SON XƏBƏRLƏR

Azərbaycanın beynəlxalq layihələri.Bakıdan Təbriz və Kərkükə yollar görünür

2021.10.20, 07:36
Azərbaycanın beynəlxalq layihələri.Bakıdan Təbriz və Kərkükə yollar görünür

Gunaz.tv
Azərbaycanın beynəlxalq layihələri Bakıdan Təbriz və Kərkükə yollar görünür Azərbaycan beynəlxalq layihələrini bir-birinin ardınca həyata keçirir. Bakı-Ceyhan və Bakı-Ərzrumdan sonra sıra Bakı-Qars dəmiryolu layihəsinin reallaşmasına gəlib. Bu dəmiryolu marşrutunun Türkiyədən keçən 76 kilometrlik yolunun çəkilişinə başlanılıb. Bununla da Bakı-Tbilisi-Qars dəmiryolu marşrutunun tikintisinə rəsmən start verilib. Bu hadisənin müxtəlif mənalarda önəmi vardır. Onu sıradan bir hadisə saymaq olmaz. Bakı-Qars dəmiryolu marşrutunun memarları da daha çox həmin mənaları nəzərdə tutaraq onun həyata keçməsində iradə göstərdilər. Məlumdur ki, Ermənistan öz havadarları vasitəsi ilə bu layihənin həyata keçməməsi üçün çox çalışdı. Okeanın o tayına səfər edən Ermənistan siyasi rəhbərliyi müxtəlif bəhanələri ortaya qoydu. Ancaq Türkiyə və Azərbaycan rəhbərliklərinin qətiyyəti nəticəsində bu məsələ həll olundu. Ən kritik anlarda Azərbaycan və Türkiyə layihənin yerinə yetirilməsinə təminat verdilər. Bu türk dövlətləri Gürcüstanın maliyyə problemini həll etməyi də öz öhdələrinə götürdülər. Nəticədə dünya üçün çox sərfəli olan bir proqramın reallaşması məsələsi gündəmə gəldi. Bakı-Qars faktiki olaraq Avropa ilə Uzaq Şərqi bir-birinə birləşdirir. Çindən və ya Koreyadan qatara oturan insan Avropada düşə biləcək. Yük daşımalarında da sərfəli qiymətə uzaq məsafələrə mal aparmaq mümkün olacaq. Bundan dünyanın bir-birindən ən uzaq dövləti belə istifadə edə biləcək. Ancaq bir incəliyi heç kəsin unutmaması lazımdır. Bakı-Qars dəmiryolu marşrutunun memarları türk dövlətləridir. Türklər bununla bölgənin demokratikləşməsi, sosial-siyasi cəhətdən inkişaf etməsi və inteqrasiyasının əsas stimulvericisi olurlar. Onlar neft, qaz və nəqliyyat sahəsində aparıcı ölkələr kimi proseslərin mərkəzində dururlar. Bu da bölgədə türk dövlətçiliyinin əsl missiyasını ifadə edir. Yəni Azərbaycan və Türkiyənin timsalında türklər dünyanın qloballaşması, iqtisadi, mədəni və sosial əlaqələrin inkişafı üçün çalışırlarsa, başqaları onları bu keyfiyyətdə qiymətləndirməlidirlər. Faktiki olaraq bu iki türk dövləti indi Qafqazdan tutmuş Avropaya qədər 10-larla dövlətin enerji təhlükəsizliyi və sosial-iqtisadi inkişaf modellərinin təminatçısıdırlar. Onlar geri çəkilsələr, böyük bir geosiyasi məkanda sistemlər çökər. Bunu anlamalı, qiymətləndirməli və ona qarşı çıxanların cavabları verilməlidir. Türkiyə və Azərbaycan bu işləri görərkən özlərini hansı təhlükələrə atdıqlarını çox gözəl bilirlər. Lakin bütün təhdidlərə sinə gərib, onlara qarşı öz müdafiə sistemlərini quran türk dövlətləri dünyanın inkişafı naminə əlindən gələni etməkdədir. Buna rəğmən Azərbaycanın işğal olunmuş torpaqlarını özünə qaytarmaq üçün dünya heç nə etmir. Şübhəsiz ki, Azərbaycan öz dostları ilə bunun da öhdəsindən gələcək və ondan sonra böyük bir geosiyasi məkanın əsas söz sahibi olacaq. Bu yolda onun atdığı addımların sədaları indidən gəlir. Bakı-Qarsın da buna birbaşa aidiyyatı var. Məsələ belədir ki, Bakı-Qars Azərbaycan üçün tarixi qovuşmaq marşrutudur. Bu marşrut Qarsdan Naxçıvana uzanmalıdır. Bir qolu Avropaya, digəri isə Naxçıvana gedəcək. Hər iki istiqamətdə yol boyunca türklər yaşayırlar. Bakıdan qatara oturan aəzrabycanlı Gürcüstanda, Qarsda, Naxçıvanda soydaşımızı görəcək. Kim bilir, bəlkə də yaxın perspektivdə həmin "qatar" bizi Təbrizə və Kərkükə qədər aparacaqğ! O biri qolu isə Anadoludan keçib Balkanlardakı türklərə salamlarımızı çatdıracaqğ! Bununla da azərbaycanlılar bütövləşəcək, birləşəcək, böyük bir mənəvi-mədəni keyfiyyətə malik millət kimi dünyaya öz varlığını bir daha duyduracaq. Bu marşrut üzrə səfər edən hər bir əcnəbi hər yerdə azəri türklərini görəndə bizim kim olduğumuzu daha yaxşı anlayacaq. Dünyaya qazanc gətirən dövlətin həm də millət olaraq böyüklüyünü görənlər bu gün yeritdikləri ikili standartlı siyasətə görə utanmayacaqlarmığ Özləri bilərlər. Ancaq türklər ona görə əsrlərlə dünyaya meydan oxuyublar ki, Allahı tanıyandırlar, ədalətlidirlər, səbrlidirlər, çalışqandırlar və uzaqgörəndirlər. Azərbaycanın keçmiş prezidenti, böyük siyasətçi Heydər Əliyev siyasi uzaqgörənliyi ilə keçən əsrin 90-cı illərində bu gün baş verənləri görəndə, çoxları heç təsəvvürünə də gətirə bilmirdi. Ona görə də bu gün Bakı-Qars dəmiryolu marşrutunun tikintisinə başlanılması tarixi olaydır, əks-sədası bütün dünyanı tərpədəcək. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar