azərbaycanda sabitlik Amerikaya lazım deyil, əksinə, qeyri-sabitlik lazımdır” söyləyib. Əlavə edib ki, ABŞ İ.Əliyev üçün istənilən vaxt “narıncı inqilab” ssenarisi hazırlaya bilər. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə deyilənləri cəfəngiyyat adlandırdı: “Birincisi, Amerika İrana qarşı müharibəyə başlamayacaq. Amerika SSRİ ilə nə cür davranıbsa, İranla da o cür davranmaq fikrindədir. Çünki İranla müharibə böyük fəsadlara gətirə bilər və ABŞ-ın Yaxın Şərqdəki bütün maraqları dağıdıla bilər. Ona görə də Amerika İranla müharibəyə hazırlaşmır. Bu mənada hesab edirəm ki, rus politoloqu səhv edir. İkincisi, əgər həqiqətən ABŞ İranla müharibəyə hazırlaşsaydı, o zaman ona Azərbaycanda stabilliyin olması daha çox lazım olardı. Amerikanın Azərbaycanda çoxlu maraqları var. Bu maddi maraqları qorumaq üçün Amerikaya stabillik lazımdır. Qeyri-sabitlik Rusiyaya lazımdır. Çünki o halda Rusiya bura qoşun yeridə bilər. Məsələn, guya Qarabağ münaqişəsinin daha da alovlanmaması üçün özünün ”sülhməramlı" qoşunlarını Azərbaycana yeridər. Yəni Rusiya hər cür varianta əl ata bilər". Politoloq hesab edir ki, Azərbaycan şimaldan gələn təhlükəyə hazır olmalıdır: “Amerika Azərbaycanda stabilliyin, neft kəmərlərinin, başqa kommunikasiyaların salamatlığının tərəfdarıdır. Rusiya ağrımayan başı ağrıtmaq istəyir”. V.Quluzadə İ.Əliyev üçün “narıncı inqilab” təhlükəsinin olması barədə deyilənləri də təxribat adlandırdı: “Bunun hamısı Azərbaycan-Amerika əlaqələrini korlamaq üçün böyük bir təxribatdır. Birincisi, Azərbaycanda ”narıncı inqilab" mümkün deyil. İkincisi də ki, Amerika belə bir inqilabı təşkil edə bilməz. Ona görə ki, iqtidar bütün situasiyaya güclü nəzarət edir". Sabiq milli təhlükəsizlik xidməti zabiti İlham İsmayıl isə rus və türk ekspertin dediklərində bir qərəz gördüyünü vurğuladı: “ABŞ-İran münasibətlərinin ən kəskin vaxtında belə, Amerikaya Azərbaycanda qeyri-sabitliyin olması lazım deyil. Bu mənada iddialarda məntiq görünmür. Rusiya ekspertlərinin əksəriyyəti ölkənin xüsusi xidmət orqanları ilə bağlı olan adamlardır. Bu mənada Amerika ilə Azərbaycan arasındakı münasibətlərin kəskinləşdirmək istəyə bilərlər. Yəni bu, Azərbaycan-Amerika münasibətlərini gərginləşdirməyə yönəlmiş bir addım ola bilər”. İ.İsmayıl “narıncı inqilab” ifadəsinin ruslar üçün çox xoşagəlməz məsələ olduğunu da vurğuladı: “Ukraynada, Gürcüstanda bu hadisəni görüblər. Ona görə də heç cür istəmirlər ki, belə bir hal Azərbaycanda da baş versin. Ona görə də bunlar Azərbaycan hakimiyyətinin də allergiyasının olduğu narıncı inqilab məsələsini hallandırırlar. Mən heç cür inanmıram ki, Amerika İranla olan münasibətlərinə görə, Azərbaycanda inqilab eləsin”. Ekspertə görə, Rusiya Bakı və Vaşinqton arasındakı münasibətlərdən narahatdır: “Rusiya münasibətləri daha da kəskinləşdirmək istəyir. Artıq Amerikanın Qafqazda addım-addım yerləşməsi prosesi gedir. Hətta Rusiyanın forpostu olan Ermənistan da NATO ilə əməkdaşlıq istiqamətində müqavilə imzalayıb. Rusiya bu proseslərin qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək istəyir. Hətta qeyri-hökumət təşkilatlarının yardımından yararlanır. Əsasən siyasətlə əlaqəli QHT-lər xüsusi xidmət orqanları ilə bağlıdır. Bu istiqamətdə informasiyalar əsasən Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməyə, Azərbaycan-Amerika münasibətlərini daha çox rusiyameylli etməyə və iqtidarın hakimiyyətdə qalmasının qarantının Rusiya olduğunun sübutuna yönəlib”. Elşad PAŞASOY musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar