SON XƏBƏRLƏR

Azərbaycanın siyasi həyatında gənclərin rolu artır.MÜSAHİBƏ

2021.10.20, 07:36
Azərbaycanın siyasi həyatında gənclərin rolu artır.MÜSAHİBƏ

Gunaz.tv
Azərbaycanın siyasi həyatında gənclərin rolu artır Ramil Həsənov: "Seçki prosesinə öz töhfəmizi vermək istəyirik" "YAP Gənclər Birliyinin təbliğat kampaniyasında yaxından iştirak edə biləcək geniş kontingenti var" Bu ilin oktyabrında ölkədə keçiriləcək prezident seçkilərində gənclər də xüsusi fəallıq göstərəcək və hakim Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi İlham Əliyevin təbliğat kampaniyasında yaxından iştirak edəcəklər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Ramil Həsənov artıq bununla bağlı gənclərin aktiv bir komandasının formalaşdığını və seçki prosesində gənclərin hakim partiyaya hərtərəfli dəstək verəcəklərini söyləyib. Ramil Həsənov gəncləri narahat edən problemlər və həmin problemləri aradan qaldırmaq məqsədilə hökumətin həyata keçirdiyi tədbirlərdən də danışıb. YAP Gənclər Birliyinin sədri gənclərin daha çox mənzil problemindən əziyyət çəkdiyini qeyd edib. -Ramil müəllim, ölkədəki ictimai-siyasi proseslərdə gənclərin rolunu necə qiymətləndirirsiniz? -Azərbaycanın ictimai-siyasi həyatında, ölkədə həyata keçirilən istənilən tədbirlərdə gənclərin rolu getdikcə artmaqdadır. 2007-ci ildə "Gənclər İli" çərçivəsində Azərbaycanda gənclərin rolunun bir daha artırılması və gənclərin önə çıxması üçün cənab prezident ciddi addımlar atdı. Dövlət başçısının atmış olduğu addımlar və gənclərə verdiyi dəstək nəticəsində gənclərdə bir qədər də hərəkətlənmə müşahidə edildi. Bu il seçki ili olduğu üçün gənclər də bu prosesdə aktiv iştirak edəcək. -Yeni Azərbaycan Partiyası Gənclər Birliyi prezident seçkiləri ərəfəsində partiyanın namizədini dəstəkləmək məqsədilə hansı tədbirlər keçirməyi nəzərdə tutubğ -Bizim bununla bağlı planlarımız var və həmin planları mərhələ-mərhələ həyata keçirmək istəyirik. Seçki prosesi çox diqqətlə işlənməsi vacib olan bir mərhələdir. Seçkilər barədə geniş informasiya və məlumata malik olmayan gənclərlə heç bir iş görmək mümkün deyil. Ona görə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi artıq iki ildir ki, 2008-ci ilin prezident seçkilərini əldə rəhbər tutaraq gənclərimizin seçkilərə hazırlıq prosesi ilə bağlı təlim kurslarından keçməsi üçün şərait yaradır. Birləşmiş Ştatların Beynəlxalq Respublikaçılar və Milli Demokratiya İnstitutunun vasitəsilə paytaxt və bütün regionlarda gənclərin siyasi fəallığının artırılması, onların siyasi lider kimi formalaşması, seçki təbliğatından düzgün formada istifadə etməsi məqsədilə treninq kurslar keçirmişik. Təxminən 300-ə yaxın gənc bu kursların iştirakçısı olub. Həmin 300 nəfər də öz növbəsində geriyə döndükdən sonra kəndlərdə və qəsəbələrdə müəyyən təlim kursları keçir və əldə etdikləri təcrübəni onlarla bölüşürlər. Bununla da bir gəncin almış olduğu siyasi təhsili zəncirvari reaksiya vasitəsilə digər bir gəncə ötürmüş oluruq. Nəticə etibarilə seçkiyə qədər savadlı və bacarıqlı gənclər kollektivi yetirmiş oluruq. Paralel olaraq 2007-ci ilin yay mövsümündə start verdiyimiz "yay məktəb"ləri vasitəsilə də bacarıqlı, intelektual potensiala sahib, təbliğat formalarından yaxşı istifadə etmək bacarığı ola bilən gənclərimizi üzə çıxarmağı qarşıya məqsəd qoymuşuq. Eyni zamanda "qış məktəb"ləri də təşkil edirik ki, ümumilikdə 170 nəfərə yaxın gənc yay və qış məktəblərinin məzunu olub. Gənclər Birliyi olaraq həmin 170 nəfər gəncin partiya rəhbərliyi ilə ünsiyyətini yaradaraq onların partiya rəsmiləri səviyyəsində tanınmasına da nail olduq. Konkret olaraq bu kimi tədbirlərlə həm gənclərdə stimul yaratmış olduq, həm də onların nəyə qadir olduqlarını meydana çıxardıq. Bütün bunlar onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin prezident seçkilərində təbliğat və təşviqat kampaniyasında yaxından iştirak edə biləcək geniş bir kontingenti var. bu gənclər imzatoplama kampaniyasında da aktiv iştirak edəcəklər. Avqustun ortalarından isə gənclər partiya rəhbərliyinin müəyyənləşdirdiyi təbliğat qruplarında iştirak edəcəklər. Sadəcə standart metodlarla deyil, müasir formada görüşlər, tədbirlər təşkil etməklə seçki prosesinə öz töhfəmizi vermək istəyirik. Bunlar Birləşmiş Ştatlar və Avropa ölkələrində geniş yayılan formalar olacaq. -YAP Gənclər Birliyi İlham Əliyevin namizədliyini irəli sürəcək hər hansı bir toplantı keçirəcək, yoxsa partiyanın qəbul edəcəyi qərar gənclər üçün keçərli olacaq? -Məlum olduğu kimi Yeni Azərbaycan Partiyası bununla bağlı qurultay keçirməyi nəzərdə tutub və bu qurultayda partiyamızın prezidentliyə namizədi rəsmi şəkildə bəyan ediləcək. Sirr deyil ki, bizim real, alternativsiz namizədimiz Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevdir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi də partiyanın tərkib hissəsi olduğu üçün partiya rəhbərliyinin verəcəyi qərar bizim üçün əsas hesab ediləcək. Ancaq biz də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq YAP Gənclər Birliyinin ümumrespublika müşavirəsini keçirməyi nəzərdə tutmuşuq. Həmin müşavirədə partiya rəhbərliyi tərəfindən seçki ilə bağlı son tapşırıqların verilməsini arzu edirik. Həmçinin toplantıda partiyanın prezidentliyə namizədinin dəstəklənməsi ilə bağlı YAP Gənclər Birliyinin birlik və bərabərlik mesajlarını həmin müşavirə vasitəsilə respublika ictimaiyyətinə çatdıracağıq. Partiya rəhbərliyinin verdiyi tapşırıqlar əsasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin formalaşdırdığı komanda da həmin istiqamətlərdə addımlar atacaq. -Etiraf etmək lazımdır ki, hələ də gənclər bir sıra problemlərlə üzləşirlər və həmin problemlərin həllini arzulayırlar. Sizin keçirdiyiniz görüşlərdə gənclər əsasən hansı problemləri ön plana çəkirlər? -Təbii ki, gəncləri bu gün ən ciddi narahat edən məsələ Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll edilməməsidir. Gənclər bu problemin tezliklə həll edilməsini istəyirlər. Digər tərəfdən dövlət strukturlarının etiraf etdiyi kimi ciddi problemlərdən biri mənzillə bağlıdır. Dövlət başçısı, cənab prezident İlham Əliyev də öz növbəsində bu problemin həllinə çalışır və mərhələ-mərhələ bu problemin aradan qaldırılması istiqamətində işlər görülür. Mənzil problemi gənc ailənin yaranmasına əngəl tbrədən faktorlardan biridir. Belə problemləri kökündən həll etmək çətin olduğu üçün bununla bağlı paket variantı həyata keçirilir. Bunların sırasına sosial ipotekanın faizlərinin aşağı salınması daxildir. Digər tərəfdən Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə gənc ailələrin mənzillə təmin olunması üçün torpaq sahəsi ayrılıb və yəqin ki, yaxın zamanlarda tikinti işləri başlayacaq. Bundan başqa regionlarda bacarıqlı gənclərin mənzillə təmin olunması üçün müəyyən dərəcədə kiçik həcmli aksiyalar keçirilir ki, bu da müəyyən mənada bu problemin aradan qaldırılmasına şərait yaradır. Ancaq bu problemi kökündən həll etmək üçün müəyyən bir zamana ehtiyac var. Çünki Azərbaycanda geniş tərkibdə gənclər ordusu var və həmin gəncləri hökumət qısa bir müddətdə mənzillə təmin edə bilməz. Ancaq ümid edirik ki, Azərbaycan iqtidarının həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu problem də müsbət həllini tapacaq. Azərbaycan parlamenti gənclik yaşını 29-a endirsə də, gənc ailə üçün bu yaş həddini 35-də saxladı. Bununla da gənc ailənin sosial ipotekadan faydalanmaq haqqı qorunmuş oldu. Bunun özü də Azərbaycan gəncliyinə göstərilmiş köməkdir. Həmçinin müəyyən mənada işsizliklə də bağlı müraciətlər daxil olur. Ölkədə çoxlu sayda iş yerləri açılsa da, bəzən gənclər bu imkanlardan istifadə edə bilmirlər. Ancaq bu problem artan xəttə deyil, azalan xətlə gedir. Regionlarda keçirdiyimiz görüşlərdə yerli icra hakimiyyətləri qarşısında təkliflərlə çıxış edirik ki, əyalətlərdə açılan yeni iş yerlərində müəyyən kvotalar ayrılsın və həmin kvotalar əsasında gənclər işə qəbul edilsin. Təbii ki, bu prosesdə bacarıq və səriştə ön planda olmalıdır. Biz heç bir bacarığı olmayan və işləmək istəməyən gəncləri zorla işə cəlb edə bilmərik. -Ötən il Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatlarının birinci forumunun nəticələri ilə bağlı qəbul edilən yekun sənəddə türkdilli ölkələrin gənclərinin birgə toplantısının keçirilməsi məsələsi də əksini tapmışdı. Yaxın vaxtlarda YAP Gənclər Birliyinin təşəbbüsü ilə belə bir toplantı keçirilə bilərmi? -Həmin təklifi hələ 2006-cı ildə Türkiyənin Antalya şəhərində keçirilən qurultay zamanı mən irəli sürmüşdüm. Keçən il Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatlarının birinci forumunun nəticələrinə dair hazırlanan sənəddə də bu maddə olaraq əksini tapdı. Yəqin ki, Gənclər və İdman Nazirliyi belə bir tədbirin keçirilməsini nəzərdə tutub. Proqramda həmin tədbirin bu il və ya gələn il keçirilməsi planlaşdırılıb. Ola bilsin ki, bu il seçki ili olduğu üçün həmin tədbiri keçirmək bir qədər qeyri-mümkün olsun. Hesab edirəm ki, türkdilli ölkələrin gənc liderləri arasında belə bir tədbirin keçirilməsi gənclər arasında mübadilə proqramının artırılmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək. Tarixdə bu cür mübadilə proqramlarına misal göstərmək də mümkündür. Almaniya və Fransa gəncləri arasında 1961-ci ildən Alman-Fransız Gənclər Şurası fəaliyyət göstərir. Bu şuranın əsas məqsədi qloballaşan dünyada gəncləri bir-birinə inteqrasiya ruhunda tərbiyyə edib, onlar arasında əlaqələri daha da inkişaf etdirməkdir. Şura Almaniya və Fransa hökumətləri tərəfindən maliyyələşdirilir, onun rəhbərliyində hər iki ölkədən olan gənclər təmsil edilir. Alman-Fransız Gənclər Şurası gənclər arasında müxtəlif sahələrdə mübadilə proqramları həyata keçirməklə onların bir-birinə yaxınlaşmasına, bir-birilərini daha yaxından tanımasına şərait yaradır. Biz də bu layihəyə uyğun olaraq türkdilli gənclərin forumunu keçirməklə onlar arasında Almaniya və Fransa gəncləri arasında olduğu kimi yaxınlaşma yaradaq, müxtəlif türkdilli ölkələrin gənclərinin bir-birini yaxından tanımasına şərait yaratmaq istəyirik. -Ramil müəllim, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi neçə ölkənin hakim partiyasının gənclər təşkilatları ilə yaxından əməkdaşlıq edir? -Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Rusiyanın hakim "Yedinnaya Rossiya" Partiyası, Türkiyənin Ədalət və İnkişaf Partiyasının gənclər birlikləri, eləcə də Şimali Kipr Türk Respublikasının bütün siyasi partiyalarının gənclər təşkilatları. Qazağıstanın Otan Partiyasının gənclər təşkilatı ilə yaxıendan əməkdaşlıq edirik. Bu sıraya Almaniya, Kanada, İtaliya, Makedoniya, Ukrayna, Bolqarıstan, Hollandiya, Macarıstanı da əlavə etmək olar. Ümumilikdə, YAP Gənclər Birliyinin 15-ə yaxın ölkənin hakim partiyasının gənclər birlikləri ilə sıx əməkdaşlığı mövcuddur. Süleyman olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar