SON XƏBƏRLƏR

Azərbaycanın təhlükəsizliyinin təminində yeni faktorlar

2021.10.20, 07:36
Azərbaycanın təhlükəsizliyinin təminində yeni faktorlar

Gunaz.tv
Azərbaycanın təhlükəsizliyinin təminində yeni faktorlar Dörd yeni faktorun qarşılıqlı əlaqəsi və qüvvələr nisbəti Azərbaycanın təhlükəsizliyi məsələsi yeni çalarlar kəsb etməkdədir. Bölgədə geosiyasi proseslərin fərqli dinamika alması ilə bu məsələ daha da aktuallaşır. Son bir neçə ayda baş verənlərin təhlili göstərir ki, Azərbaycanın dövlət olaraq təhlükəsizliyi bir neçə yeni faktorlara bağlı olmuşdur. Onların sırasında dörd amil var ki, ayrıca qeyd edilməlidir. Hər şeydən öncə, Rusiya-Gürcüstan münasibətlərinin yeni gərginlik səviyyəsinə qalxması diqqət mərkəzinə gəlir. Artıq Gürcüstan səfirini Moskvadan geri çağırıb. Abxaziya və Güney Osetiyaya Rusiya əlavə hərbçilər yerləşdirib. Gürcüstan da həmin bölgələrlə sərhədə qüvvələr yerləşdirib. Amerika rəsmi olaraq bəyan edib ki, Abxaziyaya beynəlxalq polis qüvvələri yeridilməlidir. Rusiyanın qırıcı təyyarələri Güney Osetiya səmasında uçuşlar edib və bunun Gürcüstanın hərbi təcavüzünün qarşısını almaq məqsədi güddüyünü Moskva və Sxinvali bəyan ediblər. Bunlar kifayət qədər təhlükəli proseslərdir. Faktiki olaraq sərhədlərimiz yaxınlığında iki böyük hərbi güc qarşı-qarşıya durub. Həmin gərginlik həm də Azərbaycandan qaynaqlanan enerji marşrutlarının çox yaxınlığındadır. Əgər orada hər hansı hərbi toqquşma yaransa, enerji layihələri üçün də təhlükə yaranacaq. Onda Azərbaycan necə hərəkət etməlidirğ O, özünün enerji kəmərlərini qorumaq üçün hansı addımları ata bilərğ Bu suallar daha da aktuallaşıb. Həm də o səbəbdən ki, ermənilər mütləq fürsətdən istifadə edib, ölkəmizə qarşı terrora əl atacaqlar. Bu da istər-istəməz Azərbaycanı Rusiya-Gürcüstan toqquşmasından qaynaqlanan münaqişəyə cəlb etmək deməkdir. İkinci tendensiya İranın nüvə proqramları ilə bağlıdır. İsrail və ABŞ tərəfdən yeni hədələr aldıqdan və sanksiyalar məsələsi daha da ciddiləşəndən sonra İran yeni raketlərini nümayiş etdirdi. İran 2 min kilometrdəki hədəfləri vura bilən raketləri sınaqdan keçirməklə situasiyaya yeni ton gətirmiş oldu. İndi daha çox ABŞ-İsrail cütünün İrana zərbə endirməyə hazırlaşdığından danışırlar. Çexiyada raketdənmüdafiə sistemlərinin quraşdırılması haqqında razılığın alınmasından sonra rəsmi Vaşinqtonun Gürcüstanda da eyni işi görmək üçün hərəkətə keçdiyi deyilir. Bu da İranın bir neçə istiqamətdən "raket mühasirəsinə" alınması anlamına gəlir. Təbii ki, vəziyyətin bu istiqamətdə dəyişməsi Azərbaycanın təhlükəsizliyinə birbaşa təsiri olan məsələdir. Bu şəraitdə ölkənin təhlükəsizliyini qorumaq üçün yeni tədbirlərin alınması önəm daşıyır. Təhlükəsizliyin bu aspektinə başqa bir faktor da təsir etməyə başlayır. Söhbət Rusiyanın Azərbaycan istiqamətində yeni enerji siyasətinə keçməsindən gedir. Ruslar Azərbaycan qazını almaq üçün çox sərfəli təkliflər edirlər. Rəsmi Bakının bu təkliflərə nə cavab verdiyini bilmirik. Ancaq ABŞ-da bəzi ekspertlər artıq Xəzər hövzəsində gərginliyin yaranma ehtimalının çoxaldığını təxmin edirlər. Onlar Qərbin Azərbaycana tutarlı təklif etməsə, situasiyanın dəyişməsinin real olduğu qənaətindədirlər. Yəni Qərb Azərbaycana ilk olaraq Ermənistanın təcavüzü ilə bağlı ədalətli yardım etməlidir. İşğal olunmuş torpaqların qaytarılması ətrafında Qərbin illərdir apardığı oyunlara son qoyulmalı, ikili standartlardan imtina edilməli və Azərbaycanın haqqı qəbul edilməlidir. Bu olmasa Azərbaycanın Rusiyanın təklifini qəbul etməkdən başqa çarəsi qalmır. Bizim təhlükəsizliyimizlə bağlı yaranmış bu məqamın rolu özəl ola bilər. Yəni Qərb həmin istiqamətdə daha təsirli və ədalətli işlər görə bilər. Bu da əslində Azərbaycan üçün müsbət bir tendensiyanın başlaya bilməsidir. Həmin faktora bölgə üçün əhəmiyyəti az olmayan başqa bir istiqamətdə cərəyan edən hadisələr müsbət təsir edə bilər. Məsələ Türkiyəyə qarşı "əl-Qaidə"nin hərəkətə keçməsinə bağlıdır. Bu terror təşkilatının 1500-ə yaxın türk üzvü var. Onlardan 1100-nü türk polisi həbs edib. 200-ə yaxın "Əl-Qaidə"çinin aksiyalara başladığı xəbəri var. İstanbulda baş verən son terror olayı buna bağlıdır. İkinci tərəfdən Türkiyə daxildəki radikal qüvvələrlə böyük mücadilə aparır. Bu işlərdə Qərbin Türkiyəni tam dəstəklədiyi məlum olub. Türk təhlükəsizlik xidməti peşəkarcasına işləyir. Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri bu baxımdan çox maraqlı oldu. Orada İraqla Türkiyə PPK-ya qarşı birgə mübarizə haqqında strateji saziş imzaladılar və eyni zamanda İraq neftində Türkiyənin iştirakı təmin edildi. Bu, Türkiyənin Qərbin xeyir-duası ilə bölgədə aparıcı rolunun təsdiqlərindən biridir. Ona görə də rəsmi Ankaranın Qafqaza da təsiri artmalıdır. Azərbaycanın təhlükəsizliyi baxımından bunun əhəmiyyəti çox böyükdür. Beləliklə, bölgəmizdə dəyişən situasiyalar yeni təhlükəsizlik faktorlarını ortaya atır. Azərbaycan bu mürəkkəb dinamikadan itkisiz çıxmağın konsepsiyasına malik olmalıdır. Şübhəsiz ki, belə bir mövqe vardır. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar